Almeyda: "Qazaxıstan çempionatı yaxşıdır, amma "Qarabağ"a dönmək istəyirəm" MÜSAHİBƏ

15:24 - 10 Noyabr 2018

Millimizin və "Astana"nın yarımmüdafiəçisi Braziliya mətbuatına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu "Qarabağ"dakı illərindən danışıb və yenidən Azərbaycana qayıtmaq istədiyini deyib.

 

- Azərbaycana necə yollanmışdınız?

- 2012-ci ildə Portuqaliyanın "Jil Visente" klubundan ayrıldıqdan sonra "Qarabağ" və "Legiya"dan təklif aldım. Agentim Azərbaycandan gələn təklifin daha yaxşı, sərfəli olduğunu dedi. Atam məni fərqli ölkəyə göndərməkdə qorxurdu. Ancaq maliyyəni nəzər alaraq, buna "yox" demək olmurdu.

 

- Yeni ölkədə mədəniyyət, mentalitet, dil, din və qidaya necə öyrəşdiniz?

- Bakıya çatanda şokda idim. İngiliscə bilmirdim. Orada din, mədəniyyət, mentalitet fərqli idi. Azərbaycanda yediyim qədər quzu kababını heç yerdə dilimə vurmamışdım. İlk vaxtlar futbolçular mənə kömək edirdilər. Onlar görürdü ki, mən yaxşı futbolçu və insanam. Komandaya kömək etmək istəyirdim və bunu başa düşürdülər. İndi "Astana"da olsam da, qayıtmağımı istəyən adamlar var. Ötən mövsüm başa çatandan sonra "Qarabağ"ın prezidenti mənə və ailəmə təşəkkür etdi. Məni Azərbaycana apararaq, orada gözəl 6 il keçirməyimə səbəb olan agentimə təşəkkür edirəm. Həm insan, həm də futbolçu kimi inkişaf etdim. Azərbaycanın mədəniyyəti mənə təvazökar olmağı və başqalarına hörmətlə yanaşmağı öyrətdi. Bu da ən vacib amildir.

 

- Futbola hücumameyilli yarımmüdafiəçi kimi başlasanız da, indi mərkəzdə çox oynayırsız.

- "Qarabağ"da "10 nömrə" funksiyasını yerinə yetirirdim. Ancaq Çumbinyonun gəlişindən sonra baş məşqçi Qurban Qurbanov mənə arxada oynayıb-oynamayacağımı soruşdu. Buna razı oldum. Hücuma başlamağı sevirəm.

 

- Qurban Qurbanov sizin üçün ən önəmli məşqçidir?

- Bəli, o, karyeramın ən önəmli məşqçilərindən biridi. Qurbanov Portuqaliadakı oyunlarıma baxaraq, transferimi istəmişdi. Qurban Qurbanov orda bossdu. Düzdür, klubda prezident var, ancaq futbolla bağlı bütün işlər baş məşqçidədir. Ölkədə böyük nüfuzu var, millinin də baş məşqçisidir. 10 ildən çoxdur ki, "Qarabağ"ı çalışdırır.

 

- Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandınız. "Çelsi", "Atletiko" və "Roma" kimi klublara qarşı oynamaq necə təcrübə idi?

- Ən yaxşı xatirələrimdən biri oldu. Dino Ndlovu, Pedro Enrike, Miçel və Dani Kintana ilə birgə yaxşı kolletiv qurmuşduq. Həmişə Çempionlar Liqasında oynamağın xəyalın qururdum. ÇL-in oyunlarına hər zaman TV-dən baxırdıq. Həyəcandan ağlamışdım. Ailəmlə öz arzumu reallaşdırdım. Villian Eden Hazard kimi ulduzlara qarşı oynamaq şərəf hissi idi.

 

- Bəs belə xoşbəxt mühit ola-ola niyə Qazaxıstana yollandınız?

