Emin İmaməliyev: "Moldovaya yaxşı nəticə ilə yollanmaq üçün evdəki oyunda səhv etməməliyik" MÜSAHİBƏ

15:32 - 20 Sentyabr 2018

“Qəbələ”nin 19 yaşlı futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev Sportal.az-a müsahibə verib.

 

Gənc mütəxəssis komandasının UEFA Gənclər Liqasında "Şerif"lə keçirəcəyi oyunlardan və hazırlıqdan danışıb.

 

- "Qəbələ"nin Gənclər Liqasında "Şerif"lə oyunlara hazırlığı necə gedir?

- Hazırlıqlar yaxşı gedir. "Şerif"in oyunlarına baxmışıq, analiz etmişik. Yeganə çatışmayan cəhət odur ki, bizdə çempionat hələ başlamayıb. Lakin rəqibimiz "Şerif" artıq neçə turdu oyun keçirir. Düzdü, bir neçə yoldaşlıq oyunu keçirmişik. Ötən gün "Neftçi" ilə oynadıq.

 

- Bu durum "Qəbələ"ni çətin vəziyyətə sala bilər?

- Çempionat oyunları olanda futbolçuların oyun praktikası olur. Çempionatla yoldaşlıq oyunlarının böyük fərqi var. Yoxlama görüşlərində etdiyin səhvləri çempionatda təkrarlamamağa çalışırsan. Liqa oyunu keçirəndə daha hazırlıqlı və təcrübəli olursan. Çalışacağıq ki, bu kimi çatışmayan şeyləri hiss etdirməyək. Əlimizdən gələni etməyə çaılşacağıq.

 

- "Şerif"in ilk oyunu səfərdə keçirməsi onlar üçün üstünlük sayıla bilərmi?

- Yaxşı olardı ki, ilk oyunu biz səfərdə keçirərdik. Amma çalışacağıq ki, evdəki matçda qol buraxmayaq və rəqibi cəzalandıraq. İlk işimiz bu olacaq. Nəticə 2 oyuna görə müəyyənləşəcək. Səfərə yaxşı nəticə ilə yollanmaq üçün evdəki oyunda səhv etməməliyik.

 

- Püşkdə hansısa komandanı arzu edirdiniz? "Şerif" sizcə, "Qəbələ"yə münasib rəqibdi?

- Məncə, eyni səviyyədəyik. "Herta" kimi güclü rəqib də düşə bilərdi. Güclü rəqiblə oyunda uşaqlar da təcrübə qazanacaqdılar. Əlbəttə, hansısa rəqibi arzulamırdım.

 

- Gənclər Liqasında komandanın qarşısına hansı hədəf qoyulub?

- Bacardığımız qədər irəli getmək istəyirik. 1-2 mərhələ keçsək, uşaqlar da təcrübə qazanar. Futbolçularda irəli baxmaq üçün inam da yaranar.

Xəbər xətti