Fariz Yusifov: "O zənglərə fikir versəydim, gərək hakim olmayaydım" MÜSAHİBƏ

Sonuncu dəfə Fariz Yusifovu iş başında təxminən 9 ay əvvəl görmüşdük. Daha dəqiq, dekabrın 14-də Azərbaycan Kubokunun 1/4 final mərhələsində  “Neftçi" - “Zirə" matçında. Hərçənd, bundan bir neçə ay əvvəl hakimlikdən gedəcəyini bildirmişdi. Amma müəyyən səbəblərdən bir müddət də sevimli peşəsində qalmağı lazım bilmişdi. “Neftçi" - “Zirə" oyunundan sonra bir daha onu yaşıl meydanlarda görmədik. Hakimlikdə özünəməxsusluğu ilə tanınan, 20 il meydanlarda ədaləti təmin etməyə çalışan Fariz səssiz-səmirsiz yoxa çıxdı. Göstərdiyi xidmətlərə görə vida oyunu demirik, sadəcə, təşəkkürmanə-filan da verilmədən yola salındı. Guya, indiyə kimi hansı hakimimiz təmtəraqla təqadüdə göndərilib? Xatırlamıram.

 

Polis işçisi olan Fariz Yusifovla görüşümüzü onun işinin çoxluğu ilə əlaqədar bir neçə dəfə ertələməli olduq. Heç kimdən incimədiyini desə də, hiss olunurdu ki, onda daxilən bir küskünlük var. Danışdıqca hakimlikdən, futboldan ötrü darıxdığı da açıq-aydın sezilirdi...

 

- Fariz Yusifov hazırda nə işlə məşğuldu?

- Məzuniyyətdəydim. Məlumat üçün bildirim ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında əyani təhsil üzrə kurs rəhbəriyəm. Tələbələrim yay tətilinə çıxmışdılar. Bundan istifadə edərək mən də yeni dərs ili ərəfəsində bir qədər dincəldim.

 

- Hakimlikdən gedişin səssiz-səmirsiz oldu. Mətbuatda işlərinin çoxluğu ilə əlaqədar bu qərarı verdiyin yazıldı. Amma kimdənsə incidiyin barədə də fikirlər səslənirdi.

- Kimdən inciməliydim ki? Yaşımın çox olmasına rəğmən, oyunlara təyinat alırdım. Kubokun keçən ilki finalı mənə tapşırılmışdı. Həmin oyuna təyinatım açıqlanandan sonra hakimlikdən gedəcəyimlə bağlı qərarımı qətiləşdirmişdim. Hətta Naxçıvandakı finaldan sonra bir daha yaşıl meydanlara qayıtmayacağım barədə mətbuata açıqlama da vermişdim.. 

 

- Amma qayıtdın.

- Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədovla söhbətim oldu. Fiziki durumumu, təcrübəmi əsas gətirərək hələ bir müddət də hakimlik etmək gücündə olduğumu söylədi. Xaqani müəllim qısa müddətə olsa da, məni fikrimdən daşındıra bildi. Bir il də hakimlik etməyə razılaşdım. Ötən mövsüm bir neçə oyuna təyinat aldım. Hakimlikdən gedişimin səbəbi Polis Akademiyasındakı işlərimin çoxluğu ilə əlaqədar idi. Gələcək zabitlərin yetişməsində böyük məsuliyyət daşıyıram. Bu üzdən akademiyadakı işimin axsamaması üçün və məsuliyyəti dərk edərək məlum qərarı verdim. 2 işi eyni vaxtda keyfiyyətlə görmək mənimçün çətin idi. İşimlə əlaqədar hakimlərin iclaslarına gedə bilmirdim. Hətta hakimlərin qış toplanışında iştirak etmədim. Yaxud, oyunlara təyinat alanda akademiyadakı işlərimdə problem yarana bilərdi. Xaqani müəllimlə, PFL prezidenti Ramin Musayevlə məsləhətləşdikdən sonra son qərarımı verdim. Sağ olsunlar, hər ikisi qərarıma hörmətlə yanaşdı.

 

 

- Nə əcəb Fariz Yusifovu bir qədər təmtəraqlı, belə deyək, vida oyunu, xatirə hədiyyəsi ilə yola salmadılar? Bayaq dediyim incikliyin olması ehtimalı məhz buradan qaynaqlanırdı.

