Amit Quluzadə: "Yanvara kimi gözləməliyəm"

13:08 - 28 Sentyabr 2018

"Çox komanda ilə danışdım. Belarusun bir klubu ilə anlaşmışdım".

 

Bu sözləri Sportal.az-a açıqlamasında millimizin sabiq üzvü Amit Quluzadə deyib. Son olaraq, Kosovo "Drita"sında oynayan və burada çempionluq yaşayan yarımmüdafiəçi hazırda klubsuz qalıb. 25 yaşlı futbolçu Belarus klublarından biriylə anlaşdığı, lakin transferin son anda baş tutmadığını bildirib:

 

"Müqavilə imzalamaq Belarusa yollandım, amma son anda irəli sürdüyüm tələblərin hamısını yerinə yetirmədilər. Razılaşmışdım, son anda alınmadı. Aləm dəydi bir-birinə, transferim baş tutmadı. Rusiyanın və Polşanın I Divizionundan da təklif almışdım. Amma Belarusa yollanmaq qərarı verdim. Lakin danışıqlarda məni aldatdılar. Əvvəlcədən onlarla elə danışmamışdım".

 

Quluzadə yanvar ayına kimi gözləyəcəyini deyib: "Xaricdə oynamaq istəyirəm. Transfer pəncərəsinin son günlərində daha iki təklif aldım. Amma Belarus klubuna keçidim alınmadığı üçün bir az həvəsdən düşdüm. Yanvara kimi gözləməliyəm. Ölkəmizdə heç bir komanda ilə danışıqlar aparmamışam. Xaricdə oynamaq istəyirəm".

 

Amit son klubu "Drita"da azarkeşlərin sevimlisi olduğunu deyib: "Müqaviləm başa çatdıqdan sonra yollarımız ayrıldı. Azarkeşlər xətrimi çox istəyirdilər. Hər kəs futbolu sevir. Yaşadığım Qyilan şəhərində sakinlər yatanda da, duranda da futboldan danışırdılar. Bizim "Xəzər-Lənkəran" klubunun azarkeşləri kimi idilər".

Xəbər xətti