Aftandil Hacıyev: "Mənə yaxşı komanda yaratmaq tapşırığı verilib"

21:21 - 29 Sentyabr 2018

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının VI turunda səfərdə “Neftçi”yə 0-4 hesabı ilə məğlub olduqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, gənc mütəxəssis öncə matçla bağlı fikirlərini bildirib:

 

- Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Bu gün meydanda tək “Neftçi” var idi. “Neftçi” hər zaman rəqibin səhvlərindən istifadə edib. Eyni səhvləri bizim futbolçularımız da təkrar etdilər. Müdafiəçilərimizin oyunundan narazıyam. Kintanovskinin olmaması oyunumuza təsir etdi. Ancaq bunlar bəhanə deyil.

 

- Oyuna baxanda düşünürdünüz ki, belə komandanın Premyer Liqada nə işi var?

- Oyunçularıma bir oyunla qiymət vermirəm. Düzdü, böyük hesabla məğlub olmaq yaxşı hal deyil. Ancaq çempionatda hər bir komandanın 4 qollu qələbə qazanmaq imkanı var.  Söhbət məğlubiyyətdən getmir, sadəcə, komandanı tanıya bilmədim. Planlaşdırdığımız bəzi şeylər alınmadı. Məğlubiyyətə görə utanmıram. Futbolçularımla fəxr edirəm. Bizi kimsə “Neftçi” ilə müqayisə edirsə, yanılır. Rəqib çempionluğa oynayan komandadır. 

 

- Oyunöncəsi son məşqinizi bu stadionda keçirməmisiniz. Bunun səbəbi nə idi?

- Bizə dedilər ki, meydançanın vəziyyəti yaxşı deyil. Ona görə də biz başqa variant seçmək məcburiyyətində qaldıq. Həmçinin, düşündük ki, stadion oyun üçün yaxşı vəziyyətdə olmalıdır.  

 

- Belə nəticələr gələcək taleyinizə təsir etmir?

- Bu oyundan sonra rəhbərliklə görüşümüz olmayıb. Ancaq bundan öncə pozitiv görüşlərimiz olub. Nə olacağını zaman göstərəcək. Mənə yaxşı komanda yaratmaq tapşırığı verilib. 

Xəbər xətti