- Futbolumuzda belə bir ənənə yoxdur. Görün, məndən əvvəl neçə hakim karyerasını bitirib. Onların heç biri vida oyunu ilə yola salınmayıb. Düzü, bunu gözləmirdim də. Müstəqillik qazanandan sonra geridə qalan illərdə belə bir ənənə olmayıbsa, hansısa hakim adicə bir təşəkkürnamə ilə yola salınmayıbsa, mənim nəsə gözləməyimə lüzum yox idi. Əsas odur ki, heç kimdən incik ayrılmadım. Hakimlikdən gedəndən sonra bir neçə dəfə AFFA-da olmuşam, rəhbər şəxslərlə görüşmüşəm. Münasibətlər əvvəl necə var idisə, indi də elə qalır. 


Ailənin “10 nömrə"si


Fariz hakimlikdən gedişindən danışdı. Hakimliyə gəlişindən isə mən nəql edim. Hərçənd, bir neçə dəfə müxtəlif KİV-ə verdiyi müsahibələrində bu haqda danışıb. Bir dəfə də mən yada salsam, dünya dağılmaz. Ancaq onun haqqında bir qədər ətraflı məlumat verdikdən sonra.

 

Fariz Nadir oğlu Yusifov 1972-ci il yanvarın 28-də İmişli rayonunda anadan olub. Atası Nadir Yusifov 37 il milis orqanlarında çalışıb. Anası Nazlı xanım evdar qadın idi. Ailədə 6 qardaş, 4 bacı olublar. Qardaşlardan ikisi haqq dünyasındadır. Fariz ailənin sonbeşiyidir. Başqa sözlə, “10 nömrə"si. Amma sevimli rəqəmi 4-dü. Məktəbə 1 il tez, 6 yaşında gedib. 1977-ci ildə İmişli rayonundakı 2 saylı məktəblə “tanış olan" Fariz 1986-cı ildə “10 illiy"i başa vurub. Sənədlərini Gəncə Kənd Təsərrüfatı İnstitutuna versə də, fizikadan kəsilib. 1990-cı ildə əsgərliyə yollanıb, Ukraynada hərbi xidmət keçib. Orada da topa nəzarət edib. Yəni, topçu olub.  1992-ci ildə Ukraynadan qayıtdıqdan sonra bir müddət Buzovnadakı 230 saylı orta məktəbdə hərbi təlim müəllimi işləyib. Uşaq vaxtı rayonlarında Füzuli Musayev və Fazil Seyfəliyevin rəhbərliyi altında top qovan Farizin yenidən, bu dəfə peşəkar futbola qayıdışının səbəbkarı məhz həmin məktəb olub. Söz düşmüşkən, boy-buxunlu olması, yaşını verməməsi ona uşaq vaxtı həmişə problem yaradıb. İştirak etdiyi “Sevinc Kuboku"nda dəfələrlə “lipa" olması iddia edilib. 

 

