“Qarabağ”da dopinq yoxlamanı kim sifariş edib? AÇIQLAMA

13:05 - 25 Oktyabr 2018

"Əslində, dopinq nəzarəti problemsiz şəraitdə keçmişdi. İdmançılar bunu normal qarşıladılar. AMADA-nın hər bir zaman dopinq test götürməyə ixtiyarı var. Biz bu zaman dopinq test götürülməsi ilə bağlı hər bir qurumdan – WADA-dan tutmuş, UEFA və yerli assosiasiyadan sifariş ala bilərik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) rəhbəri Şəfəq Hüseynli deyib. AMADA əməkdaşlarının Avropa Liqasının qrup mərhələsində "Vorskla" ilə vacib oyun öncəsi gözlənilmədən "Qarabağ"ın futbolçularından dopinq-test götürməsi ciddi müzakirə və narazılıqlara səbəb olub. Ancaq Hüseynli bunun normal olduğunu söyləyib.

 

AMADA-nın direktoru bu məsələ ilə bağlı “kimdən sifariş almışdınız” sualına isə belə cavab verib: "Kimdən sifariş almağımızı açıqlaya bilmərik. Bu, tam məxfidir. Biz bu məsələni sifariş, araşdırma və ya öz planımıza uyğun edə bilərik – bunlar hamısı gizli məsələlərdir və AMADA-nın daxili işi sayılır. Ad açıqlansa, həmin qurum və ya ölkəni pis vəziyyətdə qoya bilərik. May ayında qəbul olunmuş Avropa antidopinq qaydaları məxfiliyə üstünlük verir. Həmin açıqlamaya görə çox böyük məbləğdə cərimələnə bilərik”.

 

Şəfəq Hüseynli onu da bildirib ki, bu futbolçulardan götürülmüş ilkin testlər müsbət çıxacağı halda, növbəti prosedurlara başlanılacaqdı. Lakin adıçəkilən oyunçularda test nəticələri neqativ olduğundan sonrakı mərhələyə ehtiyac qalmayıb.

 

Qeyd edək ki, AMADA-nın əməkdaşları gözlənilmədən “Qarabağ”ın məşq etdiyi Bakı Olimpiya Stadionuna gediblər. Daha sonra isə agentliyin nümayəndələri komandayla birgə “Qarabağ”ın Suraxanıdakı bazasına yollanıblar və 7 futbolçu - Ernesto Emeqara, Simeon Slavçev, Abdullah Zubir, Ansi Aqolli, Araz Abdullayev, Şahruddin Məhəmmədəliyev və Abbas Hüseynovdan dopinq-test götürüblər (oxu.az)

Xəbər xətti