"Keşlə"nin baş məşqçisi Mladen Milinkoviç Sportal.az saytına müsahibə verib.
- "Keşlə" milli komandaların oyunlarına görə çempionatda yaranan fasilə ərəfəsində MOİK-lə yoxlama oyununda 5-1 qələbə qazandı. I Divizionun liderini belə hesabla məğlub edəcəyinizi gözləyirdiniz?
- Əlbəttə, 5 qol vurmaq yaxşı haldır. MOİK yaxşı komanda idi, bizə bir qol vura bildilər. Böyük hesabla qalib gələcəyimizi gözləmirdim. Millinin oyunlarına görə fasilə yaranması xeyrimizə oldu, öz üzərimizdə işlədik. Çox şansımız oldu, lakin imkanların bəzilərindən yararlana bilmədik. Onu da qeyd edim ki, heyətimizdə yeni oyunçular var, onları yoxlamaq lazım idi. Onları Premyer Liqa komandaları ilə oyunda yoxlamaq düzgün olmazdı, çünki futbolçulara çətin olacaqdı.
- Fasilədən necə yararlandınız, hansı çatışmazlıqlar üzərində işlədiniz?
- Ötən turlarda etdiyimiz səhvlər üzərində işlədik. Fasilə ərəfəsində taktiki baxımdan çalışdıq, çatışmazlıqlarımız üzərində baş sındırdıq. İnanıram ki, fasilənin bizə xeyri dəydi. Ümid edirəm ki, II dövrəyə çox yaxşı start verə biləcəyik.
- Komandaya yeni futbolçular cəlb etməyə davam edirsiniz. "Keşlə"nin tam komplektləşməsi nə qədər zaman çəkəcək?
- Mərkəzdə və hücum xəttində problemlərimiz olduğu aydın idi. Bunu hər kəs görürdü. Bu futbolçuların gəlməyi komandamızı gücləndirəcək. Düzdü, bir oyuna görə onlara heç nə deyə bilmərəm. Çünki oyun praktikaları yoxdur, uzun müddətdir yaşıl meydanlardan kənardadırlar. Mən ümid edirəm ki, 1-2 oyundan sonra komandaya xeyli kömək edəcəklər. Bu barədə futbolçularda danışmışam. Komandanı qısa müddətdə yaxşı vəziyyətə gətirmək çətin olur. Amma komanda işi elədir ki, çatışmazlıqlar üzərində işləyəsən. Yeni gələn futbolçular mənim istədiyim nəticələri əldə etməyə kömək edəcəklər.
- Diallo dayaq yarımmüdafiəçisi, Conatan Ayite isə hücumçudur. Oyun qurucusu mövqeyinə futbolçu axtarırsınız?
- İndiki vəziyyətdə yaxşı, bizim istədiyimiz oyun qurucusu yoxdur. Yunanıstanlı Giorgios pleymeyker kimi çıxış edir. Belə bir vaxtda bu mövqeyə futbolçu tapmaq çətindir. Amma qış transfer dönəmində bu boşluğu aradan qaldırmağa çalışacağıq.
- Premyer Liqanın növbəti turunda "Zirə" ilə üz-üzə gələcəksiniz. Oyun barədə nə düşünürsünüz?
- Bizim üçün asan oyun yoxdur. Turnir cədvəlindəki mövqeyimizin yaxşı olmadığını dərk edirik. Futbolçularım da bunu anlayırlar. Yaxşı oynamağa, qələbə qazanmağa çalışacağıq.