Farizin böyük futbola gəlişindən danışırdıq. 234 saylı məktəbdə idman müəllimi işləyən, eyni zamanda “Bakı fəhləsi"ndə məşqçi olan Teymur Əsgərov bu işdə ona əməlli-başlı kömək edib. Bir dəfə məktəbin həyətində buzovnalı futbolçuların futbol oynadığın görən Yusifov onlara qoşulub. Meydanda Vadim Vasilyev, Azər İsayev kimi tanınmış futbolçular var idi. Farizin oyunu Teymur müəllimin xoşuna gəlib, onu Mərdəkanda yeni yaradılan və baş məşqçisi olduğu “Polis Akademiyası"na dəvət edib. Bu hadisə 1995-ci ildə baş verib. İlk məşqdən komandaya götürülüb. Əvvəlcə Həvəskarlar Liqasında birinci, daha sonra 1-ci dəstədə ikinci olan komanda 1996/97-ci illər mövsümündə elitaya yüksəlib. Maraq üçün deyək ki, Yusifov yuxarı eşalonda 27 oyunda komandanın şərəfini qoruyub, 1 qol vurub. “Polis Akademiyası" isə 16 komanda arasında 14-cü yeri tutub. Növbəti mövsüm komanda “Dinamo" adı altında çıxış edib. Fariz “Dinamo"nun heyətində cəmi 4 oyunda meydana çıxıb və 25 yaşında karyerasına son qoyub. Səbəb zədə-filan deyildi. Sadəcə, 1997-ci ildə sənədlərini DİN-nin Polis Akademiyasına vermiş futbolçu akademiyanın əyani şöbəsinə daxil olub. Bundan sonra dilemma qarşısında qalıb. Ya təhsilini davam etdirməli idi, ya da futbolla məşğul olmalıydı. Fariz birinci yolu seçib. Atasının, əmilərinin hüquq-mühafizə orqanlarında çalışması, bir yandan da qardaşlarının ailənin sonbeşiyindən atalarının yolunu davam etdirmək tələbləri Farizin seçiminə təsirsiz ötüşməyib və... 
Bayaq onun hakimliyə gəlişindən danışacağımızı bildirmişdim. Futbolla vidalaşdıqdan sonra bütün diqqətini təhsilinə yönəldən Fariz hakimliyə sırf təsadüf nəticəsində gəlib. 1998-ci ilin yayı idi. Günlərin birində dərsdən qayıdan Fariz yaxın keçmişimizin tanınmış hakimlərindən olan Tahir Süleymanovla qarşılaşıb. Farizlə Tahir Mərdəkanda bir məhəllədə yaşayırdılar, qonşu idilər. Süleymanov Farizdən futboldan gedişinin səbəblərini soruşub və xarakterinə görə ondan yaxşı hakim çıxacağını söyləyib. Özünün dediyi kimi, ürəyi futbolda qalan Fariz üçün bu təklif göydəndüşmə olub. Bir qədər sonra Tahir müəllim Farizə zəng edərək ertəsi gün MOİK-in stadionuna getməsini istəyib. MOİK-lə U-21 yığmamız yoxlama oyunu keçirəcəkdilər. Fariz isə qarşılaşmanı idarə edəcəkdi. 1998-ci il avqustun 16-da Fariz Yusifov hakim kimi ilk dəfə meydana çıxıb. 0:0 hesabı ilə başa çatan oyundan sonra Hakimlər Komitəsinin o vaxtkı rəhbəri Əli Hüseynov, U-21 yığmamızın baş məşqçisi Vaqif Sadıqov, Tahir Süleymanov və digərləri Farizi əla idarəçiliyinə görə təbrik ediblər. Ən böyük toxtaxlıq isə dostu Nazimdən gəlib. Onun “sən əməlli-başlı hakimsən ki" sözləri Farizdə özünəinam hissini xeyli artırıb.
Bu hadisədən sonra o, Tahir Süleymanovun məsləhəti ilə “Termist"də (indiki “ASK Arena" - İ.T.) hakimlərin toplanışına qatılmağa başlayıb. Toplanışda kimlər yox idi? Azərbaycanın ən məşur hakimləri - Asim Xudiyev, Xaqani Məmmədov, Tahir Süleymanov, Rövşən Əhmədov, İmamxan Sultani... Az sonra Əli Hüseynov Farizə təklif edib ki, hakimlik etməsi ilə bağlı ərizə yazsın. 1998/99-ci illər mövsümündə Azərbaycan Kubokunda ilk dəfə hakimlik edən Yusifov həmin mövsüm Premyer Liqada cəmi 5 oyunda fit çalıb. Daha sonra “yoxa çaxın" həmsöhbətim bir daha 2003/04-cü illər mövsümündə iş başına qayıdıb.


“İmkanım olsaydı, penaltini  ləğv etdirərdim"


- 4 il hakimlikdən kənarda qalmağının səbəbi nə idi?

- Müəyyən səbəblər var idi. Təfərrüatına varmaq istəmirəm. Düzü, hakimlikdən tam uzaqlaşmamışdım. Qeyri-rəsmi oyunlarda hakimlik edirdim. Hər halda 2003/04-cü illər mövsümündə rəsmi fəaliyyətimi bərpa etdim. 

 

 

- Elə o vaxtdan da “ağır oyun"ların hakimi kimi tanınmağa başladın.

- Hə, sanki alnıma yazılmışdı. İlk ağır oyunum bilirsiniz hansı olub? “Neftçi" - “Şəmkir". 2004/05-ci illər mövsümü idi. Hər iki komanda çempionluğa oynayırdı. Oyuna kimin hakim təyin olunması ilə bağlı gərgin müzakirə gedirdi. Komandaların istəmədikləri hakimlər var idi. İclasın belə bir çətin məqamında Əli Hüseynov “budey, cavan oğlan hakim olmaq istəyir. Tapşıraq, getsin “oyunu çıxartsın", deyərək, məni göstərdi. Mənim üçün sürpriz oldu. Gənc hakim kimi birdən-birə belə etimad qazanacağıma inanmırdım. Beləcə, “ağır oyunlar silsiləsi"ndən ilk oyunuma çıxdım. Həmin matç 1:0 hesabı ilə “Neftçi"nin xeyrinə başa çatdı. Qolu son dəqiqələrdə Mahmud Qurbanov vurmuşdu. Deyim ki, oyunu yaxşı idarə etmişdim. Buna baxmayaraq, oyundan sonra uduzan komandanın azarkeşləri tərəfindən xeyli zəng oldu. O zənglərə fikir versəydim, gərək hakim olmayaydım. Məhz “Neftçi" - “Şəmkir" matçından sonra artıq mənə çətin oyunları etibar etməyə başladılar.

 

- “Ağır oyunlar"dan ən ağırı... Yadındadır?

- Belə oyunlar çox olub. Ən ağırı 2012/13-cü illər mövsümündə Azərbaycan Kubokunun yarımfinalındakı “Qarabağ" - “Neftçi" qarşılaşması. İlk oyunda “Neftçi" 2:1 hesabı ilə qalib gəlmişdi və “Qarabağ" hakimlikdən narazı qalmışdı. Hətta ağdamlılar əcnəbi hakimin gətirilməsini tələb edirdilər. Elə oldu ki, cavab qarşılaşması mənə tapşırıldı. Oyun 2:2 hesabı ilə başa çatdı. 

 

- Finala çıxa bilməyən “Qarabağ" sizdən razı qaldı?

- Hansısa irad olmadı. Həmin oyunda yaxşı hakimlik etmişdim. Qarşılaşmanın videoyazısını saxlayram. Dəfələrlə baxmışam. Nəsə bir səhvlə rastlaşmamışam. Ümumiyyətlə, həmişə idarə etdiyim oyunların videoyazılarını izləmişəm. 100-dən çox oyunun yazısını saxlayıram. Tez-tez onlara baxmaqla çatışmazlıqlarımı görməyə çalışırdım ki, onları bir daha təkrar etməyim. Və daha nə etmək olar ki, ağır oyunlardan alnıaçıq çıxım. Məhz bunun nəticəsi idi ki, ötən il “Qəbələ" - “Qarabağ" oyununda dəqiq qol qərarı verməklə böyük qalmaqalın qarşısını almış olduq. 

 

- Yəqin ki, 2017/18-ci illər mövsümündə 19-cu turun “Qəbələ" - “Qarabağ" matçını nəzərdə tutursan.

- Bəli. Hər iki komanda çempionluğa oynayırdı. “Qəbələ" qalib gəlsəydi, çempionluq şansını saxlayacaqdı. Bu oyun, həmin epizod haqqında çox danışılıb. Mən qolun “təmiz" vurulduğunu görüb onu qeydə aldım. Amma Azər bayrağını qaldırmışdı. Oyundankənar vəziyyət? Tez Azərdən niyə belə qərar verdiyini soruşdum. O, qolu vuran futbolçuya topun kimdən gəldiyini soruşdu. Rəqibdən gəldiyini deyib qərarımı qüvvədə saxladım. Azərlə vaxtında dialoqumuz düzgün qərar verməyimizə səbəb oldu. 

 

- Doğru qərarlardan danışdın. Bəs, səhv qərarlar?

- Səhvsiz insan olmur. Əlbəttə kobud səhvlərimiz də olub. Nə mənada? Məsələn, Sumqayıtda “Gənclərbirliyi" hansısa komandanı qəbul edirdi. Matçın sonunda oyunçuya sarı vərəqə verdikdən sonra matçı davam etdirmək istəyəndə 4-cü hakim bildirdi ki, bu, həmin futbolçunun ikinci “sarı"sıdı, meydandan qovulmalıdı. Diqqətsizlik etmişdim. Dərhal həmin futbolçuya qırmızı vərəqə göstərib meydandan uzaqlaşdırdım. Əgər bunu etməsəydim, böyük biabırçılıq olacaqdı. Yəni, oyun təkrar keçirilməli idi. Başqa hadisələr də olub. Məsələn, hansısa epizodda bir qərar vermişəm, amma komitədə matçın videoyazısını izləyəndə qərarın səhv olduğunu görmüşük. Adamın özünə təəccüblü gəlir ki, gözünün önündə olan epizodda kobudluğu necə qeydə almamısan, qaydanı pozan futbolçuya “qırmızı"nın əvəzinə “sarı" vermisəm. Epizoda çox yaxın olmaq da yaxşı hal deyil. Hakimlikdə belə bir deyim var. 

