Con Delarj: "Bursaspor"un indi də mənə borcu qalıb" MÜSAHİBƏ

Topaz Premyer Liqasının V turunda "Qarabağ" "Qəbələ"ni 4-1 hesabı ilə məğlub edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra qarşılaşmada 1 qol vuran "Qarabağ"ln hücumçusu Con Delarj jurnalistlərə müsahibə verib. Konqolu futbolçu öncə oyunla bağlı danışıb:
 
- Bizim üçün ağır oyun oldu. “Sportinq”lə oyundan sonra qələbə qazanmaq vacib idi. Bu qələbə motivasiya baxımdan çox önəmli oldu.
 
- Gözlənilən Con Delarjı görə bilmirik. Nə vaxt müdafiəçilərin qorxulu yuxusuna çevrilən Delarj olacaqsan?
- Uzun müddət idi oynamırdım. Tam formaya düşmək üçün müəyyən vaxt lazım olur. Yavaş-yavaş qalxıram. Avropa Liqasında oynamamağıma gəlincə, bu, baş məşqçinin verdiyi qərardır. Heyətimizdə 25 futbolçu var. Bu oyun oynamadım, gələn qarşılaşamada baş məşqçi mənə şans verər.
 
- Türkiyə mətbuatı səni intizamsız futbolçu kimi təqdim edib. Gecə həyatına üstünlük verdiyini və məşqlərə gecikdiyini qeyd ediblər. Buna aydınlıq gətirə bilərsən?
- Bunu Türkiyə yox, “Bursaspor” mətbuatı yaymışdı. Bu da məqsədli şəkildə olmuşdu. Keçmiş komandama hörmət edirəm. Amma belə məlumat yazmaq doğru deyil. Həmin vaxt 16 futbolçu klubdan ayrıldı. Maliyyə problemi hökm sürürdü. Gecə həyatı yaşamağım isə boş söhbətdir. Bunlar tamamilə uydurmadır.
 
- “Bursaspor”un prezidenti Ali Ay satdıqları bütün futbolçulardan xeyir götürdüklərini, yalnız sənin transferində 400 min avro ziyana düşdüklərini açıqlamışdı.
- 16 nəfər komandadan göndərildi. Məşqlərə qatılmırdım, çünki 5-6 ay maaş almırdım. Göndərilən 16 futbolçudan çoxu danışmırdı, amma mən deyirdim. Haqqım olduğu üçün pulumu istəyirdim. İndi də 5 min borcları qalıb. Maliyyə probleminə görə oynamaq istəmirdim. Hazırda onları düşünmürəm. “Bursaspor” 1 oyunda qalib gəlib, amma mən “Qarabağ”da Premyer Liqada 3 matçda qalib gəlmişəm. Şəxsi həyatımdan yazırlar. Hansı şəxsi həyat? 6 oyuna 4 xal qazanıblar. “Bursaspor”a ancaq TV-dən baxıram. Gecə yatanda da, duranda da “Qarabağ” haqda fikirləşirəm. Mənim barəmdə yalandan yazmışdılar.
 
- Azərbaycan futbolu barədə fikirlərin necədir?
- Türkiyədəki kimi 18 klub mübarizə aparmasa da, yaxşı səviyyədədir. Əgər bir ölkənin komandası Avropa Liqasının qrupunda çıxış edirsə, deməli, yaxşıdır. Bəzi stadionların ot örtüyü sünidir, amma çox deyil. Çempionatın səviyyəsi normaldır.
Tarix: 24 Sentyabr [00:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2018
15  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio