“Qarabağ”la “Qəbələ”nin 49-cu dueli

12:46 - 11 Noyabr 2018

Topaz Premyer Liqasında 11-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə öncəsi baş tutan turda “Qəbələ” “Qarabağ”la qarşılaşacaq. 

 

Qəbələ şəhər stadionunda keçiriləcək matç komandalar arasında 49-cu duel olacaq. Rəqiblər indiyədək 48 dəfə üz-üzə gəlib. Hesabında 11 qələbə olan “qırmızı-qaralar” 17 dəfə heç-heçə edib və 20 dəfə məğlub olub. Bu görüşlərdə “Qəbələ” 42, “Qarabağ” 59 qola sevinib. 

 

“Qəbələ”nin heyətində 28 fərqli futbolçu rəqib qapısına yol tapıb. Braziliyalı Dodo hamıdan çox – 5 dəfə fərqlənibsə, Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə qol vurub.

 

Premyer Liqada 42-ci dəfə görüşəcək rəqiblər Azərbaycan kubokunda 7 dəfə üz-üzə gəlib. Çempionatdakı 41 görüşdə ağdamlılar 19, “qırmızı-qaralar” 10 dəfə 3 xal əldə edib. 12 qarşılaşmada qalib müəyyənləşməyib. Premyer Liqada “Qəbələ” 37 qol vurub, 53-nü buraxıb.

 

“Qəbələ” 23-cu dəfə “Qarabağ”ı öz meydanında qəbul edəcək. Əvvəlki 22 ev oyununda 7 qələbəsi olan “qırmızı-qaralar” 7 heç-heçə edib və 8 dəfə uduzub. Bu matçlarda tərəflər hərəyə 24 qol vurub.

Xəbər xətti