"Astana”dan Qriqorçuk açıqlaması

15:21 - 5 Dekabr 2018

Ukrayna mətbuatında “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun “Astana”ya qayıdacağı ilə bağlı xəbərlər yayılıb.

 

Sportal.az-ın “footboom.com” saytına istinadən yaydığı məlumata görə, ukraynalı mütəxəssisin yaxın vaxtlarda yenidən öz işinin başına dönəcəyi, hazırda onun səlahiyyətlərini yerinə yetirən Qriqori Babayanın əvvəlki kimi köməkçi məşqçi olacağı bildirilib.

 

Yayılan məlumatla bağlı açıqlama verən “Astana”nın mətbuat xidməti məsələyə komandanın Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun “Renn”lə səfər oyunundan sonra aydınlıq gələcəyini vurğulayıb:“Komandanı “Renn”lə oyuna Qriqori Babayanın başçılıq etdiyi məşqçilər korpusu hazırlaşdırır. Avroliqanın qrup mərhələsinin matçları başa çatdıqdan sonra Roman Qriqorçukun hansı tarixdə öz vəzifəsinə qayıdacağı ilə bağlı məlumat veriləcək".

 

Qeyd edək ki, ötən mövsümün sonunda “Qəbələ”dən ayrılaraq “Astana”nın sükanı arxasına keçən Qriqorçuk şəxsi məsələləri səbəbindən avqust ayında müvəqqəti olaraq Qazaxıstan klubunu tərk etmişdi.

Xəbər xətti