U-15 Liqası: "Zaqatala" da qələbə qazanarmış

21:25 - 25 Noyabr 2018

Həftəsonu U-15 Liqasında 9-cu turun oyunları keçirildi. Tur bir çox maraqlı məqamlarla yadda qaldı. Onlardan ən birincisi liderlər qrupunda yer alan komandaların yenə də məğlub olmamasıdır. Başqa sözlə, 4 komanda çempionatda məğlubiyyətsiz irəliləyir. Digər maraqlı məqam lider «Qəbələ»nin 9 oyunda qapısından top buraxmamasıdır. «Qəbələ»nin iştirakı ilə keçirilən mərkəzi oyunda da qapısını toxunulmaz saxlamağı bacaran əyalət təmsilçisi bu həftə özünəməxsus rekordu yeniləyə bildi. Tur haqqında yazımıza elə mərkəzi oyunla başlayaq.

 

«Qəbələ» - «Neftçi» 0:0

 

Qəbələ şəhər stadionunda iddialı «Neftçi»ni qəbul edən qalib gəlməklə şəriksiz liderliyini sürdürəcəkdi. Amma qonaqlar «asan yem» olmadıqlarını göstərə bildilər. Qarşılıqlı hücumlar şəraitində keçən, təhlükəli vəziyyətlər baxımından kasad olan oyunda qol səsi çıxmadı. Doğrudur, ara-sıra komandalar təhlükəli həmlələrlə yadda qaldı. Ən real qol epizodu ikinci hissədə yarandı. Ayxan Süleymanlıdan əla ötürmə alan Bahadur Quliyev 2-3 metrlikdən qapıya zərbə endirsə də, «Qəbələ»nin qapıçısı Kamil Nəzərli əla reaksiya ilə topun qapıdan keçəmsinə imkan vermədi. «Neftçi»nin çalışdırıcısı Eldəniz Məmmədov rəqibin heyətində ən çox Kamilin çıxışını bəyəndiyini söylədi. «Qəbələ»nin baş məşqçisi Ülfət Mədətov isə Ayxan Süleymanlı ilə Oruc Məmmədovun daha çox xoş təsir bağışladığını söylədi. 

 

Bayaq qeyd etdiyimiz kimi, həm «Neftçi», həm də «Qəbələ» çempionatda məğlub olmayan komandalardandır. Üstəlik, «Qəbələ»nin qapısından top buraxmayan yeganə komanda olaraq qalmaqdadır. Başda qapıçı Kamil Nəzərli olmaqla İbrahim Ramazanov, Azər Məmmədhəsənzadə və Nuğay Rəsulov hələ ki, baş məşqçinin etimadını artıqlaması ilə doğruldur. Yeri gəlmişkən, bu oyunda qol vurmamasına rəğmən, «Qəbələ» həm də ən çox fərqlənən 2 komandadan biridir.

 

«Mil-Muğan» - «Sabah» 1:6
Qollar:
Şahmar Aşurov, 15, 26, 39 (pen.), 41, 46; İlfan Həsənov, 17 – Fəzail Şirxanzadə, 54

 

«Qəbələ»nin xal itkisindən maksimum istifadə edən «Sabah» əsas rəqiblə şərikli lider oldu. Yalnız top fərqinə görə Namiq Allahverdiyevin yetirmələri 2-ci pillədə qərarlaşıblar. 

 

«Sabah»ın «Mil-Muğan»la oyunda asan qələbə qazanacağı heç kimdə şübhə doğurmurdu. Qonaqlar rəqibini böyük hesabla məğlub edə bildilər. Çempionatın bombardiri Şahmar Aşurov oyunda 5 qol vurmaqla yadda qaldı. Şübhəsiz, Şahmarı oyunun ən yaxşısı adlandırmaq olar. «Sabah»ın baş məşqçisi Namiq Allahverdiyevin sözlərinə görə, meydan sahiblərinin heyətində komandanın ən sərrast futbolçusu Əli Fətəlizadə daha yaxşı çıxış etdi.