 

 

- Fariz Yusifov çoxmu qəddar hakim olub?

- Hakim lazım olanda mülayim də olmalıdı, sərt də, qəddar da. Hər şey oyunun gedişatından və yaranmış epizodlardan asılıdı. Deməzdim ki, qəddar olmuşam.

 

- İmkanın olsaydı, hansı futbol qaydasını ləğv edərdin?

- Yeni-yeni tətbiq olunan VAR sistemini. Hakimlərin nüfuzuna xələl gətirən sistemdi. Futbolçunun dəqiqəbaşı hakimə yaxınlaşıb qərara yenidən baxmasını tələb etməsi... Hakimlərin adına yaraşdırmıram. 

 

- Təckə bu?

- Bir də imkanım olsaydı, penaltini ləğv etdirərdim. Daha doğrusu, penalti nöqtəsini. Yəni, cərimə meydançası daxilində qayda harada pozulubsa, oyunun həmin nöqtədən davam etdirilməsinin tərəfdarıyam.  Penalti çox komandaların “evini yıxıb", çox hakimlərin cəzalanmasına səbəb olub. Düzünü deyəcəm, ən çox penalti epizodlarına görə cəzalanmışam.  


“Əcnəbilər gözümdə yerlilərdən həmişə bir pillə aşağıda dayanıblar"


- Xaqani Məmmədovla münasibətiniz necə olub?

- Heç vaxt soyuq münasibətimiz olmayıb. Dost da olmamışıq. Aramızda həmişə pərdə olub. Ona həmişə yaxşı hakim kimi hörmət etmişəm. Lap yerinə düşdü, bunu deyəcəm. Hakimliyə yeni gələndə xəyallarla yaşayırdım ki, nə vaxtsa Asim Xudiyev, Tahir Süleymanov səviyyəsinə çatım. Həmin hakimlərdən biri də Xaqani Məmmədov idi. Onlar kumirlərim idi. Həmişə aramızda səmimi münasibət olub. Səhvlərim olanda üzümə deyib. Qısası, mənim Xaqani müəllimdən incikliyim olmayıb. Nəyə görə də olmalıdı ki?

 

- Xaqani Məmmədov hansısa oyunun gedişində qulaqcıq vasitəsilə sənə kömək edibmi?

- Yeri gəlmişkən, Azərbaycan çempionatları tarixində qulaqcıqdan və “bip-siqnal"dan ilk dəfə mənim briqadam istifadə edib. Bu da bir qismətdi. O ki qaldı Xaqani Məmmədovun qulaqcıq vasitəsilə mənə kömək etməsinə, yox, belə hal olmayıb. Haradasa oxumuşdum ki, hansısa gənc hakimlərə kömək edib. Amma bizim oyunlarda belə hal baş verməyib. 

 

 

- Yaxşı, hakimlər arasında dostun necə, varmı?

- Yaxın dostlarım köməkçilərimdi. Azər Əsgərovla, Elman Musayev. Bir hakim kimi yetişməyimdə, “ağır" oyunların “çıxartmağımda" onların böyük rolu olub. Nə qədər yaşayıram, onlara minnətdar olacam. Hər ikisi ilə ailəvi dostuq, gediş-gəlişimiz var. Əsas odur ki, bir-birimizə inamımız olub. Kiminsə də səhvi olanda... Səhvi bir yerdə etmişik. 

 

- Fariz Yusifova nə vaxtsa rüşvət təklif ediblər?

- Bütün dünya futbolunda hakimlərə bu tip suallar verilir. 48 yaşına kimi hakimlik etmişəmsə, deməli, belə şeylərdən uzaq olmuşam. Olar bu sualı cavabsız qoyaq?

 

- Yəni, belə hallar olubmu?

- Olubsa da, cavabları necə lazımdı verilib.

 

- Xoşlamadığın futbolçular var idi? 

- Hər bir komandada hakimliyə problem yarada biləcək 1-2 futbolçu olurdu. Hansıki həmin futbolçulara qarşı bir qədər qəddar olmuşam. 

