U-16 Liqası: Yaddan çıxan oyun

11:11 - 25 Noyabr 2018

Cümə axşamı U-16 Liqasında 9-cu turun 6 oyunu keçirildi. 1 qarşılaşma baş tutmadı. İsgəndər Cavadov BFA – ROİL qarşılaşmasında qonaqlar oyuna gəlmədilər. ROİL-nin baş məşqçisi Samir Əliyev təqvimdəki dəyişiklikdən vaxtında xəbər tutmadıqları üçün oyunun vaxtını «itirdiklərini» söylədi.

 

Xatırladaq ki, bu tur  əvvəlki təqvimə görə noyabrın 29-da keçirilməli idi. 8 və 9-cu turlar arasındakı 14 günlük fasilə U-16 millimizin toplanışı üçün nəzərdə tutulmuşdu. Toplanış olmadığından turlar 1 həftə irəli «sürüşdürüldü». Məhz bu amildən xəbərsiz olan ROİL oyuna getmədi. Samir Əliyevin sözlərinə görə, uşaqlar tətildə olduqları üçün evlərinə göndərilmişdilər. Əgər bilsəydilər, futbolçuları heç hara buraxmazdılar. ROİL rəsmilərinin oyunu növbəti günə ertələmək təklifini isə meydan sahibləri qəbul etmədilər. Baş məşqçi Qəhrəman Əliyev bunu uşaqların dərsdə olmaları və məktəbdən icazə almağın çətinliyi ilə əlaqələndirdi. Böyük ehtimalla, ROİL-ə texniki məğlubiyyət veriləcək. 

 

Baş tutan oyunlara gəlincə, bu tur da liderlər qrupunda olan komandalar meydanı 3 xalla tərk etdilər. Turun mərkəzi oyununda meydan sahibləri qalib gəldilər. Yazımıza elə bu oyunla başlayırıq.

 

«Sabah» - «Zirə» 3:1
Qollar:
Kamil Musayev, 15; Həsən Seyfullayev, 61; Şahin Kərimli, 66 – Cəlal Hüseynov, 34

 

«Zirə» çempionatda ilk məğlubiyyətini əsas rəqiblərdən birindən aldı. Bu qarşılaşmaya kimi hər iki komandanın eyni xalı var idi. Məğlubiyyət tərəfləri liderdən xeyli aralı sala bilərdi…

 

Oyun meydan sahiblərinin hücumları ilə başladı. Nəticədə 15-ci dəqiqədə hesabı məhz «Sabah» açdı. Vüsal Vəliyevdən ötürmə alan Kamil Musayev topu qapıçı Uğur İbrahimovun başı üzərindən qapıya göndərdi. Buraxılan qoldan sonra hücumlarının kəsərini artıran «Zirə» fasiləyə az qalmış hesabda tarazlıq yaratdı. Mirzəbəy Şahbazova qarşı cərimə meydançasının həndəvərində edilən kobudluğu matçın baş hakimi Yuliya Qurbanova qayda pozuntusu kimi qeydə aldı. Zərərçəkmişin özünün qapı önünə asmasını Cəlal Hüseynov başla qapıdan keçirdi – 1:1. Komandalar fasiləyə bu hesabla yollandılar.

 

İkinci hissədə də eyni axarla davam etdi. Hesab bir daha 65-ci dəqiqədə dəyişdi. Yuliya bu dəfə əllə oyuna işarə edərək «Zirə»nin qapısına təhlükəli yerdən cərimə zərbəsi təyin etdi. Topa yaxınlaşan Həsən Seyfullayev onu birbaşa yaxın «doqquzluğ»a göndərdi. Hesabda yenidən geri düşən qonaqlar bərabərliyi bərpa etməyə çalışdıqları bir anda qapılarında daha bir qol gördülər. Vüsalın cinah ötürməsindən sonra Şahin Kərimli başla topu qapıya göndərdi. 

 

Qələbə sayəsində «Sabah» 3-cü pillədəki mövqeyini möhkəmləndirdi. «Zirə» isə lider «Keşlə»dən xeyli aralı düşdü – 7 xal. 

 

«Sabah»ın baş məşqçisi İlqar Mənsimovun sözlərinə görə, rəqibin heyətində ən yaxşı oyunçu Nurəli Nurəliyev idi. Qonaqların çalışdırıcısı Cəfər Hüseynov isə «Sabah»dan Fərrux Fərzəliyevin oyununu daha çox bəyəndiyini söylədi.

 

«Səbail» - «Sumqayıt» 3:2
Qollar:
Rauf Ağasənov, 37, Nicat Quliyev, 51; Xəyal Ələkbərov, 60 – Elmar Turabov, 64;  Emin Zeynalov, 79

 

Oyunun favoriti «Sabail» idi. Gözləndiyi kimi Yaşar Abuzərovun komandası qələbə qazandı. Amma çətinliklə. 
Qarşılaşma meydan sahibləri üçün yaxşı başlamadı. Ərazi üstünlüyünə yiyələnən qonaqlar 2 epizodda qola yaxın oldular. Amma sumqayıtlı futbolçularda dəqiqlik çatışmadı. Tədricən oyunu bərabərləşdirən «Səbail»in də qol vurmaq üçün yaxşı imkanları var idi. Komanda bundan yalnız 37-ci dəqiqədə istifadə edə bildi. Nicat Quliyevdən ötürmə alan Rauf Ağasənov hesabı açdı. İlk yarı elə bu hesabla başa çatdı. 