 

«Xilə» - «Neftçi» İK İB 0:1
Qol:
Səid Əlicanov, 49

 

Bərabər səviyyəli komandaların oyununda sevinən tərəf qonaqlar oldular. Yeganə qolu «Xilə»nin baş məşqçisi Əli Məmmədovun fikrincə rəqibin heyətində ən yaxşı 2 futbolçudan biri olan Səid Əlicanov vurdu. Ə.Məmmədov digər xoşuna gələn futbolçu kimi müdafiəçi Aslan Məhərrəmlinin adını çəkdi. Meydan sahiblərinə gəlincə, bütün oyunlarda bir kapitan kimi komandanı arxasınca aparmağı bacaran Hüseyn Məmmədzadənin adını çəkmək olar. Hüseyndən başqa Asif Əhmədov, Misir Ələsgərov və Yaqub Qazıyev da bu oyunda xoş təsir bağışladılar.

 

«Sumqayıt» - «Keşlə» 2:5
Qollar:
Rəhman Məmmədov, 4; Əli Əlizadə, 70+1 – Murad Dadaşov, 1, 43; Hüseyn Quliyev, 40; Kamran Məlikov, 42; Həsən Mikayılov, 68 (avtoqol)

 

Turun ən bol qollu 2 qarşılaşmasından biri Sumqayıtda baş tutdu. Matçın favoriti «Keşlə» «Sumqayıt» üzərində böyük hesablı qələbə qazandı. 

 

Oyunda erkən qol qeydə alındı. Artıq, 1-ci dəqiqədə ilk hücumdaca qapıçı Sahib Həsənovla üz-üzə qalan Murad Dadaşov fürsəti boşa vermədi. «Sumqayıt» buraxılan qolun əvəzini 3 dəqiqə sonra çıxa bildi. Cinah asmasından sonra topa hamıdan tez özünü çatdıran Rəhman Məmmədov fərqləndi. Bundan sonra «Keşlə» ərazi üstünlüyünə yiyələnsə də, ilk 35 dəqiqədə qol vura bilmədi. 

 

Fasilədən sonra oyuna yenicə qoşulan Hüseyn Quliyev «Keşlə»ni yenidən hesabda irəli çıxardı. Bundan ruhlanan qonaqlar ardınca Kamran Məlikov və Murad Dadaşovla daha 2 qol vurdular. Matçın başa çatmasına 1 dəqiqə qalmış Tural Əmirhüseynovun zərbəsindən sonra top rəqib müdafiəçi Həsən Mikayılova dəyərək qapıdan keçdi. Hakim bu qolu avtoqol kimi qeydə aldı. Oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə «Sumqayıt» prestij qolla yadda qaldı.

 

«Keşlə»nin baş məşqçisi Nurəddin Məmmədov «Sumqayıt»ın heyətində Sənan Ağayev və Əli Əlizadənin oyunun bəyəndiyini söylədi. Qonaqların heyətində isə Tofiq Bayramov, Kamran Məlikov və Cavid Yadullayev daha yaxşı oyun sərgilədilər.
 
«Qarabağ» - Gəncə TİM 3:1
Qollar
: Süleyman Süleymanov, 6; Rəvan Əvəzov, 23; Zeynal Axundzadə, 55 - Ruzigar Məmmədov, 47

 

Çempionatda məğlubiyyət acısı yaşamayan 4 komandadan biri olan «Qarabağ» Gəncə TİM-lə oyunda rahat qələbə qazandı. Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda ilk qol 6-cı dəqiqədə vuruldu. Rəvan Əvəzovdan ötürmə alan Süleyman Süleymanov hesabı açdı. 17 dəqiqə sonra bu futbolçular statuslarını dəyişdilər. Bu dəfə Süleymandan ötürmə alan Rəvan fərqləndi. İlk yarı bu hesabla başa çatdı. Fasilədən sonra bir qədər aktivləşən qonaqlar buraxılan qollardan birinin əvəzini çıxa bildilər. Xan Navabın Namiq Qocayevə qarşı kobud oyununa görə matçın baş hakimi Fərid Hacıyev «Qarabağ»ın qapısına penalti təyin etdi. Ruzigar Məmmədov Ərtoğrul Qüliyevlə dueldən qalib ayrılmaqla hesab arasındakı fərqi minimuma endirdi. Amma qonaqların gücü bundan artığına çatmadı. Bir qədər sonra Cəfər Həsənova qarşı cərimə meydançası daxilində edilən kobudluğa görə Fərid Hacıyev bu dəfə Gəncə TİM-i penalti ilə cəzalandırdı. Topa yaxınlaşan Zeynal Axundzadə Fərid Əhmədova şans vermədi və yekun nəticəni müəyyənləşdirən qola imza atdı.
«Qarabağ»ın baş məşqçisi Xəyal Həsənovun fikrincə rəqibin heyətində oyunun ən yaxşısı Ruzigar Məmmədov idi. Qonaqların çalışdırıcısı İntiqam Səmədov isə «Qarabağ»dan Seymur Tapdıqovun daha fəal olduğunu söylədi.

 

«Zirə» - «Səbail» 1:1
Qollar
: Mahmud Ağayev, 54 – Nicat Quliyev, 63

 

Olduqca maraqlı və bərabər səviyyəli mübarizə şəraitində keçən oyunda qapılara cəmi 2 qol vuruldu. Hər ikisi də fasilədən sonra. 54-cü dəqiqədə Mahmud Ağayev rəqibi təzyiq altında saxlayaraq, topu ələ keçirdi və hesabı açdı. 9 dəqiqə sonra «Zirə» qapısında qol gördü. Künc zərbəsindən sonra qapı önünə edilən asmanı qapıçı Kamran İsmayılov geri qaytarsa da, Nicat Quliyev komandasını məğlubiyyətdən xilas edən qolu vura bildi.

 

Matçda fərqlənən futbolçular yeni zamanda komandalarının ən yaxşısı seçildilər. Təbii ki, rəqib komandaların baş məşqçiləri Niyazi Rzayev və Səbuhi Həsənov tərəfindən.

 

İsgəndər Cavadov BFA – «Zaqatala» 1:2
Qollar:
Fərid İbrahimzadə, 41 – Ayaz Mikayılov, 49, 62

 

Çempionatda qələbənin «dadını» görməyən 2 komandanın mübarizəsində «pay» qonaqlara çatdı. Hərçənd, oyunun gedişində meydan sahibləri 3 xala daha yaxın görünürdülər. Hər 3 qol fasilədən sonra vuruldu. 41-ci dəqiqədə Fərid İbrahimzadə künc zərbəsindən sonra ona çatan topu «Zaqatala»nın qapısından keçirdi. Lakin ruhdan düşməyən zaqatalalılar Ayaz Mikayılovun 49 və 62-ci dəqiqələrdə vurduğu 2 qol sayəsində ilk dəfə 3 xala sevindilər. Ayaz eyni zamanda Qəhrəman Əliyev tərəfindən «Zaqatala»nın ən yaxşı futbolçusu seçildi. Sonradan meydana daxil olaraq dubl edən Ayazla yanaşı Rəvan Quliyev də İsgəndər Cavadov BFA-nın çalışdırıcısının bəyəndiyi digər futbolçu oldu. Qonaqların çalışdırıcısı İslam Şabanov isə meydan sahiblərindən Murad Zeynallının digərlərindən seçildiyini dilə gətirdi.

 

Bombardir: Şahmar Aşurov («Sabah») – 20 qol.

 

U-15 Liqasında 10-cu turun oyunları dekabrın 1-də keçiriləcək: «Zaqatala» - «Xilə», «Neftçi» PFK - İsgəndər Cavadov BFA, «Səbail» - «Qəbələ», «Sabah» - «Zirə», «Keşlə» - «Mil-Muğan», «Qarabağ» - «Sumqayıt», Gəncə TİM – «Neftçi» İK İB.

 

«Het-trik news» qəzeti

 

Xəbər xətti