Rəşad Sadıqov: "Növbəti seçmə mərhələyə hazırlıq baxımından addımlar atırdıq"

“Oyunun gərgin keçəcəyini bilirdik. Rəqibin gücü, səviyyəsi bəllidir. Oyunun çox hissəsinə meydan sahibi nəzarət edirdi. Biz də komanda şəklində yaxşı müdafiə olunub rəqibi əks-hücumlarda yaxalamağa çalışırdıq. Futbolçularımı inandıqları və sonadək mübarizə apardıqları üçün təbrik edirəm. Oyun çətin keçsə də, təslim olmurdular. Bu, onların gələcəyi üçün çox önəmlidir”.

 

Sportal.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi Rəşad Sadıqov Avropa çempionatınınseçmə mərhələsinin Norveçlə səfər oyunundan (1:1) sonra deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan gənc mütəxəssis yığmanın qapıçısı Kamran İbrahimovun çıxışını xüsusi qeyd edib:

 

“Heç vaxt futbolçuları ayırmağı xoşlamıram, amma qapıçımız Kamran İbrahimovu xüsusi təbrik etmək istəyirəm. Bakıdakı uğursuz oyundan sonra bu gün tam əksinə, uğurlu oyun nümayiş etdirdi. Bir neçə epizodda önəmli qurtarışlar etdi”.

 

Son dörd oyunda risk edərək 5-6 gənc oyunçunu meydana buraxdığını söyləyən Sadıqov nəticəyə fikir vermədən daim onlara şans verdiyini bildirib:

 

“Bu qarşılaşmada da 5 gənc futbolçu oynamaq şansı qazandı. Növbəti seçmə mərhələyə hazırlıq baxımından addımlar atırdıq. Bununla paralel olaraq çalışırdıq ki, milliyə namizəd olan oyunçuları əsas heyətdə oynadaq. Bu barədə daim milli komandanın baş məşqçisi Qurban Qurbanovla müzakirə aparırıq. Son 5 oyunda bir çox oyunçu debüt etmək imkanı qazandı. Əlimizdən gələni edəcəyik ki, növbəti seçmə mərhələyə komandanı daha yaxşı hazırlayaq”.

 

Qeyd edək ki, qrupda qələbə qazana bilməyən U-21 yığmamızın seçmə mərhələni 3 xalla sonuncu pillədə başa vurub.

Tarix: 17 Oktyabr [01:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2018
12  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio