Yakub Jezniçak: “Vorskla”nı səfərdə uda bilərik”

12:49 - 26 Oktyabr 2018

“Bizim üçün çox ağır oyun oldu. “Vorskla” müdafiədə çox sıx oynadığından qol epizodları yaratmaqda çətinlik çəkirdik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Yakub Jezniçak Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Vorskla”ya 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

 

Məğlubiyyəti şərh edən polşalı futbolçu rəqibin yaxşı müdafiə olunduğunu söyləyib: "Statistikaya da baxdım, qapıya doğru gedən cəmi 1 dəqiq zərbəmiz olub. Eyni sözləri rəqib haqda demək olar. Onların da bir zərbəsi oldu, ancaq bizim epizoddan fərqli, qolla nəticələndi. Müdafiədə çox yaxşı çıxış etdilər. Demək olar ki, boş zona saxlamamışdılar. Bir qol vurdular, görüşün taleyini həll etdilər. Futboldur, burada hər şey olur”.

 

32 yaşlı arxa xətt oyunçusunun sözlərinə görə, “Vorskla” kimi sıx müdafiə olunan komandalara qarşı oynamaq çətin olur: “Vorskla”dan fərqli, topu özümüzdə daha çox saxlayırdıq. Amma həlledici məqamlarda hücumçuları topla təmin edə bilmirdik. Bu da rəqibin yaxşı müdafiə olunması ilə bağlı idi. Belə komandalara qarşı oynamaq çətin olur. “Sportinq” və “Arsenal” açıq futbol oynadığından, həmin matçlarda qol imkanlarımız daha çox olmuşdu”.

 

Jezniçak 2 həftə sonra bu komanda ilə Ukraynada keçiriləcək oyun haqda da danışıb: “Vorskla”nı səfərdə uda bilərik. Məncə, səfərdəki oyun da belə olacaq. Rəqib etibarlı müdafiə olunub, əks-hücumlarda qol vurmağa çalışacaq. Bununla belə, Ukraynadan 3 xalla qayıtmaq mümkündür”.

Xəbər xətti