Vasili Saçko: "Məqsədimiz 3 xal qazanmaqdır" MÜSAHİBƏ

18:04 - 24 Oktyabr 2018

UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Ukraynanın “Vorskla” klubu sabah “Qarabağ”ın qonağı olacaq.
 
Sportal.az xəbər verir ki, Poltava klubunun baş məşqçisi Vasili Saçko oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 
- Öncə bildirim ki, stadion gözəldir. Bizi maraqlı oyun gözləyir. “Qarabağ”la biz qrupda xal qazanmamışıq. Bizim itirəcəyimiz heç nə yoxdur. “Qarabağ” da eyni mövqeydən çıxış edəcək.
 
- Aleksandre Kobaxidze, Geqam Kadimyan və Denis Vasin zədəli olduqları üçün “Qarabağ”a qarşı oynamayacaqlar. Heyətdə başqa itkiləriniz var?
- Onların olmaması bizim üçün böyük itkidir. Onlar aparıcı simalarımızdır. Başqa itkilərimiz yoxdur. Biz “Şaxtyor”, Kiyev “Dinamo”su səviyyəsində deyilik. Amma bizim komanda ruhumuz var. Digər futbolçularımızın özlərini göstərmək üçün böyük şansları olacaq.
 
- Fərrux İsmayılov, Cahangir Həsənzadə, Tərlah Əhmədov, Kamal Quliyev və Samir Əliyevlə vaxtıilə “Volın”da çıxış etmisiniz. Onlarla görüşmək imkanı oldumu?
- Onlara  böyük hörmətim var. Onların vasitəsilə əsl azərbaycanıları tanımışam. Bilirəm ki, xalqınız qonaqpərvərdir. Onlarla telefonla əlaqə saxlayacağıq. Bu gün vaxt tapıb, kofe, ya da çay içəcəyik. 
 
- “Qarabağ”la bağlı düşüncələriniz nələrdi və burdan neçə xalla ayrılmağa ümid edirsiniz?
- Bizim sabahkı oyundan gözləntimiz 3 xaldır. Qrupda favoritlər “Arsenal”la “Sportinq”dir. Çətin qrupa düşmüşük. “Qarabağ”ı yaxşı təhlil etmişik. Rəqibimizin necə komanda olduğunu gözəl bilirəm. “Qarabağ” kompakt futbol oynayan komandadır. Şəxsi keyfiyyətləri yaxşı olan futbolçular var. “Dnepr”ə Avropa Liqasında çətinliklər yaşatmışdılar. Həmin dövrdə “Dnepr” çox güclü idi. “Qarabağ”da hücum xətti sürətlidir. Heyətdə təcrübəli və millilərində çıxış edən futbolçuları var. Təbii ki, “Qarabağ”ın da zəif nöqtələri var. Amma bunları açıqlamayacam. “Arsenal” və “Sportinq”lə oyunlarda qol vəziyyətləri yarada bilmişdilər. İnanıram ki, cavab matçlarında onlardan xal ala bilər. Qurbanov həm milliyə, həm də kluba başçılıq edir. Uzun müddətdir ki, “Qarabağ”dadır. Onunla xeyli maraqlanmışam. Bura qələbə üçün gəlmişik. Məqsədimiz 3 xal qazanmaqdır. Bura dincəlməyə gəlməmişik. “Sportinq”lə görüşdə hesabda irəli olarkən təcrübəsizlik və ehtiyac qüvvənin azlığından xallar itirmişdik.
 
- Komandanın 3 saatlıq uçuşundan sonra futbolçuları oyuna necə hazırlayacaqsınız?
- Az sonra məşqimiz olacaq. Futbolçularımız oyuna tam hazır olacaq.
 
- Kiyev “Dinamo”su ilə oyunun yorğunluğu komandada qalıb?
- Bundan sonra da bizim çətin olacaq. “Qarabağ”da da vəziyyət belədir. Biz hər oyuna yaxşı hazırlaşmaq istəyirik. Amma seçim imkanımız geniş deyil. Avropa Liqası əlavə motivasiyadır. “Dinamo” qarşısındakı məğlubiyyət sabah bizə inanmıram ki, təsir etsin. “Qarabağ”a hörmət edirik, amma çəkinmirik.
 
- Qeqam Kadımyan zədəli olmasaydı, Bakıya gətirləcəkdi? Onun cavab görüşündə oynamaq ehtimalı var?
- Bildiyiniz kimi, onun uzun müddət zədəsi var. Onun cavab matçında oynayıb-oynamaması da bəlli deyil.
 
- Ukrayna millisinin baş məşqçisi “Vorskla” nın oyunlarını tez-tez izləyir. Sabah Bakıdakı oyunu izləyəcək?
- O, tək bizimlə deyil, bütün komandalarla maraqlanır və oyunları izləyir. Sabah onun bura gəlib-gəlməyəcəyini bilmirəm. Amma dəqiq bilirəm ki, TV-də izləyəcək.
 

- Futbolçuların oyuna taktiki baxımdan hazırlığı hansı səviyyədədir?

- Bizim üçün çətin oyun olacaq. Rəqibin çatışmazlıqları barədə futbolçuları məlumatlandırmışıq. Taktiki hazırlığımız yüksək səviyyədədir.

Xəbər xətti