Aslan Kərimovu qovan, UEFA-ya şikayət edilən hakim 5-ci dəfə Bakıya gəlir

UEFA Millətlər Liqasının qrup mərhələsinin IV turunda Azərbaycan millisi Bakı Olimpiya Stadionunda Maltanı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, matçı xorvatiyalı baş hakim İvan Bebek idarə edəcək. Referi azərbaycanlı azarkeşlərə tanış simadır.

 

Bebek ilk dəfə 2005-ci ildə ölkəmizə gəlib. Həmin vaxt xorvatiyalı Çempionlar Liqasının “Neftçi” – “Hafnarfyordur” (İslandiya) görüşündə (2:0) fit çalıb. İvan həmin qarşılaşmada hazırda millinin məşqçilər korpusunda yer alan Zaur Tağızadəni sarı vərəqə ilə cəzalandırmışdı.

 

Bebek “Qəbələ”nin 2015/16 mövsümündə Avropa Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sına qarşı keçirdiyi qarşılaşmada ədalət sahibi olub. Həmin görüş almanların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

 

41 yaşlı hakim 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - "Fiorentina" oyununu (1-2) idarə edib. Referi Ağdam təmsilçisindən İlqar Qurbanovla Bədavi Hüseynova sarı vərəqə göstəribsə, qonaqların heyətindən Federiko Kyezanı meydandan qovub.

 

Xorvat referi millimizin AÇ-2008-in seçmə mərhələsində Azərbaycan yığmasının Portuqaliyaya qarşı keçirdiyi oyunda baş hakim olub. Komandamız bu oyunda 0:2 hesabı ilə uduzub. O, həmin oyunda sabiq "Qarabağ"lı Aslan Kərimova Kriştiano Ronaldonu dirsəyi ilə vurduğu üçün qırmızı vərəqə göstərib.

 

Bebek azərbaycanlı azarkeşlərə “Braqa” – “Fənərbaxça” oyunundan da tanışdır. 2015/16 mövsümündə Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilmiş oyunda İstanbul klubuna qarşı qərəzli qərarları ilə diqqət çəkən xorvatiyalı referi “Fənərbaxça” klubu tərəfindən UEFA-ya şikayət olunmuşdu.

Tarix: 11 Oktyabr [14:19]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Oktyabr 2018
16  Oktyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio