Emin İmaməliyev: "Özümüzü "Herta"nı keçməyə kökləmişik" MÜSAHİBƏ

15:35 - 1 Noyabr 2018

UEFA Gənclər Liqasında çıxış edən "Qəbələ" II mərhələdə Almaniyanın "Herta" klubuyla qarşılaşacaq.

 

UEFA Gənclər Liqasında mərhələ adlamağı bacaran ilk komanda kimi Azərbaycan futbolunun tarixinə düşən "qırmızı-qaralar"ın baş məşqçisi Emin İmaməliyev Sportal.az saytına müsahibə verib. Gənc mütəxəssis sabahdan "Herta" ilə oynunun hazırlıqlarına başlayacağını deyib:

 

- Hazırlıqlarımız normal şəkildə gedir. Ötən gün çempionat oyununa çıxmışıq. Bu gün futbolçulara istirahət vermişik. Sabahdan "Herta" ilə oyunun hazırlıqlarına start verəcəyik. Heyətimizdə itki yoxdur. Hər şey qaydasındadır. Akademiyanın üzvləri hazırdırlar.

 

- Almaniya futbolunun səviyyəsi barədə danışmağa ehtiyac yoxdur. "Herta"nın oyunlarına baxmısınız?

- Əlbəttə, Almaniya futbolunun səviyyəsi bəllidir, bunu hər kəs bilir. Top ölkənin klubuna qarşı oynayacağıq. "Herta"nın oyunlarını izləmişəm. Kompakt, mobil komandadır. İlk oyunumuz evdə olacaq. Çalışacağıq ki, öz oyunumuzu nümayiş etdirək. Yaxşı oynamaq istəyirik. "Herta" akademiyasına görə Almaniyada ən böyük klublardan biridir.

 

undefined

 

- İlk oyunun evdə keçirilməsi ötən mərhələdə uğurlu oldu. Bu dəfə də eyni ssenari yaşana bilər?

- Evdə oynayırıqsa, çalışmalıyıq ki, sərfəli nəticə əldə edək. Bilirik ki, ağır və çətin oyun olacaq. Buna baxmayaraq, öz oyunumuzu oynamağa çalışacağıq.

 

- "Herta"nın Almaniyada ən böyük akademiyaya sahib olduğu klublardan biri olduğunu bildirdiniz. Futbolçuları belə komandaya qarşı hazırlamaq bir baş məşqçi üçün necə olacaq?

- Hələ ki, oyuna 6-7 gün qalıb. Çalışacağıq ki, məşqlərdə futbolçuları hazır edək. Əlbəttə, bizi çətin rəqibin gözlədiyini bilirik. Futbolçularımız beynəlxalq turnirlərdə oynayıblar. "Şerif"lə oyundan sonra bir qədər də inam artıb.

 

undefined

 

- "Qəbələ" "Herta"nı keçə bilərmi?

- Həyatda mümkünsüz nəsə yoxdur. "Şerif"lə oyundan öncə də açıqlamamda vurğulamışdım ki, bacardığımız qədər irəli getmək istəyirik. "Şerifi"i keçdik, çalışacağıq ki, "Herta"ya qarşı gözəl oyun nümayiş etdirək. Əlbəttə, istəyirik ki, mərhələni keçək. Özümüzü də buna kökləyirik. Daha da irəli getmək istəyirik. Ev oyununda sərfəli nəticə qazanmalıyıq. 

 

Mehman

Xəbər xətti