 

Fasilədən sonra rəqibi qapısına doğru sıxışdıran meydan sahibləri 51-ci dəqiqədə ikinci dəfə fərqləndilər. Fərid Bağırovun ötürməsindən sonra Nicat fərqləndi. 9 dəqiqə sonra «Sumqayıt» qapısında 3-cü qolu gördü. Künc zərbəsindən sonra qapı önünə göndərilən topu Xəyal Ələkbərov «qayçıvari» zərbə ilə tora göndərdi. 
Hesab 3:0 olarkən baş məşqçi Yaşar Abuzərov əsas heyətin bir neçə futbolçusunu əvəzlədi. Bu əvəzləmələr «Səbail»ə az qala baha başa gələcəkdi. 64-cü dəqiqədə Elmar Turabovun buraxılan qollardan birinin əvəzini çıxması qonaqları bir qədər ruhlandırdı. Onlar əsas vaxtın bitiminə 1 dəqiqə qalmış Emin Zeynalovla daha bir qol vurdular. Ardını gətirməyə isə vaxt çatmadı.

 

«Səbail»in baş məqçisi Yaşar Abuzərov «Sumqayıt»ın heyətində ən çox Sərvin İsmayılovla Uğur Nağıyevin oyununu bəyəndiyini söylədi. Qonaqların çalışdırıcısı Vaqif Paşayev isə «Səbail»dən Rauf Ağasənov, Nicat Quliyev və Fərid Bağırovun seçildiyini dilə gətirdi.

 

«Qarabağ» - Gəncə TİM 5:3
Qollar:
Mirmövsün Caniyev, 30, 43; Bəhram Köçərli, 58; Fidayə Əzizov, 62; Denis Əsədullayev, 80 – Nihad Kərimli, 7 (avtoqol); Rəşid Zeynalov, 18; Raul Əlizadə, 80+3 (pen.)

 

Həftənin ən «bərəkətli» oyunu «Sərhədçi»də baş tutdu. Olduqca maraqlı mübarizə şəraitində keçən oyunda sevinən tərəf «Qarabağ» oldu. Oyunun gedişində 2 top geridə olan meydan sahibləri özlərində təpər taparaq dalbadal 5 qol vurmağı bacardılar. Nöqtəni isə qonaqlar qoydular. Raul Əlizadənin penaltidən vurduğu qol gəncəlilər üçün təsəlli xarakteri daşıdı.

 

«Qarabağ»ın baş məşqçisi Asif Əlizadə Gəncə TİM-dən Sərxan Rüstəmovun, qonaqların baş məşqçisi İlham Səmədov «Qarabağ»dan Mirmövsüm Caniyevlə Elnur Əliyevin çıxışını xoşladığını bildirdi.

 

«Neftçi» İK İB – «Qəbələ» 0:5
Qollar
: Mehrac Baxşəliyev, 3, 73; Rahib Bəylərli, 24 (avtoqol); Süleyman Damadayev, 41; Xəyal Səmədov, 54

 

«Qəbələ»nin qalib gələcəyi gözlənilən idi. Lakin bu oyuna kimi qapısında cəmi 7 top görən «Neftçi» İK İB-nin birdən-birə 5 qol buraxacağı bir qədər gözlənilməz oldu. Oyunda dubl edən Mehrac Baxşəliyev «Səbail»li Rauf Ağasənovla çempionatın bombardiri yarışında 1 top önə keçərək «şəriklik»dən imtina etdi. 

 

Oyunun yaxşılarına gəlincə, baş məşqçilər Ramin Babayev və Xaqani Məmmədovla ilə əlaqə saxlayıb rəqibin heyətindəki seçilən futbolçuların adlarını öyrəndik. Onların fikrincə, «Qəbələ»dən Asif Məmmədovla Ümid Həmzəyev, «Neftçi» İK İB-dən Aşkin Abəzərovla Kamran Baloğlanov oyunun ən yaxşıları idilər.
 

«Viləş» - «Neftçi» 0:4
Qollar:
Rəvan Nağıyev, 37; Nihat Cəfərov, 45; Xəlil Osmanlı, 65; Altay Əbdülkərimov, 80

 

Daha bir darmadağın Masallıda qeydə alında. Son turlar özünə gələn «Neftçi» bu dəfə «Viləş»i məğlub etdi. Qələbə sayəsində Mirbağır İsayevin komandası 6-cı pilləyə yüksəldi. Maraqlıdır ki, mövqeyinə baxmayaraq, «Neftçi» çempionatda ən az top buraxan 2-ci komandadır. Onlar bu göstəriciyə görə yalnız lider «Keşlə»dən geri qalırlar. Bu da ona işarədir ki, «Neftçi» birinciliyin ən etibarlı müdafiə xətti olan komandalarından biridir. «Viləş»ə gəlincə, Masallı təmsilçisi geridə qalan müddətdə nə qədər baxımlı oyun sərgiləməyə çalışsa da, qol vurmaqda çətinlik çəkir. 9 oyuna cəmi 2 qol. Bu, komandanın hücum xəttinin həqiqi potensialını əks etdirmir. Hər oyun azı 3-4 real qol şansı yaxalayan komanda ya bəxtsizlikdən, ya da rəqib qapıçıların diqqətli olmasına görə fərqlənə bilmir.

