U-16 Liqası: Lider büdrədi

00:04 - 1 Dekabr 2018

Noyabrın 29-da U-16 Liqasında 10-cu turun oyunları keçirildi. Tur maraqlı məqamlarla yadda qaldı. Onlardan ən çox diqqət çəkəni liderin vacib xallar itirməsi oldu. Digər maraqlı məqam «Viləş»in ilk qələbəsini qazanmasıdı. İsgəndər Cavadov BFA-nın biabırçı məğlubiyyəti də «gözəgirən» anlardandı. Tur haqqında bir qədər ətraflı.

 

«Zirə» - «Neftçi» İK İB 3:0
Qollar
: Kamran Baloğlanov, 6 (avtoqol); Məhəmməd Səfərov, 67; Vüsal Əliyev, 77

 

Turun açılış matçında «Zirə» «Neftçi» İK İB-ni qəbul edirdi. Meydan sahibləri görüşə itkilərlə çıxmışdı. Komandanın kapitanı Cəlal Hüseynov «Zirə»nin U-17 komandasından zədə ilə qayıtmışdı. Rəhim Cəfərli də eyni aqibətlə bir müddət əvvəl üzləşmişdi. Komandanın «vuran ayağı» Nurəli Nurəliyev isə sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşmüşdü. Buna baxmayaraq, oyunun favoriti «Zirə» idi ki, Cəfər Hüseynovun yetirmələri gözlənilənləri doğrultdu.

 

Güclü küləklə müşayiət olunan oyunda hesab erkən açıldı. Artıq, 6-cı dəqiqədə sağ cinahdan Məhəmməd Səfərov rəqibin 2 futbolçusundan sıyrılaraq qapı həndəvərinə ötürmə etdi. Topu uzaqlaşdırmaq istəyən Kamran Baloğlanov avtoqol müəllifi oldu. Küləyin tədricən güclənməsi komandaların oyununa təsir göstərsə də, qapılar önündə kifayət qədər təhlükəli vəziyyətlər yaranırdı. «Zirə»dən Fərda Qurbanov, Mahmud Ağayev, Mirzəbəy Şahbazov, Vüsal Əliyev qol vurmağa yaxın oldular. «Neftçi» İK İB də zaman-zaman təhlükəli həmlələrlə yadda qaldı. Amma həmin gün qonaqların günü deyildi.

 

Fasilədən sonra topa daha çox nəzarət edən «Zirə» bir daha 67-ci dəqiqədə fərqləndi. Rəqib futbolçulardan sıyrılaraq qapıya zərbə endirən Məhəmməd Səfərovun topunu Murad Məmmədov geri qaytarsa da, Məhəmməd təkrar toxunuşla hesabı 2:0-a çatdırdı. Matçın yekun nəticəsini müəyyən edən qol sona 3 dəqiqə qalmış gəldi. Peyman Səmədli – Mirzəbəy Şahbazov – Vüsal Əliyev kombinasiyasını adı sonuncu çəkilən futbolçu topu boş qapıya göndərməklə tamamladı. 

 

Meydan sahiblərinin baş məşqçisi Cəfər Hüseynovun sözlərinə görə, «Neftçi» İK İB-dən Rəşad Məhərrəmovla qapıçı Murad Məmmədov komandanın ən yaxşıları idi. Əks cəbhənin çalışdırıcısı Ramin Babayev isə «Zirə»dən daha çox Vüsal Əliyevin oyunun bəyəndiyini söylədi. 

 

Gəncə TİM – «Neftçi» 0:0

 

Gəncə TİM-nin bərbad meydanında keçirilən oyun meydanın vəziyyəti ilə oxşar idi. Təhlükəli vəziyyətlər baxımından kasad olan oyunda qol səsi çıxmadı. Hər halda meydan sahiblərindən Orxan Rüstəmovun, qonaqlardan isə Rəvan Nağıyevlə Nihad Cəfərovun fərqlənmək üçün yaxşı imkanları var idi.  Qələbə qazanmamasına rəğmən, «Neftçi» etibarlı müdəfiə xəttinin olması ilə yadda qaldı. Təsadüfi deyil ki, 7-ci pillədə olmasına baxmayaraq, Mirbağır İsayevin yetirmələri 10 oyunda qapılarından cəmi 6 top buraxıblar və «Keşlə»ylə birgə bu göstərici üzrə ən yaxşıdılar. Elə Gəncə TİM-nin baş məşqçisi İlham Səmədov «Neftçi»dən ən çox müdafiəçilərin oyununu bəyəndiyini söylədi. Söhbət Hüseyn Babayevlə Anar Yusifovdan gedir. Qonaqların baş məşqçisi Mirbağır İsayev də müdafiəçinin adını çəkdi. Onun fikrincə, meydan sahiblərindən Hüseyn Babayev komandasının ən yaxşısı idi.

 

«Keşlə» - «Səbail» 1:1
Qollar:
Vaqif Həsənov, 55 - Nicat Quliyev, 67

 

Olduqca sönük keçən oyunda «Keşlə» liderə bənzəmirdi. Komandaların düşüncəsiz oyunu, hücum qurmaqda çətinlik çəkmələri matçı maraqlı etmədi. Birinci hissədə qapılar önündə real qol epizodu demək olar ki, yaranmadı. Fasilədən sonra isə meydanda bir qədər canlanma var idi. Hissənin əvvəllərində «Səbail»in müdafiəçisi Əli Abbasovun uzaqdan vurduğu güclü zərbəni Azər Fərmanov çətinliklə tirin üstündən aşırdı. Bir ara öz qapısına doğru sıxışdırılan «Keşlə» tədricən oyunu bərabərləşdirdi və 55-ci dəqiqədə istəyinə çatdı. Hümmət Məmmədovdan ötürmə alan Vaqif Həsənov cərimə meydançası daxilində topu rahatlayaraq güclü zərbə ilə Emil Hüseynovun qoruduğu qapıdan keçirdi. Buraxılan qolun əvəzini çıxmağa çalışan qonaqlar 12 dəqiqə sonra bərabərlik qolunu vurdular. Xəyal Ələkbərovun cərimə zərbəsindən qapı önünə etdiyi asmanı külək qeyri-adi trayektoriya ilə yaxın dirəyə doğru apardı və Nicat Quliyev bir toxunuşla komandasını sevindirdi. Buraxılan qoldan sonra «Keşlə» 2 epizodda yüz faizlik qol imkanını qaçırdı. Qurban Səfərov qapıçı ilə üz-üzə qaldığı məqamda topu qapının üstündən vurdu. Asif Səfərov isə Kamal Kazımovun əla ötürməsinə çata bilmədi. Halbuki Kamal həmin epizodda özü də fərqlənə bilərdi. Matçın son dəqiqəsində «Keşlə»ni məğlubiyyətdən müdafiəçi Rəşad Həsənov xilas etdi. O, Nicat Quliyevin Azərlə təkbətək qaldığı epizodda fantastik şəkildə sürüşmə fəndi edərək zərbənin qarşısını ala bildi. 

 

«Keşlə»nin məşqçisi Xəyal Mustafayev «Səbail»dən 3 futbolçunun oyununu bəyəndiyini söylədi. O, qapıçı Emil Hüseynovla yanaşı Loğman Əliyev və Rauf Ağasənovun adlarını çəkdi. Qonaqların məşqçisi Yaşar Abuzərov da 3 «Keşlə»dən 3 futbolçunun adını söylədi. Bunlar Vaqif Həsənov, Seymur Məmmədov və Məhəmməd Tağıyev idi. 

 

Heç-heçə «Keşlə»nin turnir cədvəlindəki mövqeyinə təsir göstərməsə də, «Qəbələ»nin onları haqlamasına nədən oldu. İndi bu komandaları cəmi 1 xal ayırır.

 

«Qəbələ» - İsgəndər Cavadov BFA 8:1
Qollar
: Ümid Həmzəyev, 11, 33; Rəşad Əmrahov, 14; Süleyman Damadayev, 22; Anar Tağıyev, 34; Xəyal Səmədov, 73, 80+3; Mehrac Baxşəliyev, 80+2 - Vüsal Alızadə, 39

 

«Qəbələ» münasib rəqiblə oyunda qalib gəlməklə lider «Keşlə» ilə arasındakı xal fərqini 1-ə endirdi. İsgəndər Cavadov BFA-nın gücü yalnız prestij qol vurmağa çatdı. Hər halda, İsgəndər Cavadov BFA həftəni xalsız tərk etmədi. Ötən tur ROİL-i qəbul etməli olan komandaya qonaqların oyuna gəlməməsinə görə texniki qələbə verilmişdi. 

 

«Qarabağ» - «Turan Tovuz» 4:1
Qollar:
Mirmövsüm Caniyev 7, 16, 39; Musa Musazadə 46 – Fərid Tağıyev, 73

 

Daha bir gözlənilən böyük hesab bu oyunda qeydə alındı. «Qarabağ» çətin durumda olan «Turan Tovuz»u asanlıqla məğlub etməklə 1 pillə irəlilədi və «Neftçi»ni geridə qoydu. Qonaqların gücü matçın sonlarına doğru «0»ı «1»ə çevirməyə çatdı.

 

Oyunda «Qarabağ»dan Elnur Əliyevlə Heydər Rüstəmov, qonaqlardan isə Sənan Aslanov matçın seçilənləri oldular. Əlbəttə, komandaların baş məşqçiləri Nizami Ocaqverdiyev və Asif Əlizadənin fikrincə.

 

«Sumqayıt» - «Sabah» 0:3
Qollar:
Şahin Kərimli, 24; Həsən Seyfullayev, 61; Şahmar Aşurov, 73

 

Bənzər nəticə Sumqayıtdakı oyunda oldu. Bu dəfə qonaqlar qələbə qazandılar. Güclü küləklə müşayiət olunan matçda «Sabah» 3 xalı 3 qolla qazandı. Hesab 24-cü dəqiqədə açıldı. «Sumqayıt»ın müdafiəçiləri topu təhlükəli zonadan uzaqlaşdırsalar da, külək buna imkan vermədi. Küləkdən «əla ötürmə» alan Şahin Kərimli fərqləndi. İlk hissə bu hesabla başa çatdı. Fasilədən sonra küləyə qarşı oynamasına rəğmən, «Sabah» daha 2 qol vurdu. 61-ci dəqiqədə Həsən Seyfullayev, 73-cü dəqiqədə isə Şahmar Aşurov komandasının qələbəsində pay sahibi oldular. Bununla da İlqar Mənsimovun komandası «Keşlə» ilə xal fərqini 2-ə endirdi. Növbəti tur bu komandaların qarşılaşmasını əminliklə  «6 xallıq oyun» adlandırmaq olar.

 

Oyunun yaxşılarına gəlincə, baş məşqçilər Vaqif Paşayevlə İlqar Mənsimov uyğun olaraq «Sabah»dan Həsən Seyfullayevlə Əşrəf Zeynallının, «Sumqayıt»dan isə Sərvin İsmayılovla Cəmil Zeynalzadənin adlarını çəkdilər.

 

ROİL - «Viləş» 1:3
Qollar:
Səyyad Xantəmirov, 53 – Tosif İbişov, 16; Anar Şirvanlı, 33; Orxan Quliyev, 35

 

«Viləş» axır ki, qələbə qazandı. Masallı təmsilçisi çempionatın aşkar autsayderi ilə oyunda matçın taleyini birinci hissədəcə həll etdi. 16-cı dəqiqədə Mirsəlim İsayevdən ötürmə alan Tosif İbişov qələbənin təməlini qoydu. Fasiləyə yaxın Bəhmən İbadovun künc zərbəsindən qapı önünə ötürdüyü topu Anar Şirvanlı başla qapıdan keçirərək hesabı 2:0-a çatdırdı. 2 dəqiqə sonra isə Tosif İbişov qapıçı Afiq Musayevlə üz-üzə qaldı. Afiqi keçən Tosif özünün qol vurmaq imkanı ola-ola topu daha yaxşı mövqedə olan Orxan Quliyevə ötürdü. Sonradan oyuna qoşulan Orxan «hədiyyə»dən imtina etmədi. 

 

Fasilədən sonra ehtiayatda oturan futbolçuları da oyuna qoşan Kamran Seyfullayevin komandası hissənin ortalarında qapısında qol gördü. Səyyad Xantəmirov komandasının çempionatda vurduğu 2-ci qolun müəllifi oldu.

 

«Viləş»dən qələbədə böyük pay sahibi olan Tosif İbişov, ROİL-dən isə Elxan Əliyev rəqib məşqçilərin fikrincə, oyunun ən yaxşıları idilər.

 

U-16 Liqasında 11-ci turun oyunları dekabrın 6-da keçiriləcək: «Səbail» - «Qarabağ», «Sabah» - «Keşlə», «Neftçi» İK İB – «Sumqayıt», İsgəndər Cavadov BFA – «Zirə», «Viləş» - «Qəbələ», «Neftçi» - ROİL, «Turan Tovuz» - Gəncə TİM.

 

Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ») – 13 qol, Rauf Ağasənov («Səbail») – 11 qol.

 

«Het-trik news»

 

Xəbər xətti