"Torba əməliyyatı"ndan danışan Orxan Sadıqlı: "Məhəllədəki uşaqlar deyirlər ki, sizdən yaxşı oynayırıq" MÜSAHİBƏ

16:18 - 13 Noyabr 2018

"Sumqayıt"ın qapıçısı Orxan Sadıqlı Sportal.az saytına müsahibə verib.

 

- Nazim Süleymanov komandadan ayrıldı. Açıqlamasında narazı qaldığı məqamları söylədi. "Keşlə" ilə oyunda qırmızı vərəqə almağın söz-söhbətlərə səbəb oldu.

- Heç kim istəməzdi ki, baş məşqçi istefa versin. Futbol elə bir şeydir ki, bu gün məşqçi gedibsə, sabah sən də gedəcəksən. Həqiqətən də son oyunda aldığım qırmızı vərəqə söz-söhbətlərə səbəb oldu. Üstəlik, müqavilə ilə “Keşlə”yə məxsusam. Allah hər şeyə şahiddir. Kimsə kiminsə üstünə böhtan atırsa, cəzasını Allah versin. Kim bilərəkdən oynamırsa, məşqçiyə “torba tikirsə” həmin şəxsin də Allah bəlasını versin. Futbol kişi oyunudur, burda mübarizə gedir.
 
- Deyilənə görə, oyundan sonra evə “Keşlə”nin rəsmisiylə getmisən.
- Bu qədər böhtan olmaz. Allah hər şeyi görür. Üstümə şər atanların Allah cəzasın versin. Bunu deyənlər, yazanlar əgər evdə ailələrinin üzünə baxa bilirlərsə, gərək, düz danışsınlar. Mənim hazırda “Keşlə”nin rəhbərliyi, mətbuat xidməti və hətta mühafizəçiləriylə belə münasibətim yoxdur. Baxmayaraq ki, müqavilə ilə onlara məxsusam. Mənim yanımda “Keşlə”nin futbolçusu Tərlan Quliyev olub. Onun maşını təmirdədi və mən də Tərlanı evinə apardım. Mənə böhtan atanları Allaha tapşırıram.
 
 
- 11 tura 5 qırmızı vərəqə qaranlıq məqam oldu. Nazim Süleymanov da bundan narazı idi.
- Qırmızı vərəqələr hərəsi bir oyunda olub. İkisi birbaşa verilib. Onun birini mən, digərini kapitan Vurğun Hüseynov alıb. “Keşlə” ilə oyunda o qədər istəkli idim ki... İstəməzdim ki, o epizodda qırmızı vərəqə alım. Həmin oyunda çox zəif çıxış etdik. Qohum-qonşu zəng edib deyir ki, bu nə oyundu oynayırsız? Məhəllədən uşaqlar gəlib deyirlər ki, sizdən yaxşı oynayırıq. Hansı hadisələrin baş verdiyini bilmirəm. Əgər nəsə varsa, həmin şəxslərin Allah bəlasını versin. Bu qədər ailələr burdan çörək yeyir. Mən “Sumqayıt”a gələndən mənfi nəsə görməmişəm. İnanmıram ki, kimsə kiməsə “torba tiksin”. Futbolçuları da yaxından tanıyıram. Belə şeyə inanmıram. “Keşlə” çempionata zəif başlamışdı, artıq düzəlir. “Zirə” də yavaş-yavaş oyununu tapır. “Səbail” yuxarı yerlərə qalxa bildi. Belə uğursuzluqlar bu komandalarda da olub. Qələbə qazanaraq, vəziyyəti düzəltmək olar.
 
- “Sumqayıt” ilk dövrədə yaxşı formada olsa da, II dövrə uğursuz keçdi.
- Son iki oyunda qapını mən qorudum. Deyə bilərəm ki, həmin görüşlərdə “Sumqayıt” ən bərbad oyununu keçirib. Nə baş verdiyini bilmirəm. İlk dövrədə 3-cü yerə kimi qalxmışdıq. Amma nə oldusa, son 4-5 oyunda qalib gələ bilmədik. Kim nəsə eləyirsə, başqa söhbət varsa, kimsə kiminsə “torbasını tikirsə” Allah bəlasını versin. Futbol kişilərin oyunudur. Gec-tez hər şey bəlli olacaq. Lazımdırsa, araşdırmalar aparsınlar, layiq olanları da cəzalandırsınlar. “Keşlə”yə məxsus olsam da, “Sumqayıt”ın çörəyini yeyirəm. Uğursuz çıxışlar futbolçulara pis təsir edir. Yeni baş məşqçinin komandanı düzəltməsini istəyirəm. Əsas odur ki, uğurlu çıxış edək.
 
 
- Bu mövsüm çempionatın səviyyəsi necədir?
- İldə bir komanda ilə dörd dəfə görüşmək marağı azaldır. Ancaq komandaların heyətləri güclüdür. Maraqlı oyunlar keçir.
 
Mehman

Xəbər xətti