 

- Müsahibələrinin birində “Neftçi"nin futbolçusu olmuş Flavinyodan şikayətlənmişdin.

- Ümumiyyətlə, legionerlərə qarşı sərt olurdum. Əcnəbilər gözümdə yerlilərdən həmişə bir pillə aşağıda dayanıblar. Səmimi deyəcəm, bir azərbaycanlı kimi öz futbolçularımıza həmişə hörmət eləmişəm. Amma 1-2 futbolçu var idi ki, onlara qarşı da sərt deməzdim, diqqətli olmağa çalışmışam. Flavinyoya gəlincə, “Xəzər Lənkəran"la “Neftçi" arasında keçirilən oyunların birində yağış yağırdı, meydan palçıq və sürüşkən idi. Epizodların birində Flavinyo top uğrunda mübarizədə qaydanı pozdu və ona sarı vərəqə verdim. Matçı analiz edərkən, onun rəqibi qəsdən vurmaq istədiyi məlum oldu. Hansıki “qırmızılıq" epizod idi. 

 

- Bayaq dediyin 1-2 nəfərin adını çəkmədin.

- Biri xətrini çox istədiyim Emin Quliyev. Digəri qadasın aldığım Mehman Yunusov. Hər ikisinə böyük hörmətim var. 2 nəfərin adını çəkdim, məncə, bəs edər. Özü də hamısı müdafiəçilər idi. Normal işləməyə qoymurdular ki. Doğru, ya səhv, nə qərar verirdiksə, etiraz edirdilər.

 

- Yaxşı, simpatiya bəslədiyin futbolçu necə, var idi?

- O da müdafiəçidi. Tərlan Əhmədov. Həmişə hakimlərə dəstək olurdu. Hakimlərə görə komanda yoldaşlarını məzəmmət edirdi. Karyeramda onun kimi futbolçuya rast gəlməmişəm. O xüsusiyyətinə görə Tərlana həmişə hörmət etmişəm. Amma indi sizə bir maraqlı söz deyəcəm, təəccüblənməyin. Tərlan məşqçi kimi işimizə ən çox mane olan insan idi. Həmişə özünə deyirdim ki, futbolçu kimi daha yaxşı idin, məşqçi kimi isə yaman aqressivsən. Tərlandan savayı da aqressiv məşqçilər var idi. Oyundan əvvəl özümü hazırlayırdım ki, əgər nəsə problem olsa, texniki zonadan uzaqlaşdırım. Onlardan biri Yunis Hüseynov idi. Həmişə idarəçiliymə qarşı aqressiv olub. 

 

- Azarkeşlər tərəfindən çoxmu təhqir eşitmisən?

- Desəm ki, yox, yalan olar. Çətin olub. Əsas da özümüzü sübut edənə kimi. Azarkeş müstəqildi, onun futbola baxışı hakimin futbola baxışı ilə heç də həmişə üst-üstə düşmür. Belə şeyləri təbii qarşılamışam. Bəlkə də aralıda əyləşən və şənimə təriflər yağdıran azarkeşlər də nə vaxtsa bu hərəkəti ediblər.

 

Bu yerdə haşiyə çıxım. Farizlə söhbət etdiyimiz məkanda 4-5 azarkeş əyləşmişdi. Müsahibimi dərhal tanıdılar. Hətta biri onun şərəfinə badə də qaldırdı, Azərbaycanda ən yaxşı hakimlərdən birinin Fariz olduğunu söylədi. “Neftçi"nin formasını geyinmiş digər azarkeş isə Farizi tərifləməklə yanaşı səmimi bir etiraf etdi. Bəli, Fariz yanılmamışdı. Bu gün Yusifovun ünvanına təriflər yağdıran İlqar adlı həmin azarkeş bir vaxtlar “Neftçi"nin oyunlarında Farizi təhqir etdiyini söylədi...


“Ağır oyunları idarə edə-edə əsl hakim kimi yetişdim" 


- Maraqlıdır, Farizin işindən zövq almadığı vaxt olub?

