Mladen Milinkoviç: "Əfran İsmayılovun öhdəsindən gələ bilmədik"

“Keşlə”nin baş məşqçisi Mladen Milinkoviç Topaz Premyer Liqasının V turunda “Sumqayıt”a 1-2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, serbiyalı çalışdırıcı öncə matçla bağlı fikirlərini bildirib:

 

-  “Sumqayıt” daha yaxşı oynadı və qələbə qazandı. Onları təbrik edirəm. Bu günə qədər problemlərimiz var idi, bu gün daha da artdı. Bir həftə bundan əvvəl “Neftçi”yə məğlub olduq, amma yaxşı oynamışdıq. Bu gün isə mübarizə aparmadan məğlub olduq. Mən oyundan öncə futbolçulara qalib gəlməyin vacib olduğunu bildirmişdim. İlk 15 dəqiqədə futbolçularda gərginlik var idi. Çox olmasa da, kiçik uğurumuz oldu və hesabda önə keçdik. Ancaq ikinci hissəyə çox pis başladıq və oyunun axarı dəyişdi. Hesab arasındakı fərq daha böyük ola bilərdi. Heç-heçə edə bilərdik, ancaq şanslardan yararlana bilmədik.

 

- Zaur Axundovun gəlişindən sonra komandada tez-tez baş məşqçi dəyişikliyi olub. Maraqlıdır, klub prezidenti olsaydınız, baş məşqçi ilə bağlı hansı qərar verərdiniz?

- Əlbəttə, “Keşlə” kifayət qədər böyük klubdur və nəticələri ürəkaçan deyil. Buna görə baş məşqçi məsuliyyət daşıyır. Zaur Axundovla danığımız olacaq, görək, nə baş verir. Futbolda belə nəticələr qazanmaq mümkündür.  Görünən odur ki, vəziyyət yaxşı deyil. İstəyərdik ki, vəziyyəti dəyişək, amma bu, hələ ki, alınmır.

 

- Andre Klennon əlinə düşən imkanlardan yararlana bilmir. Nəyə görə hər oyunda onu meydana buraxırsınız?

- Mən oyunçu dəyişməyi sevmirəm. Çünki sistemi dəyişməli oluruq. Bəli, Klennon bir neçə epizoddan yararlana bilməyib. Bu gün qırmızı vərəqə aldı və gələn oyun bizə kömək edə bilməyəcək. Bundan başqa, artıq onu dəyişmək barədə düşünürəm.

 

- Əfran İsmayılovın cinahını niyə bağlamamışdınız?

- Əfran kifayət qədər sürətli futbolçudur, onu bağlamaq lazım olduğunu bildirmişdim. Amma öhdəsindən gələ bilmədik.

Tarix: 23 Sentyabr [21:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Oktyabr 2018
20  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio