"Sumqayıt"dan sərt reaksiya: "Adam öldürməyib ki"

15:19 - 25 Sentyabr 2018

AFFA “Sumqayıt"ın məşqçisi Anton Dioçenko aqressiv davranış və hakimə qarşı fiziki təsir göstərdiyinə görə mütəxəssisi 10 oyun cəzalandırıb, kluba isə 8000 manat cərimə edib.

 

Sportal.az-a açıqlama verən "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Nazim Süleymanov Apellyasiya şikayəti edəcəklərini deyib:

 

"Nə edib ki? Adam öldürdü oyunda? 10 oyunluq cəza olar? Bizim hücumçu Atilla Yıldırımla "Keşlə"nin müdafiəçisi və U-21 millisinin kapitanı Sərtan Taşqın yerdə qalmışdılar. Atilla 2 gündür özünü yaxşı hiss etmir. Sərtanın başına isə 8 tikiş qoyulub. Özüm "Keşlə" rəhbərliyilə əlaqə saxlayıb, futbolçunun durumu ilə maraqlanıram. Başından ciddi zədə alıb. Razıyam, hakim toxunulmazdır, ona əl vurmaq olmaz. Əgər məşqçimiz ona toxunubsa, səhv edib. Bəs bu dörd hakim hara baxırdı? Axı meydançada yerə yıxılan futbolçular var. Qan aparırdı Sərtanı. Burada insan həyatı vacibdi. Heç kəsin ixtiyarı yoxdu hakimə toxunmağa. Bəs oyun bitməsəydi, nə baş verəcəkdi? Gərək, kimsə meydanda ölsün? Tibbi yardım bir az gec olsaydı, nə olacaqdı? İnsan həyatı bu qədər vacib deyil? Anton olmasın, Məmməd, Əli, Vəli olsun. O, hakimə matçı saxlaması üçün etiraz edib. Nəticəsi də 10 oyunluq cəza. Bu, fikrimcə, düzgün deyil. Anton klubda işinə davam edəcək. Adam öldürməyib ki qovaq. Hakim görməyə bilər, amma bunu normal qarşılamaq lazımdır. Apellyasiya şikayət edəcəyik. 10 oyunluq nə edib axı? 8 min manat da cərimə. Həyat budur, insan həyatı hər şeydən vacibdir. 10 oyunluq cəza və 8 min manatlıq cərimə çoxdur".

Xəbər xətti