Aftandil Hacıyev: "O, artıq ayılmalıdır"

19:49 - 15 Dekabr 2018

“İlk növbədə qeyd edim ki, hər iki komanda gərgin mübarizə apardı. Hər iki komandanın gücü eyni səviyyədədir. Biz daha üst sırada olsaq da, “Zirə” ilə güclərimiz eynidi. İlk hissədə 10 nəfərlə qalmağımıza baxmayaraq, yaxşı mübarizə apardıq. 2-3 qol epizodu yarada bildik. Emil Balayevin penaltini dəf etməsi isə bizi cavab oyununa ümidləndirdi". Sportal.az saytının məlumatına görə, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev deyib. 

 

Paytaxt təmsilçisi Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Zirə"yə minimal hesabla məğlub olub. 

 

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc mütəxəssis fikirlərini bildirib. O, qarşılaşmanın ilk hissəsində qırmızı vərəqə alan Tome Kitanovskini ciddi cəza gözlədiyini açıqlayıb: "Komandamızda əsas çatışmayan cəhət nizam-intizamdır. Çox sayda sarı və qırmızı vərəqələr alırıq. Qarşıda bizim çox oyunumuz var. Gərək  bu tip hərəkətlərə yol verməyək.  Bu dəfə intizamsızlıq edənləri çox ciddi cəza gözləyir. Tome Kitanovski isə artıq ayılmalıdır. Bu qədər sarı və qırmızı vərəqə almaq olmaz”.

 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu 19 dekabrda reallaşacaq.

Xəbər xətti