"Qarabağ"ı məyus edən: "İrəli gedə bilmirdik"

01:24 - 26 Oktyabr 2018

"Qarabağ" yüksək hədəfləri olan güclü komandadır. Rəqibimiz yerli çempionatda və Avropa arenasında yaxşı çıxış edir".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Vorskla"nın futbolçusu Vladislav Kulaç Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a 1-0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. Oyunda yeganə qolun müəllifi olan "10 nömrə" matçın asan keçmədiyini deyib:

 

"Bizim üçün asan oyun olmadı. İkinci hissəyə qolla başladıq və bir az fərqli oynamağa başladıq. Üstünlüyümüzü sona qədər qoruduq və evə 3 xalla dönürük".

 

25 yaşlı hücumçu "Qarabağ"ı yaxşı təhlil etdiklərini deyib: "Qarabağ"ı yaxşı təhlil etmişdik. Hər şey üçün hazırlıq görmüşdük. Sadəcə, ilk hissədə oyunumuz istədiyimiz kimi getmirdi. "Qarabağ"ın bir neçə qol imkanı oldu. Sözün düzü, bizim o qədər də imkanımız olmadı. Fasilədə baş məşqçi "hücum etməyin vaxtı gəlib, irəli gedin" dedi. Düzdür, qol vurduq, amma irəli gedə bilmirdik, qol imkanı yaratmadıq. Amma əks-hücumlara çıxa bilirdik".

 

Müqavilə ilə Donetsk "Şaxtyor"una məxsus olan Kulaç stadiondakı atmosferi şərh edib: "Oyuna heç də az azarkeş gəlməmişdi. Sadəcə, olduqca böyük arenadır. Ona görə də azarkeşlər çox az görünür. Baxmayaraq, sayları heç də az deyildi. "Qarabağ"a dəstək var idi. Azarkeşlərə də, "Qarabağ"a da uğurlar arzu edirəm. Fanatlar hər zaman "Qarabağ"ı dəstəkləməyə gələrlər, buna ümid edirəm".

Xəbər xətti