U-16 Liqası: 6-cı turun təqvimi

10:14 - 30 Oktyabr 2018

Noyabrın 1-2-də U-16 Liqasında 6-cı turun oyunları keçiriləcək. 6 oyun ayın ilk gününə, yalnız ROİL – «Səbail» qarşılaşması ertəsi günə təyin olunub.

 

Turun mərkəzi oyunu Aviasiya Akademiyasının stadionunda baş tutacaq. 3-cü pillədə qərarlaşan, lider «Keşlə»dən 2 xal geri olan və çempionatda məğlub üzü görməyən 2 komandadan biri «Zirə» iddialı «Qarabağ»ı qəbul edəcək. Oyunun favoriti meydan sahibləridir. Onlar qələbə sayəsində azından turnir cədvəlindəki mövqeyini qoruya biləcəklər. «Qarabağ» qalib gələcəyi təqdirdə «Zirə» ilə xallların sayını bərabərləşdirəcək və rəqibi keçəcək.

 

Daha bir maraqlı oyun «Dalğa Arena»nın ehtiyat meydanında keçiriləcək. Yeni formalaşan «Neftçi» 2-ci pillədə qərarlaşan «Sabah»ı qəbul edəcək. Mirbağır İsayevin yetirmələrinin «Sabah»ı məğlub etmə ehtimalı az olsa da, mümkünsüz də deyil. «Sabah»ın Gəncədə Gəncə TİM-lə oyunda 0:3 hesablı məğlubiyyətini yada salmaqla fikrimizi əsaslandırmış olarıq. 

 

Digər oyunlara gəlincə, «Qəbələ» - «Turan Tovuz», Gəncə TİM – İsgəndər Cavadov BFA oyunlarında meydan sahiblərinin, ROİL – «Səbail» matçında isə qonaqların qələbə qazanma ehtimalı olduqca yüksək dəyərləndirilir. «Viləş» - «Neftçi» İK İB oyununda «Viləş»in evdə daha yaxşı təsir bağışladığını nəzərə alsaq, istənilən nəticə qeydə alına bilər. 

 

Nəhayət, çempionatın lideri «Keşlə» «Sumqayıt»ın qonağı olacaq. Qonaqlar heyət və oyun baxımından matçda qalib gəlməyə borcludurlar. Amma «Sumqayıt»ı təcrübəli Vaqif Paşayevin çalışdırdığını və ötən mövsüm bu komandaların Sumqayıidakı oyununda 2:2 hesablı bərabərliyin qeydə alınması bu dəfə də sürpriz nəticə ola biləcəyinə işarədir. 

 

U-16 Liqası, 6-cı tur

01 noyabr (cümə axşamı)


12:00 «Zirə» - «Qarabağ» (Aviasiaya Akademiyasının stadionu)
13:30 «Neftçi» - «Sabah» («Dalğa Arena»nın ehtiyat meydanı)
14:00 «Qəbələ» - «Turan Tovuz» (Qəbələ şəhər stadionu)
14:00 «Sumqayıt» - «Keşlə» (Sumqayıt, «Kapitalbank Arena»)
15:00 «Viləş» - «Neftçi» İK İB (Masallı, A.Banişevski adına stadion)
15:00 Gəncə TİM – İsgəndər Cavadov BFA (Gəncə, TİM-nin meydanı)

 

02 noyabr (cümə)

 

12:00 ROİL – «Səbail» (Aviasiya Akademiyasının stadionu)

 

Bombardir: Mehrac Baxşəliyev («Qəbələ») – 7 qol.

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Səyyad Xantəmirov (ROİL), Elcan Şirinov («Neftçi»).

 

«Het-trik news»

 

Xəbər xətti