- "Qarabağ"da hər şey əla idi. Orada olan 8 klub da yaxşı səviyyədədir. Futbolçular yüksək əmək haqqları alır. Ancaq "Astana"dan yaxşı təklif almışdım və bunu rədd edə bilmirdim. "Qarabağ"a qışda yeni müqavilə imzalamayacağımı demişdim. Başqa yerdə oynamaqla fərqli mədəniyyətlə tanış olmaq istəyirdim. Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna keçməyə yaxın idim. Azərbaycanın "Qəbələ" klubunu çalışdırmış Roman Qriqorçuk agentimlə görüşdü. "Astana"nın təklifindən bir neçə dəfə imtina etdim. Ancaq ailəmlə məsləhətləşib, yekunda 2 illik müqavilə bağladıq. Qazaxıstan çempionatı yaxşıdır, ancaq "Qarabağ"a qayıtmaq istəyirəm. Üstəlik, "Qarabağ"da geri dönməyimi istəyir. Ola bilər ki, bir il də "Astana"da qalım. Qazaxıstanda hava çox soyuqdur.

 

- Azərbaycan vətəndaşlığını almaq necə baş verdi?

- "Qarabağ"a gəldiyim ilk gündən məni millidə görmək istəyirdilər. Ancaq bu mümkünsüz idi. Azərbaycana heç bir bağlılığı olmayan bir şəxsəm. Bunun üçün 5 il ölkədə yaşamalısan. Həmin zaman milliyə başçılıq edən Robert Prosineçki məni qəhvə içməyə dəvət etdi və vətəndaşlıq məsələsi barədə danışdıq. Həmin vaxt proses gedirdi və millidən imtina etmək istəmirdim. Həyatımdakı hər şeyi Azərbaycan və "Qarabağ"a görə əldə etmişəm. Prosineçki və AFFA-nın təklifinə razı oldum. Baş məşqçim də məni razı saldı. Azərbaycan millisində oynamaq böyük şərəfdir. Azərbaycanı sevirəm. Bu ölkənin millisinə kömək etmək istəyirəm. Əlbəttə, Braziliya yığmasında oynamaq istəyərdim. Ancaq mən dünyanın başqa nöqtəsindəyəm. İtaliya və İspaniyada olsaydım, yığma üzvü olmaq şansım çox olardı. Ancaq maddi baxımdan o ölkələrə getməyə dəymir. Millidə 3 qol vurmuşam. Azərbaycana kömək etmək üçün əlimdən gələni edəcəm. Bu ay Millətlər Liqasında Farer adaları və Kosovoya qarşı vacib oyunlarımız var. Qrupda lider olmaq üçün Kosovo ilə mübarizə aparırıq. Qrupda qalib olan komanda pley-offa yüksəlir. Kosovolu oyunçular Almaniya və digər Avropa çempionatlarında çıxış edirlər. Onların durumu azərbaycanlı futbolçulardan daha yaxşıdır.

 

- Millidə debüt matçını necə xatırlayırsan?

- Şimali İrlandiya ilə oyunda debüt etdim. Almaniya, Norveç, San Marino və Çexiyaya qarşı oynamışam. Almaniya ilə oyun yaddaqalan oldu. İnanılmaz hisslər oldu. Çempionlar Liqasında da belə hisslər yaşamışdım. Almaniya Bundesliqasını TV-də izlə və sonra da onlara qarşı oyna. Xəyal etmədiyim anlar idi.

 

- Braziliyanın 1:7 hesabı ilə uduzduğu Almaniyaya Azərbaycan millisi 1:5 hesabı ilə məğlub oldu.

- Bəli, hətta zarafatla paltar dəyişmə otağında dedim ki, bizim nəticəmiz Braziliyadan daha yaxşıdır.

 

- Yenidən Braziliya çempionatına qayıtmaq fikriniz var?

- Çempionlar Liqasında çıxış edəndən sonra Braziliyadan dörd təklif aldım. “Atletiko Paranaense” mənimlə maraqlanırdı. Onlar yarımmüdafiəçi axtarırdılar. Ancaq uzun müddətdir ki, Avropada yaşayıram. Bura uyğunlaşmışam. Qızım üçün bura rahatdı. Həyat yoldaşım, mən və qızım ingilis dilini öyrənirik.

 

- Karyeranızı başa vurduqdan sonra Brazliyiyaya qayıdacaqsınız, yoxsa Azərbaycanda yaşamaq istəyirsiniz?

- Soyuq havanı heç xoşlamıram. Gələcəkdə nə olacağını bilmirik. Çimərlik həyatını sevirəm. Uzun müddətdir ki, Braziliyadan çıxmışam. Məşqçi olub-olmayacağımı isə bilmirəm. Ola bilər ki, "Qarabağ"da işləyim.

Xəbər xətti