İlham Əliyev Ağasəlim Mircavadovu mükafatlandırdı

15:32 - 13 Dekabr 2018

“Gələn il tarixdə ilk dəfə olaraq, Bakıda futbol üzrə Avropa Liqasının final görüşü keçiriləcək”.

 

Sportal.az xəbər verir ki, bu sözləri prezident İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı zamanı deyib.

 

O qeyd edib ki, bu görüşü Bakıda keçirmək o qədər də asan məsələ deyil. “Bir çox şəhərlər bu istiqamətdə mübarizə aparır. Məhz ölkəmizin ümumi inkişafı, mövcud olan infrastruktur, idman obyektləri, gözəl Olimpiya Stadionu, gözəl otellər, təhlükəsizlik, xalqımızın qonaqpərvərliyi və digər amillər bu qərarın verilməsində rol oynayıb” – deyə İ.Əliyev vurğulayıb.

 

Tədbirdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafında xidmətləri olan və 2018-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim edilib. Mükafatlandırllanlar sırasında futbol mütəxəssisi Ağasəlim Mircavadov da olub.

 

Qeyd edək ki, Avropa Liqasının final matçı 2019-cu ilin mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti