5-ci start, 11-ci matç, 7-ci rəqib

00:23 - 14 Dekabr 2018

Azərbaycan Kubokunda 1/4 final mərhələsindən mübarizəyə başlayacaq “Zirə” üçün ilk oyun yeni kubok mövsümünün startı olacaq.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, "Səbail”lə ev qarşılaşması ilə "qartallar” bu turnirdə 5-ci mövsümə başlayacaq.

 

Zirənin eyniadlı komandası indiyədək 4 dəfə kubok yarışına qatılıb. 2014/15 mövsümündə debüt edən futbolçularımız ilk cəhdi uğursuz alınıb. Komanda 1/16 finalda keçirdiyi ilk görüşdə mübarizəni dayandırıb. Növbəti üç mövsümdə isə eyni ssenari təkrarlanıb: 1/8 finalı uğurla adlayan "Qartallar” 1/4 finalda dayanıb və hər dəfə eyni sayda – 3 oyun keçirib. Bu il turnirə 1/4 finaldan başlayacaq komanda ardıcıl 4-cü dəfə bu mərhələdə oynayacaq.

 

Ümumilikdə 10 kubok matçında qüvvəsini sınayan "Zirə” indiyədək heç-heçə etməyib. Hesabında 5 qələbə və eyni sayda məğlubiyyət olan komanda 11 qol vurub, 15-ni buraxıb.

 

Bu qarşılaşmalardan 4-ü evdə, 6-sı səfərdə baş tutub. Bunun səbəbi 1/4 finala qədərki raundlar 1 oyundan ibarətdi və adətən aşağı liqa təmsilçilərinin meydanında keçirilir. "Zirə”nin ev matçlarında mütləq tarazlıq hökm sürür: 2 qələbə, 2 məğlubiyyət, top fərqi – 5:5. Səfərdə eyni sayda – 3 qələbə və məğlubiyyəti olan "Qartallar” 6 top vurub, 10-nu buraxıb. 

 

Samir Abasov baş məşqçi kimi "Zirə”ni ilk dəfə kubok oyununa çıxaracaq. Əvvəlki 10 görüşdə bu vəzifəni 3 mütəxəssis yerinə yetirib. Adil Şükürov 6, Ayxan Abbasov 3, Bəhram Şahquliyev 1 kubok matçında iş başında olub.

 

Bu turnirdə 55 futbolçu "Zirə”nin formasını geyinib. Kamal Bayramovla Vüqar Mustafayev oyun sayında rekordçudurlar – hərəyə 8. Vüsal İsgəndərli isə 7 dəfə meydana çıxıb.

 

Komandanın 11 qoluna 7 futbolçu imza atıb. Kubokdakı bombardir Nelson Bonilla 3, Vüsal İsgəndərli və Nurlan Novruzov hərəyə 2 dəfə fərqlənib. Digər 4 oyunçu - Aleksandr Şemonayev, Milan Duriç, David Manqa və Orxan Əliyevin hesabında 1 qol var.


"Zirə” kubokda ilk dəfə "Səbail”lə görüşəcək. Bu komanda "Qartallar”ın yarışdakı 7-ci rəqibi olacaq. Əvvəlki 10 matçda zirəlilər 6 klubla üz-üzə gəlib.

 

Qeyd edək ki, "Zirə”nin "Səbail”lə ilk oyunu dekabrın 15-də, cavab matçı isə 19-da baş tutacaq.

Xəbər xətti