Maksim Medvedev: "Vorskla"nı məğlub etməyə, ilk xalımızı qazanmağa çalışacağıq" MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu Maksim Medvedev Topaz Premyer Liqasının VIII turunda doğma meydanda "Səbail"ə 1-0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.

  

Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi öncə oyun barədə danışıb:

 

Futbolçular üçün çox çətin oldu. Çünki uzun müddətdir bir yerdə deyildik, bəzi oyunçular milli komandaların düşərgəsində idi, bəziləri isə zədəli idilər. Uzun müddətdən sonra bir araya gəldik. Hiss olunurdu ki, anlaşma çox zəif idi. Xeyli şanslarımız oldu. Təəssüf ki, 1 qol vurduq, amma çox vura bilərdik. Rəqib çox yaxşı müdafiə olundu. Çalışırdılar ki, qol buraxmasınlar. Belə müdafiəni qırmağa və qol vurmağa "Qarabağ"ın təcrübəsi çatır.

 

- Qol vurmağa üstünlük vermirdiniz. Özünüzü "Vorskla" ilə oyuna saxlayırsınız?

- Həqiqətən çətin oyun alındı. Qeyd etdiyim kimi, rəqib müdafiə olunurdu, biz isə hücum edirdik. 

 

- Sıx qrafikdə oynayırsınız. Həm milli komanda, həm avrokuboklar, həm də daxili çempionat. Ağırlıq olduğunu oyunun neçənci dəqiqəsində hiss etdiniz?

- İlk hissənin sonuna 5 dəqiqə qalmış yorğunluq olur. Buna baxmayaraq, rəqibin futbolçuları bizdən daha yorğun idilər. Ola bilər ki, biz tempi tutmuşuq və gedirik. Amma rəqib yalnız Azərbaycan çempionatında mübarizə aparır, ona görə də həmin tempi davam etdirə bilmir. Bundan sonra isə "Qarabağ" baxımlı futbol sərgiləməyə başlayır.  

 

- Çempionatdakı əsas rəqibiniz "Neftçi" bu gün məğlubiyyətlə üzləşib. Bu, komandaya necə təsir etdi?

- Düzü, uşaqların çoxunun nəticədən xəbəri yox idi. Biz soyunub-geyinmə otağına daxil olanda "Qəbələ" öndə idi, sonrasından xəbərimiz olmadı. Çalışırıq ki, məlumat soyunub-geyinmə otağına daxil olmasın. Çünki uşaqlara təsir edə bilər.  Oyundan sonra bildik ki, "Qəbələ" qələbə qazanıb.  

 

- "Qarabağ"ın oyunçuları təzyiq altındadırlar. Mahir Mədətov azarkeşlər tərəfindən fitə basılır, ötən günlərdə isə Hannes avtomobil qəzası keçirib. Bu hadisələr komandaya necə təsir edir?

- Heç kimə təsir etmir. Hadisədir, baş verib. Hannes uşaq deyil, belə vəziyyətdə özünü idarə etməyi bacarır. Klubun işçiləri onun yanındadırlar, kömək edirlər. İstəməzdik ki, belə hadisə baş versin, amma olub. Həmin hadisəni artıq unutmaq lazımdır.  

 

- Avropa Liqasınını qrupunda keçirdiyiniz hər oyunda məğlub olmusunuz. Bundan sonra məqsədiniz nədir?

- İki məğlubiyyətdən sonra komandada vəziyyət yaxşı deyil. "Vorskla"nı məğlub etməyə, ilk xalımızı qazanmağa çalışacağıq. Bizim üçün önəmli oyun olacaq. Nəsə əldə etmək istəyiriksə, hər şeyimizi meydanda qoymalıyıq. 

Tarix: 20 Oktyabr [23:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Noyabr 2018
15  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio