Rəşad Sadıqovu hədəfə gətirənlər üçün KİÇİK QEYD

15:40 - 1 Noyabr 2018

Son günlər ictimai-siyasi mediada Rəşad Sadıqova qarşı tənqidi yazılar diqqət çəkir. Ən maraqlısı odur ki, həmin yazılarda Azərbaycan futbolunun bərbad gündə olmasının günahkarı kimi Sadıqov göstərilir. Həm çox gülünc, həm də müəmmalı iddiadır. Ona görə gülüncdür ki, 2005-ci ildən futbola yatırılan milyonlarla vəsaiti tar-mar eləyənlər qalıb bir kənarda, tarixi uğurlar qazanmış “Qarabağ”ın kapitanı hədəf seçilir. Müəmmalıdır ona görə ki, Rəşad Sadıqovu günahkar qismində təqdim eləmək kimə lazımdır. Əslində, bu, cinayət hadisəsi kimi bir şeydir. Motivi anlayandan sonra, sifarişçini müəyyən eləmək elə də çətin məsələ deyil...

 

Həqiqətən də Rəşad Sadıqov bu gün ağır yükün altına girib. Futbolçudu, məşqçidi, yeri gələndə idarəçidi. Amma bunun səbəbini Rəşadda axtarmaqdansa, araşdırmaq lazımdır ki, 2005-ci ildən bu yana nə üçün səviyyəli müdafiəçilər, potensiallı məşqçilər, iti zehinli idarəçilər yetişməyib, niyə yaxşı kadrlar az qala yox səviyyəsindədi.Bunun günahkarı Rəşaddırmı? Bu gün futbolumuz elə bir vəziyyətdədir ki, Rəşad Sadıqov və onun kimi bacarıqlı adamlar lazım gəlsə, bir əldə üç yox, lap beş qarpız tutmalıdır. Təki iş getsin, ötən əsrin 90-cı illərinin səviyyəsinə düşən futbolumuzu bir qədər qaldıra bilək.  

 

Rəşad Sadıqovu bəyənib-bəyənməmək, sevib-sevməmək subyektiv məsələdi. Obyektiv olan odur ki, bu adamın Azərbaycan futbolu qarşısında xidmətləri var və onları danmaq, görməzdən gəlmək doğru deyil.

 

Futbolun içində olanlar yaxşı bilirlər ki, Rəşad həm məşqçilik, həm də idarəçilik qabiliyyətinə malik biridir. O, aşağı yaş qrupları üzrə yığmalara nəzarət eləməyə başlayandan sonra bir canlanma hiss olundu bu komandalarda. Ancaq nəticə əldə etmək 1 ilin işi deyil. Boşa verilən 15 ilin nəticəsi kimi həmin milliləri ayağa qaldırmaq üçün 4-5 il vaxt lazım olacaq. Və bu Rəşad Sadıqovun yox, illərdi milyonları tar-mar eləyənlərin günahıdı!

 

Sportal.az

Xəbər xətti