- Haradasa, 10 il hakimlikdən ləzzət almışam. 2003-cü ildən sonra futbola yanaşma dəyişdi. Yeni klublar yarandı, əyalətlərdə futbol inkişaf etdi, stadionlar tikildi. Bunu Azərbaycan futbolunda bir inqalib sayıram. İlk dəfə “Neftçi" - “Xəzər Lənkəran" oyununu idarə edəndə Tofiq Bəhramov adına stadiona 25-30 min azarkeş toplaşmışdı. Adama ləzzət edirdi. Dolu tribunalar önündə hakimlik etmək böyük təcrübə və məsuliyyət deməkdir. Bir dəfə də “Neftçi" - “Turan" oyununda haradasa 20-22 min azarkeş var idi. İndi bu komandalar oynasa, stadiona nə qədər adam gələr? Azarkeşin stadionda çox olması futbola əlavə rəng qatır. Cənub zonasının azarkeşləri qarşısından meydana çıxmaq... Həqiqətən bir hakim kimi Lənkərandakı oyunları idarə etməkdən xüsusi zövq alırdım. Təəssüf ki, bu gün stadionlar azarkeşsiz qalıb. Boş tribunalar önündə hakimlik etmək daha çətindir. 

 

- Futboldan qazancın nə olub?

- Ən böyük qazancım tanınmağımdı. Neçə aydır futboldan uzaq düşmüşəm. Amma bu gün küçədə-bayırda insanların yaxınlaşıb haqqımda xoş sözlər söyləmələri, isti münasibət göstərmələri, hörmətlə yanaşmaları ən böyük qazancımdır. 

 

- Bəs, itirdiyin?

- Yuxumu. Sutkada 3-4 saat yatıram. Hamısı da əsəbdən. Elə olub ki, oyundan sonra 2 gün yuxusuz qalmışam, özümə güclə gəlmişəm. Söhbət məsuliyyətdən gedir. Götürək “Neftçi"nin “Xəzər Lənkəran"la, “Qarabağ"la oyunlarını. Oyunun gərginliyindən çıxmaq asan olmurdu. Hələ təyinatdan sonra oyuna qədər olan müddəti demədim. Bütün bunların hamısı nəticədə əsəb pozğunluğuna səbəb olurdu. 

 

- Azərbaycan hakimliyinin bu günkü vəziyyəti səni qane edirmi?

- Azərbaycan futbol hakimliyi məktəbi bizdən əvvəl də olub, bu gün də var, sabah da olacaq. Bu məktəbin kökü sağlamdır. Ona görə də yaşayacaq. Bu gün yaxşı hakimlərimiz çoxdu - Əliyar Ağayev, Rəhim Həsənov, İnqilab Məmmədov, Ramil Diniyev... Hakimlərimizin Avropa səhnəsinə təyinatları məni çox sevindirir. Bu gün Əliyar kimi hakimimizin olması Azərbaycan futbolu adına uğurdu. Əliyar Azərbaycan futbol hakimliyinin qürurudur. Onda ölkəmizi dünyada layiqincə təmsil etmək üçün hakimliyə lazım olan bütün komponentlər var. Məni narahat edən Rəhim Həsənova təyinatların az gəlməsidir. Rəhim bu gün əla formadadı. UEFA tərəfindən ona niyə az oyun gəlir, mənə qaranlıq qalır. Daha bir istedadlı gənc hakim Ömər Paşayevdir. İndi səhhətində problem var. Allah şəfa versin. İnanıram ki, Ömər tezliklə tam sağlam şəkildə yenidən işinə qayıdacaq.
Azərbaycanda nə qədər ki, futbol var, yaxşı hakimlərimiz də olacaq. Bu, aksiomadır. Sadəcə, təəssüf doğuran məqamlar var. Bu gün çempionatda komanda sayının az olması, azarkeş amili futbolumuzla yanaşı, hakimlərimizin daha da peşəkar olmalarına mənfi təsir göstərir. Çox istərdim ki, Premyer Liqada, 1-ci Divizionda komandaların, əsas da əyalət təmsilçilərinin sayı çoxalsın,  indiki kimi çempionluğa 2-3 komanda oynamasın. Birincilikdə çətin oyunlar nə qədər çox olsa, hakimlər daha çox təcrübə qazanarlar, püxtələşərlər. Mən ağır oyunları idarə edə-edə əsl hakim kimi yetişdim. İndiki hakimlərin yetişməsi üçün belə oyunların çox olması vacibdi. Əks halda inkişaf çox ləng gedəcək. 

 

- Bir neçə gün əvvəl AFFA İcraiyyə Komitəsinin məlum qərarı ilə Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsi birləşdirildi. Səncə, bu qərar və yeni yaradılmış komitəyə əcnəbinin təyin olunması hakimliyimizin inkişafına nə dərəcədə kömək olacaq?

