Vaqif Cavadov "Keşlə"ni favorit adlandırdı: "Burda gülməli nəsə yoxdur"

19:37 - 3 Noyabr 2018

"Yaxşı oyun nümayiş etdirdik. Oyuna baxmağa gələn azarkeşlər zövq aldılar".

 

Sportal.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının 10-cu turunda evdə "Neftçi"yə 0:1 hesabıyla uduzan "Keşlə"nin yarımmüdafiəçisi Vaqif Cavadov deyib. 29 yaşlı futbolçu erkən qolun oyunun taleyini həll etdiyini bildirib: "Erkən qol oyunun taleyini həll etdi. Bizdə sadəcə, qol vurmaq çatışmırdı. Başqa hər şey qaydasında idi. Yalnız toru silkələyə bilmədik. Qol imkanlarımız oldu, əla oynadıq. Belə oynamağa davam etsək, gələcəkdə yaxşı olacaq”.

 

Vaqif Cavadov Tərlan Əhmədov gəlişindən sonra "Keşlə"nin oyununda irəliləyiş olduğunu söyləyib: "Siz özünüz görürsünüz ki, nələr dəyişilib. Oyun praktikası, gedişat və üslubumuz indi fərqlidir. Belə oyun komandaya kömək edəcək".

 

"Ötən oyun "Qarabağ"a, bu tur isə "Neftçi"yə qarşı oynadın. Hansı komandanın çempionluq şansları daha çoxdur" sualına Vaqif Cavadov belə cavab verib: "Müqayisə etmək istəmirəm. Favorit “Keşlə”dir. Burda gülməli nəsə yoxdur. Hələ ki, heç nə bitməyib. Futbolda hər şey mümkündür. Əlbəttə, çempionluğa oynayırıq. Bu komanda “İnter” adıyla mübarizə aparanda da sübut etdi ki, xal fərqi ciddi problem deyil. Sadəcə, inanmaq lazımdır".

Xəbər xətti