Qurban Qurbanov: "Futbolda bir komandanın 20 il ardıcıl çempion olması kimi qanun yoxdur"

21:43 - 3 Noyabr 2018

Topaz Premyer Liqasının X turunda keçirilən “Qarabağ” – “Sumqayıt” oyunundan (2:0) sonra keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb.
 

 Sportal.az xəbər verir ki, 46 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb:

 

- Futbolçularımı təbrik edirəm. Həmçinin azarkeşlərimizi də. Biz işə fərqli yanaşırıq, digərləri fərqli. İstər-istəməz oyunçularda gərginlik var idi. Bəzi səhvləri nəzərə almasaq, onlardan razı qaldım. Nazim müəllimə uğurlar arzulayıram. Öz oyun üslubunu tam qaydasına salıb. Bunlar göstərir ki, çempionatda qarşıdakı matçlar daha ağır olacaq. Futbolçuların bugünkü oyunu məni razı saldı.

 

- Son dəqiqələrdə Kintananı meydana buraxdız. Onu Poltavadakı görüşdə də görə bilərik?
- Əsas heyətdə deyil, sonradan daxil ola bilər. Yenə də oyunçuların hazırlığına baxacağıq. Orda da məşq olacaq, sonra “18-liy”i quracağıq. Hər oyunçunun iştirak imkanı var.
 
- Uğursuzluq seriyasına bu arenada son qoyduz. Oyunun gedişində düşünmədiz ki, kaş avrokubok matçlarını da burda keçirəydik?
- Belə bir fikir olmadı. Bura uğursuzluğa son qoymaq üçün gəlməmişdik. Ancaq yenə də oyunçular özlərini burda kompakt hiss edirlər. İstədik ki, dəyişik arena olsun, futbolçular fərqli hiss etsinlər. Bura, bəlkə də, daha çox öyrəşiblər. İnşallah, gələn il bir qərar qəbul edərik. Demirəm ki, burda oynasaydıq, fərqli nəticə əldə edərdik. Amma bu stadionun fərqli özəlliyi var.
 
- “Neftçi”ni keçə bilərsizmi?
- Bu suala cavab verə bilmərəm. Qarşıda çox oyunlarımız var. Futbolçuları bu ağır qrafikdən yaxşı çıxarmağı düşünürük. Bəzən bunlar zədəyə gətirib çıxarır. Qarşımıza məqsəd qoymamışıq ki, mütləq qarşıdakı matçlarda “Neftçi”ni keçməliyik. Məqsədimiz hər görüşdə qələbə qazanmaqdı.

 

- Bu gün heyəti Poltavadakı matçı düşünərək qurduz?
- Xeyr, daha çox bugünkü oyunu düşünərək.
 
- “Neftçi” ilə oyundan sonra demişdiz, söz-söhbət gəzir ki, çempionluqdan yorulmuşuq. İctimaiyyətdə isə belə fikir formalaşıb ki, “Qarabağ” geri çəkilib, “Neftçi” çempion olacaq...
- Xeyr, belə bir şey yoxdu. Futbolda bir komandanın 20 il ardıcıl çempion olması kimi bir qanun yoxdu. Biz yorulmamışıq. Senarini kim yazıbsa, bunu bilmirik, nə siz, nə mən. Bizim neçə illərdi məqsədimiz yaxşı, intizamlı oyun göstərmək və istənilən halda özümüzü yaxşı aparmaqdı.
 
- Azarkeşlər Ukraynadakı görüşdən qisas gözləyir...
- Azarkeşlərə həmişə təşəkkür etmişəm. Bizim azarkeşlərimiz “Qarabağ”dan gözləməyib, kimdən gözləməlidi? Biz vicdanla işləməyə, azarkeşlərimizi sevindirməyə çalışırıq. Hardasa alınmır, çatışmayan cəhətlər olur. Amma həmişə yaxşı nəticə qazanmaq, Qarabağın adını, Azərbaycanımızın adını gözəl təmsil etməyə çalışırıq. Uduzanda hamıdan çox bizə pis təsir edir. İnşallah, yaxşı oyun və uğurlu nəticə üçün Ukraynaya gedəcəyik.
 
- Geryenin düşərgəyə gec döndüyü üçün cəzalandırıldığı deyilir. Bu, doğrudumu?
- Klubdaxili olan məsələdi. Amma cəza var. Necə cəzalandırılıb, futbolçu daha yaxşı bilir. Bəzən elə hal olur ki, oyunçu cəzalanır və özü bunu düzgün qəbul edir. Kodekslə tanış olurlar və söz deməyə nəsə olmur.
 
- Gərginlikdən danışdız. Amma bu gün meydanda daha rahat görünürdüz. Bəlkə bu stadion sizə düşür?
- Düşər-düşməz barədə heç vaxt düşünmürəm. Səbəb kimi həmişə nəyisə düzgün etmədiyimizi görürəm. Fərqli aura olması üçün burda oynadıq. Avrokuboklarda neçə illər bu stadionda oynamışıq. Azarkeş toplusu tam fərqlidi. Bu gün stadionda 15 min azarkeş olsaydı, hər şey tam fərqli görünərdi. Olimpiya Stadionu gözəl arenadı. “Çelsi”yə böyük hesabla uduzanda da azarkeşlər razı getmişdilər. 60 min adam həyəcanlanırdı, fərqli fikirlər söyləyirdi. Amma digər oyunda 15 min azarkeşdən o səs hiss olunmurdu. Bu sayda azarkeş “Tofiq Bəhramov” olsaydı, bəlkə fərqli alınardı. Məğlubiyyətlərimiz var, amma uğura inanmalıyıq. Belə turnirlərdə 2-3 qol epizodu olur, bundan istifadə etmək lazımdı. Azarkeşin, mətbuatın tələb etmək borcudu. Biz də bunu normal qəbul edirik.

Xəbər xətti