Bəxtiyar Soltanov 903 günlük həsrətə Qəbələdə son qoydu

12:26 - 5 Noyabr 2018

Topaz Premyer Liqasının X turu “Sabah”ın futbolçusu Bəxtiyar Soltanov üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, klubunda 6-cı çempionat matçına çıxan 29 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinin heyətində qol hesabını açıb. Bu, “Qəbələ” ilə səfərdəki görüşə (1:2) təsadüf edib.

 

O, 159-cu matçında 20-ci dəfə rəqib qapısına yol tapıb. İlk qolunu 2008/09 mövsümündə “Bakı”nın heyətində vuran Soltanov ümumilikdə 5 klubun heyətində fərqlənib. O, paytaxtın eyniadlı təmsilçisində 10, “Kəpəz”də 6, “Qəbələ”də 2, “Qarabağ” və “Sabah”da 1 dəfə rəqib qapısına yol tapıb.

 

Bəxtiyar Premyer Liqada son qoluna iki il yarım əvvəl imza atmışdı. Bu, yarımmüdafiəçinin “Kəpəz”də çıxış etdiyi 2015/16 mövsümünə təsadüf edib. O, 903 gün əvvəl - 2016-cı il mayın 15-də “Zirə”ylə səfər qarşılaşmasında (2:2) fərqlənib.

Xəbər xətti