Aftandil Hacıyev: "Çempionatda aşkar autsayder yoxdur"

22:02 - 5 Oktyabr 2018

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Topaz Premyer Liqasının VII turunda "Sumqayıt"a evdə 2:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə görüş haqda düşüncələrini bölüşüb.

 

- İlk növbədə rəqibi təbrik edirəm. Görünən odur ki, "Sumqayıt" 10 xalı elə-belə yığmayıb. Çətin komandadır. Fərqli iki hissə oldu. İlk hissədə daha çox biz hücum etdik. Ancaq fasilədən sonra hesabı qorumaq üçün daha çox müdafiə olunduq. Bu 3 xal bizə çox önəmli idi. Çünki ötən tur acı məğlubiyyət almışdıq. Bundan sonra futbolçuları psixoloji durumdan çıxarmaq çətin idi. Ancaq şükürlər olsun ki, oyunçular toparlandılar və lazım olan 3 xalı qazandılar. 

 

- Kevin Kubemba meydana çıxanda ona nə tapşırıq vermişdiniz və meydanda nə iş gördü?

- Komandaya ikinci hissədə daha çox müdafiə olunmağı tapşırmışdıq. Çünki üzü küləyə tərəf oynayırdıq və hesabdakı üstünlüyümüzü qorumalı idik. Müdafiə olunanda hücumçu öz keyfiyyətlərini göstərə bilmir.

 

- Sizə elə gəlmir ki, "Səbail" külək amilini "Sumqayıt"dan daha düzgün dəyərləndirdi və bu, həlledici amil oldu?

- Ola bilər. Bu amilə görə taktiki cəhətdən hazırlaşmışdıq və istədiyimiz alındı. Hesab başqa cür də ola, "Sumqayıt" hesabı dəyişə bilərdi. Bu gün külək oyunda böyük rol oynadı. Matça hazırlıqda külək amilini nəzərə almışdıq.

 

- Ruslan Qurbanov pebaltini vura bilmədi, sonra fərqləndi... 

- Onun üzərində təzyiq vardı. Çünki bu çempionatda qol hesabını aça bilməmişdi. Bu mövsümdə ilk qolu idi. Penaltidən buna nail olmağı bacarmadı, ancaq sonradan fərqləndi. Bu, Ruslana təzyiqi üzərindən atmaqda kömək olacaq. 

 

- "Səbail"in ilk dövrədəki nəticəsini necə dəyərləndirərdiniz?

- Daha pis olardı, daha yaxşı da. Bu 10 xalı hər biri eyni səviyyədə olan rəqiblərlə matçlarda topladıq. Hazırda çempionatımızda aşkar autsayder yoxdur. Hətta son pilllədə gedənə də bunu demək olmaz. Bəlkə növbəti oyunlarda, gələn dövlələrdə üzə çıxacaq. Ancaq indi heç kim bunu deyə bilməz ki, bu komanda aşkar zəifdir. Topladığımız 10 xal qənaətbəxşdir. Bundan sonra işimiz daha çətin olacaq.  (sport24.az)

Xəbər xətti