Adil Nağıyev: "Premyer Liqada heç bir hücumçudan çəkinmirəm" MÜSAHİBƏ

14:26 - 15 Noyabr 2018

“Zirə”nin müdafiəçisi Adil Nağıyev Sportal.az saytına müsahibə verib.
 
- 100 oyun keçirib klub tarixinə düşdün. 23 yaşında klub tarixinə düşmək necə hissdi?
- Əlbəttə, bu yaşda klubun tarixinə düşmə tam başqa hissdi. Klubun yarandığı ilk ildən burdayam. Artıq 5-ci ildi ki, “Zirə”dəyəm. Bura mənim üçün doğma yerdi. “Zirə” yeni klub olsa da, yarandığı ildən iddialı olub və nəticələr qazanıb. Həyatdı, ola bilər ki, sabah başqa yerdə olaq, amma bura mənim ürəyimdə tam başqa yer tutacaq.
 
Image may contain: 2 people, stadium and outdoor
 
- Samir Abasovun gəlişindən sonra komanda son pillədən hələ də qurtula bilmir. Problem nədi?
- Futbolda enişli dönəmlər də olur. Yaxşı oyun nümayiş etdiririk, amma nəticə yoxdu. Bu da zamanla düzələcək. Uğurlu günlər qarşıdadı.
 
- Samir Abasov ötən dəfə müdafiəçilərdən narazı qaldığını demişdi. Ötən mövsümlərdə stabil çıxış edirdin, hətta milliyə də dəvət almışdın. Bu mövsüm nə baş verir?
- Bu, baş məşqçinin fikridi və buna hörmətlə yanaşmalıyıq. Mən həmişə çalışıram ki, əlimdən gələnin ən yaxşısını edim. İstəyirəm ki, daim stabil oynayım. Futbolda səhvsiz oyunçu olmur. Zamanla çətinliklərin öhdəsindən gələrik.
 
Image may contain: 2 people, outdoor
 
- 12-ci turda "Sumqayıt"ı qəbul edəcəksiz. Ayxan Abbasov "Zirə"dən yeni ayrılıb. Onun oyun sisteminə bələ olduğunuzu nəzərə alsaq, "Sumqayıt"ı məğlub etməyiniz mümkündü?
- Sözün düzü, belə amillərə diqqət yetirmirik. Baş məşqçi dəyişikliklərinə baxmırıq, ancaq öz oyunumuzu düşünürük. Son pillədəyik və bu yerdə qurtulmaq istəyirik.
 
- Robert Prosineçkinin dönəmindən sonra yığmaya çağırılmırsan. Qurban Qurbanovdan bir gün dəvət gözləyirsən?
- Əlbəttə, hər bir futbolçu yığmada oynamaq arzusu ilə yaşayır. Əvvəl bu hissi yaşamışam. Öz üzərimdə daha çox çalışmağa davam edirəm və bir gün yenidən milli formanı geymək şərəfinə nail olaram.
 
 
- Azərbaycan çempionatında güclü legioner və yerli hücumçular var. Adil Nağıyev ən çox hansı hücumçudan çəkinir? 
 
- Açıq şəkildə deyim ki, heç bir hücumçudan çəkinmirəm. Meydana çıxıram və əlimdən gələn hər şeyi edirəm. İnanmıram ki, indi hansısa müdafiəçi və hücumçu bir-birindən çəkinsin. Hər kəs meydana çıxıb canını qoyur. Ola bilər ki, kiminsə oyunu bəzən zəif alınsın.
 
Mehman

Xəbər xətti