 

Matçın yaxşıları kimlər oldu? «Viləş»dən Tosif İbişov, «Neftçi»dən Nihad Şirinov. Təbii ki, bunlar komandaların baş məşqçiləri Kənan Seyfullayevlə Mirbağır İsayevin fikrləridir.

 

«Turan Tovuz» - «Keşlə» 0:3
Qollar
: Vaqif Həsənov, 17; İsrail Əliyev, 58; Qurban Səfərov, 73

 

Nəhayət, turun bağlanış matçı barədə. Çempionatın lideri uzun Tovuz səfərinə rahat getmişdi. Komandalar arasında səviyyə fərqi qonaqların qalib gələcəyindən xəbər verirdi. Bu, baş verdi. Amma insaf naminə deyək ki, «Turan Tovuz» güclü rəqiblə oyunda xoş təsir bağışladı. Tovuzluların ən böyük çatışmazlığı heyətlə bağlı idi. Futbolçu yoxluğu üzündən baş məşqçi Nizami Ocaqverdiyev əsas heyətə 3 nəfər 2004-cü il təvəllüdlü uşaq salmışdı. Ehtiyatda oturanların 3-ü onların həmyaşıdları, 3-ü isə 2005-ci il təvəllüdlülər idi.

 

Qonaqların üstünlüyü ilə başlayan oyunda ilk təhlükəli epizodlar «Turan Tovuz»un qapısı önündə yarandı. Vaqif Həsənov və Kamal Kazımov real qol şanslarını dəyərləndirə bilmədilər. Buna baxmayaraq, adıçəkilən futbolçular 17-ci dəqiqədə komanda yoldaşlarını sevindirdilər. Kamalın ötrüməsindən sonra Turan Sadıqovla üz-üzə qalan Vaqif topu uzaq küncə göndərdi. «Turan Tovuz»un da qol vurmaq üçün yaxşı imkanı oldu. Fasiləyə yaxın Azər Fərmanovla təkbətək çıxan Sənan Aslanov çərçivəni dəqiq nişan ala bilmədi.

 

Oyunun ikinci yarısında da gedişat dəyişmədi. Əsasən cinahlardan həmlələr edən «Keşlə» bir neçə epizodda hesab arasındakı fərqi artırmağa yaxın olsa da, Turan Sadıqov fantastik sevylərlə buna imkan vermədi. Qonaqlar bir daha 58-ci dəqiqədə fərqləndilər. Əbil Əbilovun qapı önünə etdiyi asmanı Turan geri qaytarsa da, boş qalan İsrail Əliyev tək toxunuşla topu qapıdan keçirdi. Gözləmək olardı ki, bu qoldan sonra «Keşlə» daha rahat oynayacaq. Lakin 65-ci dəqiqədə Əbil Əbilovun meydandan qovulması vəziyyəti qəlizləşdirdi. 3-4 dəqiqə sonra cinahla 60-70 metr reyd edən və qapıçı ilə təkbətək çıxan Talıb Bayramov qol vursaydı, kim bilir oyun hansı hesabla yekunlaşacaqdı. Amma Talıbın zərbəsini Azər Fərmanov qapı xəttindən çıxara bildi. Matçın yekun nəticəsini müəyyənləşdirən qol 73-cü dəqiqədə vuruldu. Oyuna sonradan qoşulan 15 yaşlı Qurban Səfərov Turanla birə-bir mübarizədən qalib ayrıldı.

 

Meydan sahiblərinin baş məşqçisi Nizami Ocaqverdiyev «Keşlə» bütün futbolçularının çıxışını bəyəndiyini söyləməklə yanaşı rəqibin heyətində nisbətənən fərqlənən 2 nəfərin adını çəkdi – Kamal Kazımov və Məhəmməd Tağıyev. Qonaqların baş məşqçisi Xəyal Mustafayev isə tovuzluların heyətində qapıçı Turan Sadıqovla Sənan Aslanovun daha xoş təsir bağışladığını bildirdi.

 

U-16 Liqasında 10-cu turun oyunları noyabrın 29-da keçiriləcək: ROİL – «Viləş», «Qəbələ» - İsgəndər Cavadov BFA, «Zirə» - «Neftçi» İK İB, «Sumqayıt» - «Sabah», «Keşlə» - «Səbail», «Qarabağ» - «Turan Tovuz», Gəncə TİM – «Neftçi».

 

Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ») – 12 qol, Rauf Ağasənov («Səbail») – 11 qol.

 

«Het-trik news»

 

Xəbər xətti