- UEFA-nın Hakimlərə Dəstək Proqramı var. 10 ilə yaxın idi ki, Hakimlər Komitəsi bu konvensiyanın üzvü idi. Orada xüsusi bənd var ki, Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsi birləşməlidir. Bir qədər gecikmiş olsa da, yaxşı qərardı. O ki qaldı yeni komitəyə avstriyalı Fritz Stuxlikin təyin olunmasına, bu, UEFA-nın tövsiyəsi ilədi. Fikrimcə, yaxş qərardı. Tofiq Bəhramov məktəbinin yaşamasında, gənc hakimlərin yetişməsində rol oynayacaq.

 

- Futboldan ayrı düşən Fariz Yusifovu kimsə yada salır?

- Yox. Azərlə Elmanı çıxmaq şərtilə heç kim mənimlə əlaqə saxlamır. Sanki belə bir hakim olmayıb. Düzü, bunu təbii qarşılayıram. Bir şey deyəcəm, xahiş edirəm, bunu mütləq yaz. Hakimlər var ki, 1-2 oyun idarə edən kimi mətbuat və ya başqa vasitələrlə özünü gündəmdə saxlamağa çalışıb. Mən heç vaxt özümü reklam etməmişəm. Başımı aşağı salıb işimlə məşğul olmuşam. Bunu ona görə dedim ki, belə şeylər mənə pis təsir edir. 1-2 dəfə meydana çıxmaqla özünü mütəxəssis adlandırmaq, mətbuata çıxmaq nə dərəcədə doğrudur?

 

Fariz Yusifov 2005/06-cı illər mövsümünün yekunlarına görə FİFA referisi adı alıb. Amma ingilis dilindən “axsadığına" görə ona ilk bir ildə təyinat verilməyib. Həmsöhbətim bu mənada beynəlxalq arenada bəxtinin gətirmədiyini deyir. İlk beynəlxalq oyununa 2007-ci ildə təyin edilib. Gözlənilmədən Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin  “Reyncers" (Andorra) - “Şerif" (Moldova) (0:3) cütünün cavab matçına hakim təyin olunan Fariz Yusifov dostlarının və ehtiyat hakim Babək Quliyevin köməkliyi ilə oyunu yüksək səviyyədə idarə edib. Ümumilikdə beynəlxalq arenada 20-dən çox oyunda ədaləti qoruyub. 6-7 il sonra yerini Əliyar Ağayevə təhvil verən Fariz Yusifov Premyer Liqa tarixində 16 mövsümdə 291 oyunda hakimlik edib. O, bu göstəriciyə görə yalnız Xaqani Məmmədovdan geri qalır. Amma başqa göstəriciyə görə, hamını qabaqlayır. Belə ki, keçmiş referi hamıdan çox - düz 4 dəfə Azərbaycan Kubokunun finalında fit çalıb.

 

Müsahibimə sonuncu sualım bir qədər nataraz oldu: “polis polkovnik-leytenantı Fariz Yusifov özünü futbol hakimi kimi hansı rütbədə görür?". Cavabında hakimliyin ən pik nöqtəsinin beynəlxalq dərəcə almaq olduğunu söylədi. Hakimliyə yeni-yeni gələndə nə vaxtsa Asim Xudiyev, Xaqani Məmmədov, Tahir Süleymanov kimi hakim ola biləcəyini xəyal edən Yusifov bu ada layiq görüldüyü üçün öxünü xoşbəxt sayır: “Bu ad hər hakimə qismət olmur. Zəhmətimlə, bacarığımla bu ada layiq görüldüyüm üçün xoşbəxtəm. Hakimlik çox ağır sənətdir. Adicə bir məqama toxunum. Hakim meydanda hər şeydən başqa hərəkətlərinə də fikir verməlidir, futbolçu kimi yeriməməli, qaçmamalıdı. Mən bunlara həmişə fikir vermişəm. Necə hərəkət etməliyəm ki, futbolçulardan seçilim? Bu sual məni həmişə narahat edib. Məşqlərdə hərəkətimi dəyişməyə çalışırdım. O qədər əziyyət çəkmişəm ki... Buna nə dərəcədə nail olmuşam, başqaları desə yaxşıdı".

 

Söhbətləşdi: İlqar TAĞIYEV
“Het-trik news” qəzeti

Tarix: 19 Sentyabr [13:25]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2018
10  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio