Rauf Əliyev qalmaqaldan danışdı: "Hisslərimi cilovlaya bilmədim" MÜSAHİBƏ

21:13 - 27 Oktyabr 2018

Topaz Premyer Liqasının 9-cu turunda "Qəbələ" səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə edib.
 
Sportal.az xəbər verir ki, oyundan sonra "qırmızı-qaralar"ın hücumçusu Rauf Əliyev jurnalistlərə müsahibə verib. 29 yaşlı forvard öncə oyunla bağlı danışıb:
 
- Maraqlı oyun oldu. Erkən qollar buraxdıq. Hesabı bərarbərləşdirə bildik. Qələbə qolunu vurmaq şanslarımız da oldu.
 
- 0-2 hesabı ilə uduzduğunuz oyundan 1 xal qazanmağı qənaətbəxş sayırsan?
- Yuxarı yerlər üçün oynayırıqsa, bizim üçün yaxşı deyil. Amma sizin dediyiniz kimi yanaşsaq, qənaətbəxşdir.
 
- “Sumqayıt”ın oyuna yüksək tempdə başlaması sizi sarsıltmadı?
- Yüksəsk temp deməzdim, sadəcə, standart vəziyyətlərdən qollar vurdular. Buna görə də diqqətli olmalı idik. İlk hissədə bir qol vurmağımız işimizə yaradı. Udmaq şansımız da var idi. Sadəcə, istifadə edə bilmədik.
 
- Oyunun sonlarında gərgin anlar yaşandı. Ehtiyat oyunçular skamyasında əyləşsən də, sən də qırmızı vərəqə alaraq, meydanı tərk etdin.
- Dördüncü hakim – Ramil Əhmədova dedim ki, Bəhlul Mustafazadəyə verilən vərəqə yanlışdır. Həmin epizodda başqa oyunçu idi və vərəqə yanlış göstərilib. Əhmədov da mənə bildirdi ki, mənimlə niyə qışqıra-qışqıra danışırsan? Buna görə də baş hakim Orxan Məmmədov məni cəzalandırdı. Mən başa düşmürəm ki, o, niyə belə qərar qəbul etdi? Vəziyyəti anlamağa çalışırdım. Mənim dediklərimi necə anladığını başa düşmədim.
 
- Hakimi təhqir etdin?
- Vərəqədən əvvəl söyüş söyməmişəm. Hakim bildirirdi ki, Rauf mənimlə qışqıra-qışqıra danışır. 
 
- Amma qırmızı vərəqədən sonra deyəsən, nalayiq sözlər işlətdin.
- İkinci sarı vərəqədən sonra hisslərimi cilovlaya bilmədim. Orada qaydanı pozan Bəhlul deyildi. Səhv etmirsəmsə, Stankoviç idi. Adamı yandıran odur ki, axı mənə niyə ikinci sarı vərəqəni verirsən?

Xəbər xətti