"Topun mənə atılmasını xoş qarşılamadım" - Aftandil Hacıyev

Premyer Liqanın 4-cü turunda evdə "Sabah"a 2:1 hesabı ilə qalib gələn "Səbail"ın baş məşqçisi Aftandil Hacıyev oyundan sonra mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, 39 yaşlı mütəxəssis öncə oyunu şərh edib:

 

- Bilirdik ki, bu gün xal qazanmaq bizim üçün çox önəmlidi. Mübarizəli oyuna hazır idik. Vacib 3 xal qazandıq. Bu komandaya bir az vaxt lazımdı, gec qoşulanlar, zədədən yenicə qayıdanlar var. Bu gün futbolçularım əzmkarlıq göstərdilər. Həqiqətən, rəqibimiz daha iddialıdı. Hər tur çətin keçir, zəif rəqib yoxdu. "Qarabağ" və "Neftçi" bir az üstündü, qalanları eyni səviyyəli komandalardı. Getdikcə, daha yaxşı olacağıq, heyətin güclənməyinə ehtiyacı var. Yaxşı oyun alındı, 4 turdu ki, meydanda sürətli oyun göstəririk. Rəqibə də uğurlar arzu edirəm.

 

- Hendrik Ekşteynin bu gün start heyətdə meydana çıxması gözlənilməz oldu...
- Ekşteynin gedişatı peşəkarlıq baxımından düzgün deyil. Sadəcə, geri qayıdanda psixoloji problemləri olduğunu dedi. Futbolçu da insandı və onu başa düşməyə çalışdım. Ekşteyni komandaya geri qaytarsaq da, cəzasız qalmayacaq. Çempionatımızın səviyyəsinin aşağı olduğunu deməzdim. Ekşteynin təcrübəsi var və ona güvənərək bu gün start heyətdə meydana çıxdı. Bahadır Həziyev üçün əsas heyətdə başlamaq bir az çətin olardı. Çalışırıq ki, həm təcrübəli, həm də gənclərlə bir komanda yaradıb, mübarizə aparaq.

 

- Rəqib "Sabah" olmasaydı da, Ekşteyn əsas heyətdə olacaqdı?
- Hər zaman öz keçmiş komandana qarşı oynayanda daha istəkli olursan. Amma bunu düşünüb Ekşteyni meydana buraxmamışıq. O, yaxşı futbolçudu və bu gün tapşırıqları yerinə yetirməyə çalışdı.

 

- Əfran İsmayılovun oyunundan razı qaldız?
- Əfran bizə gec qoşuldu. Artıq çəkisi var idi, onu da atmağı bacarıb. Təcrübəsinə görə meydanda 90 dəqiqə yaxşı vəziyyətdə qalır. Onun daha da yaxşı olacağına inanıram. Məqsədimiz yerli futbolçuları Azərbaycan futboluna qazandırmaqdı.

 

- Oyunun sonunda futbolçular arasında qarışıqlığa səbəb nə idi?
- Emosialar yüksək idi, istənilən söz hər iki tərəfə təsir edə bilər. Çoşqun və Elçin arasında qısa mübahisə yarandı, ciddi bir şey baş vermədi. Mən də topun mən tərəfə atılmasını xoş qarşılamadım, amma sonra bilərəkdən etmədiyini bildirdi.

Tarix: 26 Sentyabr 2020 / 21:15
Müəllif: Sportal.az
Whatsapp-la göndər

Xəbər xətti

27 Oktyabr 2020
26  DekabrOktyabr 2017