Dani Kintana: "Azərbaycan millisində oynamaq mənim üçün problem deyil"

20:29 - 9 Dekabr 2018

"Nəinki cari mövsüm, mən karyeramda ilk dəfə het-trikə imza atdım. Buna çox ehtiyacım var idi. Zədədən sonra hər bir futbolçuya qol vurmaq xoş məqamdır".

 

Sportal.az xəbər verir ki, bu sözlər Topaz Premyer Liqasının 14-cü turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub edən "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana deyib. İspan futbolçu het-trik edəcəyini öncədən düşünmədiyini deyib: "Düzdür, üç qol vuracağımı düşünmürdüm. Ancaq vurmuşamsa, mənə xoşdur. Qollarım komandaya fayda gətirirsə, bununla qürur duyuram".

 
31 yaşlı yarımmüdafiəçi Azərbaycan milli komandasında çıxış etmək barədə verilən suala belə cavab verib:
 
"Belə bir məlumatım yoxdur ki, vətəndaşlıq almaq üçün neçə il burada yaşamlıyam. Bu məsələ ilə bağlı heç bir söhbət yoxdur. Mənim üçün olsa, böyük fərq etmir. 4,5 ildir ki, burdayam. Azərbaycan və “Qarabağ” həyatımda önəmli yer tutur. Bura mənə çox şey verib. Komandanın və ölkənizin dəyərlərini bilirəm. İlk növbədə dəvət olmalıdır. Bunlar həllini tapsa, mənim tərəfimdən problem yoxdur".
 
Qeyd edək ki, Kintana Ağdam klubunda 2015-ci ilin yanvarından çıxış edir.

Xəbər xətti