U-16 Liqası: "Keşlə" vahid lider oldu

11:02 - 5 Oktyabr 2018

Dünən U-16 Liqasında 2-ci turun 5 oyunu keçirildi. «Viləş» - «Qarabağ» matçının qonaqların xahişi ilə şənbə gününə təyin olunduğu barədə xəbər vermişdi. Oyun sabah Masallıdakı Anatoli Banişevski adına stadionda baş tutacaq. Qarşılaşmanın başlama vaxtı 14:00-dı.

 

Gəncə TİM – «Sabah» oyunu isə «Sabah»ın Türkmənistanda keçirilən turnirə iştirakına görə təxirə salınıb. «Sabah»dan söz düşmüşkən, Xəzər hövzəsi ölkədəri təmsilçilərinin iştirakı ilə keçirilən Məktəblilər arasında idman festivalına qatılan «Sabah» yarımfinala yüksəlib. 7 komandanın mübarizə apardığı turnirdə komandamız ilk oyununda Türkmənistanın «Balkan» komandasına 1:6 hesabı ilə məğlub olsa da, bunun acığını qazaxlardan artıqlaması ilə çıxıb – 8:0. Məhz bu qələbə «Sabah»ı növbəti mərələyə yüksəldib. İlqar Mənsimovun yetirmələri finala çıxmaq uğrunda bu gün Aşqabad təmsilçisi ilə görüşəcək. Yeri gəlmişkən, turun bütün oyunlarından əvvəl bir neçə gün öncə avtomobil qəzasında həyatını itirmiş «Sumqayıt»ın U-15 komandasının futbolçusu Ayxan Qasımovun xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.  

 

«Neftçi» İK İB – «Səbail» 2:2
Qollar
: İlkin Əliyev, 17; Elşən Şirinov, 80+1 (pen.) – Arif Məmmədov, 47, 80+3 (hər ikisi pen.)

 

Baxımlı olmamasına rəğmən oyunda 4 qol vuruldu. Bunlardan 3-ü penaltidən gerçəkləşdi. Özü də hakim Anar Göyçayski 2 penaltini matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə təyin etdi ki, bu da oyunun sonlarının gərgin keçdiyindən xəbər verir.

 

Hesab 15-ci dəqiqədə açıla bilərdi. Meydan sahiblərindən İlkin Əliyev «Səbail»in qapıçısı Emil Hüseynovla təkbətək mübarizədən məğlub ayrıldı. Amma 2 dəqiqə sonra bu dueldə İlkin qalib gəldi və komandasını hesabda irəli çıxardı. 

 

Birinci hissədən fərqli olaraq, ikinci yarı nisbətən maraqlı keçdi. 47-ci dəqiqədə Rauf Ağasənov rəqibin 2 futbolçusundan sıyrılaraq cərimə meydançasına daxil olsa da, burada kobudluqla dayandırıldı və hakim penatli nöqtəsini göstərdi. Topa yaxınlaşan Arif Məmmədov bərabərliyi bərpa etdi. Sonrakı dəqiqələrdə hər iki komandanın təhlükəli həmlələr etdilər. Lakinhesab əsas vaxtın başa çatmasına qədər dəyişmədi. Matçın 1:1 hesabı ilə başa çatacağı gözlənilən anda meydanda maraqlı hadisələr yaşandı. Əvvəlcə Xəyal Ələkbərovun kobud oyununa görə hakim «Səbail»in qapısına penalti təyin etdi. Elşən Şirinov fürsəti boşa vermədi. Mərkəzdən oyuna başlayan «Səbail» ilk hücumdaca cavab qolunu vurdu. Yenə də Raufa qarşı kobud oyun, yenə penalti. Arif Məmmədov yekun nəticəni müəyyənləşdirən qolu vurdu – 2:2

 

«Neftçi» İK İB-nin məşqçisi Ramin Babayevin fikrincə, Rauf Ağasənov qonaqların heyətində, «Səbail»in çalışdırıcısı Yaşar Abuzərova görə isə, Fuad Səlimov meydan sahiblərinin heyətində oyunun ən yaxşısı idi.


