U-16 Liqası: Tovuzda "qırğın"…

11:42 - 13 Oktyabr 2018

Dünən U-16 Liqasında 3-cü turun son oyunu keçirildi. «Turan Tovuz» Tovuzda Masallının «Viləş» komandasını qəbul etdi. Gərgin mübarizə şəraitində keçən oyunda meydan sahibləri çempionatda 2 məğlubiyyətin ardınca ilk qələbələrini qazandılar.

 

«Turan Tovuz» - «Viləş» 3:2
Qollar:
Rufan Tomiyev, 4; Elnar Hüseynov, 39; Sənan Aslanov, 70 – Rafiq Yahyazadə, 48; Tosif İbişov, 71

 

Oyun «Turan Tovuz»un hücumları ilə başladı və komanda erkən qola imza atdı. Artıq, 4-cü dəqiqədə künc zərbəsindən sonra hamıdan tez özünü topa çatdıran Rufan Tomiyev hesabı açdı. Buraxılan qoldan sonra irəli atılan qonaqlar 2 epizodda qola yaxın olsalar da, hər 2 halda İlkin Abbaslının zərbəsindən sonra top dirəkdən döndü. Meydan sahibləri də boş dayanmırdılar. «Viləş»in həmlələrini cavabsız qoymayan Nizami Ocaqverdiyevin yetirmələri bir daha fasiləyə yaxın qol sevinci yaşadılar. Elnar Hüseynov adını qol vuran futbolçuların siyahısına yazdırdı. 

 

İkinci hissə də qolla başladı. Amma bu dəfə «Viləş» fərqləndi. Ramiz Qasımovdan ötürmə alan Rafiq Yahyazadə topu qapıdan keçirdi. Hər halda «Turan Tovuz» özündə təpər tapıb daha bir qol vura bildi. Bu dəfə tovuzluların heyətində Sənan Aslanov fərqləndi. Bu da matçda son qol olmadı. Buraxılan 3-cü qoldan cəmi 1 dəqiqə  sonra qonaqlar hesab arasındakı fərqi minimuma endirdilər. Tosif İbişov baş zərbəsi ilə komandasının ikinci və oyunun sonuncu qolunu vurdu.

 

Meydan sahiblərinin çalışdırıcısı Nizami Ocaqverdiyevin fikrincə, qonaqların heyətində Samir Əliyev oyunun ən yaxşısı idi. «Viləş»in baş məşqçisi Kənan Seyfullayev isə «Turan Tovuz»dan Cahid Nuruyevi bəyəndiyini söylədi.

 

Qələbə sayəsində «Turan Tovuz» turnir cədvəlində 2 pillə irəliləyərək 10-cu yerə yüksəldi. 3 oyuna 1 xal toplayan «Viləş» isə 12-ci yerə düşdü. 


U-16 Liqasında 3-cü turun nəticələri haqqında bundan əvvəl gedən yazımızda «Sumqayıt» - «Qəbələ» matçının protokolunu əldə edə bilmədiyimizi yazmışdıq. Gec də olsa, protokol bizə çatdı və oyunda qol vuran futbolçuların siyahısını indi təqdim edirik. Bombardirlər haqqında məlumatı isə dəqiqləşdirdikdən sonra növbəti yazımıza hazırlayacağıq.

 

«Sumqayıt» - «Qəbələ» 2:4
Qollar: 
Cəmil Zeynalzadə, 37; Emin Zeynalov, 80+3 – Mehrac Baxşəliyev, 4, 36, 66; Gülağa Əsədov, 42

 

U-16 Liqasında 3-cü tur çərçivəsində cümə axşamı keçirilən digər 5 qarşılaşmanın nəticələrini bir daha xatırladırıq: «Zirə» - Gəncə TİM 2:0, «Keşlə» - ROİL 3:0, «Səbail» - İsgəndər Cavadov BFA 6:1, «Sabah» - «Neftçi» İK İB 2:0, «Qarabağ» - «Neftçi» 0:0, 

 

Sonda U-16 Liqasında 4-cü turun oyunları oktyabrın 18-də keçiriləcək: İsgəndər Cavadov BFA –«Sabah», «Viləş» - «Səbail», «Neftçi» - «Turan Tovuz», ROİL – «Qarabağ», «Qəbələ» - «Keşlə», «Zirə» - «Sumqayıt», Gəncə TİM – «Neftçi» İK İB. Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news»

 

Xəbər xətti