"Sumqayıt" seçim qarşısında: Ən real namizəd Ayxan Abbasovdu QEYD

17:59 - 12 Noyabr 2018

Nazim Süleymanovun istefası gözlənilməz olmadı. Çünki “Sumqayıt” get-gedə həm oyun planında, həm də nəticə baxımından istəniləni ortaya qoymurdu. Belədə, qarşısına avrokuboklara vəsiqə qazanmaq hədəfi qoyan klub rəhbərliyi nəyisə dəyişmək qərarına gəldi.

 

İndi hamı üçün maraqlı olan “Sumqayıt”ın kimə tapşırılacağıdır. Ən real namizəd kimi isə Ayxan Abbasovun adı hallanır. Niyə Abbasov? 8 komandalı çempionatın 11-ci turunda 3-cü baş məşqçi istefası diqqət çəkən mənzərədi. Həmin istefa dalğası elə Ayxan Abbasovdan başlamışdı. Əslində, cəmi 2 turdan sonra “Zirə”nin onu  istefaya göndərməsi yumşaq desək, tutarlı qərar deyildi. Ayxan Abbasov 2 tura 1 xal toplamışdısa, onun yerinə gələn Samir Abbasov 9 tura “Zirə”nin aktivinə cəmi 5 xal əlavə eləyib və komanda sonuncu pillədə yer alır.    

 

Hər halda Ayxan bəy üçün “Zirə” dəftəri qapanıb və gənc mütəxəssis kimi irəli baxmalı, inkişaf etməlidi. O, Premyer Liqa təcrübəsi olan, “Zİrə” ilə Avropa Liqasında mərhələ adlamış mütəxəssisdir. Digər tərəfdən “Sumqayıt”da yer alan futbolçuların əksəriyyətinə yaxından bələd olan Abbasov üçün bu komandanın potensialını tam açmaq çətin olmamalıdır. Lakin məsələnin başqa tərəfi də var. Bu gün “Sumqayıt” rəhbərliyi istər Ayxan Abbasov, istərsə də bir başqa məşqçinin qarşısında avrokuboklar hədəfini “ölüm-qalım” tapşırığı kimi qoymalı deyil. Əslində, bu, mümkünsüz şərt deyil. Qeyri-sabit “Qəbələ”, heç cür toparlana bilməyən “Zirə”, avrokuboklara qatılmaq hüququ olmayan “Sabah”, “Sumqayıt”ın “dişinə” görə olan “Keşlə” və “Səbail”. Göründüyü kimi Avropa Liqasına vəsiqə qazanmaq mümkündür. Lakin baş məşqçini təzyiq altında saxlamaq işin xeyirinə olmayacaq.

 

Ayxan Abbasov savadlı mütəxəssisdi, üzərində çalışan adamdır. Amma onun “Sumqayıt” rəhbərliyi ilə hansı münasibətdə olduğunu bilmirik. Çünki məşqçi təyinatında bu amil çox vacibdi. Rəhbərliklə baş məşqçinin futbola baxışları, işə yanaşması uyğun olmasa, nəticəyə nail olmaq çətin alınar. İndiki halda isə potensial namizədlər arasında ən real olan Ayxan Abbasovdur.     

 

Sportal.az

Xəbər xətti