ROİL – «Sumqayıt» 0:6

 

Artıq, ənənə halını almış «protokol problemi» ilə bu dəfə də rastlaşdıq. Matç haqqında geniş məlumat toplaya bilməsək də, oyunda fərqlənən futbolçuların adlarını öyrənə bildik - İlkin İbrahimov (2 qol), Elmar Turabov, Nurlan Bayramov və Rüstəm Hümbətov.

 

«Neftçi» - «Keşlə» 0:2
Qollar:
Əbil Əbilov, 12; Asif Səfərov, 75

 

Turun ən çox maraq doğuran oyunlarından biri «Dalğa Arena»nın köməkçi meydanında baş tutdu. Təəssüf ki, bir-birilərinə layiq 2 komandanın qarşılaşması olduqca maraqsız keçdi. Təsadüfi deyil ki, birinci hissədə qapılar qarşısında 1 dənə də olsun yüz faizli qol epizodu qeydə alınmadı. Bəs qol? 12-ci dəqiqədə vurulan qol standart vəziyyətdən gerçəkləşdi. Vaqif Həsənova qarşı cərimə meydançasının həndəvərində edilən kobudluğa görə matçın hakimi Kamal Umudlu cərimə zərbəsi təyin etdi. Əbil Əbilovun zərbəsindən sonra «Neftçi»nin qapıçısı Polad Mirzəyev topa toxundu, gəl ki, onun qapıdan keçməsinə mane ola bilmədi.
Fasilədən sonra oyun bir qədər canlandı. İlk təhlükə meydan sahiblərindən gəldi. Harun Abbasovun «duqa»nın üzərindən vurduğu zərbə azacıq fərqlə qapının yanında keçdi. Hesabda irəli olan «Keşlə» rəqibi daha çox əks-hücumda tutmaq istəyirdi. Bu, onlarda zaman-zaman alınırdı. Təkcə oyuna sonradan qoşulan Kamal Kazımov 3 dəfə fərqlənmək imkanını boşa verdi. İlk epizodda Əbilin künc zərbəsindən sonra etdiyi asmaya yaxşı toxunmadı. Az sonra Məhəmməd Tağıyevdən ara ötürməsi alan Kamal qapıçı ilə birə-bir mübarizədə topu qapının yanından vurdu. «Neftçi»nin də qol vurmaq üçün yaxşı imkanları var idi. Belə epizodların birində müdafiəçilərin səhvi üzündən qapıçı ilə üz-üzə qalan Cavanşir Şahbazlı Cavid Qurbanov səddini keçə bilmədi. Matçın yekun nəticəsini müəyyən edən qol baxımlı alındı. Rəqibi əks-hücumda yaxalayan «Keşlə» Rəşad Həsənov – Vaqif Həsənov – Kamal Kazımov – Asif Səfərov kombinasiyasından sonra sonuncunun dəqiq zərbəsi ilə ikinci qola sevindi. Matçın son dəqiqələrində «Keşlə» daha bir qol vura bilərdi. Lakin Asifdən əla ötürmə alan Kamal yenə də fərqlənmək fürsətini boşa verdi. Məğlub olmasına baxmayaraq, «Neftçi» özünə qarşı heç də pis təəssürat yaratmadı. Oyunu izlədikcə baş məşqçi Mirbağır İsayevin yeni formalaşdırdığı kollektivin çempionatın gedişində daha yaxşı oyun sərgiləyəcəyinə və «Neftçi»nin adına layiq nəticə qazanacağına inam yaranırdı.

 

Məşqçilərdən söz düşmüşkən, Mirbağır müəllim Əbil Əbilovu «Keşlə»nin ən yaxşısı hesab etdi. Qonaqların çalışdırıcısı Xəyal Mustafayev isə «Neftçi»nin kapitanı Cavanşir Şahbazlını bəyəndiyini söylədi.

 

«Qəbələ» - «Zirə» 3:3
Qollar
: Vüsal Mirzəzadə, 30, Mehrac Baxşəliyev, 46; Gülağa Əsədov, 67 – Nürəli Nurəliyev, 14, 17;  Vüsal Əliyev, 72.

 

Turan ən maraqlı qarşılaşması Qəbələdə gerçəkləşdi. Bərabər səviyyəli rəqiblərin mübarizəsində sülh qeydə alındı. Təəssüf ki, müəyyən səbəblər üzündən bu oyun haqqında o qədər də geniş məlumat toplaya bilmədik. Heç olmasa, baş məşqçilərdən oyunun ən yaxşılarının kim olduğunu öyrənə bildik. «Qəbələ»nin baş məşqçisi qonaqların heyətində Cəlal Hüseynovla Nurəli Nurəliyevi bəyəndiyini bildirdi. «Zirə»nin çalışdırıcısı Cəfər Hüseynov isə «Qəbələ»dən Gülağa Əsədovla Vüsal Mirzəzadəni fərqləndirdi.

 

İsgəndər Cavadov BFA – «Turan Tovuz» 5:1

 

Ev sahiblərinin diqtəsi şəraitində keçən oyunda üstünlük hesabda da özünü əks etdirdi. İlk hissədə İsgəndər Cavadov BFA tovuzluları 3 dəfə «cəzalandırdı». Məhəmməd Məmmədov «het-trik» etməklə oyunun qəhərmanı oldu. Ona 2 dəfə Rəvan İbrahimov, Qoşqar Babayev qol vurmağa şərait yaratdı. 4-cü qol Xəzər Ağalızadədən əla ötürmə alan Dursun Məmmədovdan gəldi. Sonuncu fərqlənən futbolçu isə 2 ötürmə ilə yadda qalan Rəvanın özü oldu. Qonaqların yeganə qolunun müəllifi isə Fərid Tağıyev qapıçının inamsız oyunundan sonra fərqləndi. 

 

Qarşılaşmada maraq doğuran daha bir məqam penaltilərlə bağlı idi. Belə ki, İsgəndər Cavadov BFA-dan Vüsal Əlizadə, «Turan Tovuz»dan isə Rüfan Tomuyev on bir metrlik cərimə zərbələrindən yararlana bilmədilər. Vüsal çərçivəyə «düşə» bilmədi. Rüfanın zərbəsini isə Nail Əhmədov dəf edə bildi.

 

Oyunun ən yaxşılarına gəlində, İsgəndər Cavadov BFA-nın çalışdırıcısı Qəhrəman Əliyev qonaqların kapitanı Rüfan Tomuyevi seçdi. «Turan Tovuz»dan heç kimlə əlaqə saxlaya bilmədiyimizdən, bu işi öhdəmizə götürdük. Fikrimizcə, Əli Quliyevlə Məhəmməd Məmmədov qalib komandanın ən yaxşıları idi.

 

2 turdan sonra çempionatda vahid lider «Keşlə»dir. 9 qol vurub qapısını toxunulmaz saxlayan «Keşlə»nin aktivində 6 xal var. «Zirə», «Sumqayıt» və «Qəbələ» 4 xalla 2-4-cü yerləri, aktivində 3 xal olan «Qarabağ», «Sabah» və İsgəndər Cavadov  isə 5-8-ci yerləri bölüşdürürlər. «Səbail»lə «Neftçi» 1 xal toplayıblar. 4 komanda – Gəncə TİM, «Turan Tovuz», «Viləş» və ROİL xalsızdır. Nəzərə alaq ki, «Qarabağ», «Viləş», «Sabah» və Gəncə TİM 1 oyun keçiriblər. 

 

Bombardirlər: Arif Məmmədov («Səbail»), Asif Səfərov («Keşlə»), Fidayə Əzizli («Qarabağ»), Məhəmməd Məmmədov (İsgəndər Cavadov BFA), Gülağa Əsədov («Qəbələ»), Vüsal Əliyev («Zirə») – 3 qol. 

 

U-16 Liqasında növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək: «Sumqayıt»  - «Qəbələ», «Keşlə» - ROİL, «Qarabağ» - «Neftçi», «Turan Tovuz» - «Viləş», «Səbail» - İsgəndər Cavadov BFA, «Sabah» - «Neftçi» İK İB, Gəncə TİM – «Zirə». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.


«Het-trik news»

Xəbər xətti