"Kəpəz"in baş məşqçisi: "Limitlə bağlı çətinliklərimiz var" MÜSAHİBƏ

14:55 - 19 Dekabr 2018

“Kəpəz”in baş məşqçisi Etibar İbrahimov Gəncə klubunun rəsmi saytına müsahibə verib.

 

Sportal.az müsahibəni təqdim edir:

 

- Çempionatın ilk dövrəsində “Kəpəz”in çıxışı haqda nə demək olar? 
- Bunu çox demişik, hardasa azarkeşlərə də tanış sözlərdir, amma yenə söyləməliyəm. Bilirsiz ki, komanda gec toplandı, seleksiya etmək imkanımız olmadı, heyəti yalnız yerli futbolçulardan qura bildik. “Kəpəz” əvvəlki illərdə Premyer Liqada mübarizə aparsa da, klubunun uşaq futbolunda problemlər vardı. Həmin problemləri bu gün aşağı dəstədə biz də yaşayırıq. Əvəzedici və digər yaş qrupları üzrə komandalarda nəticələr o qədər ürəkaçan olmayıb. Bu məsələdə oyunçuları və ya məşqçiləri günahlandırmaq olmaz. Çünki şərait böyük önəm kəsb edir. Bu şəraitsizlikdən də Gəncə futbolu əziyyət çəkir, elə biz də komanda quranda əziyyətlə üzləşdik. Lazım olan futbolçular yox idi. Yerli uşaqlardan formalaşdırdığımız komanda çempionatda əlindən gələni etməyə çalışdı. Bəzi oyunlarda öz səhvlərimizdən, bəzilərində isə hakimlərin yanlış qərar verməsindən xallar itirdik. Həmin xalları qazansaydıq, daha yuxarı pillələrdə ola bilərdik. Əslində bu komanda ilə çox da irəli gedə bilməyəcəyimizi güman etmişdik, çünki bir qədər öncə dediyim səbəblərə görə çempionata tam hazır deyildik.

 

- “Kəpəz” çempionatın lideri ilə başa-baş mübarizə aparması ilə seçildi. Bunu nəzərə alaraq, turnir cədvəlində tutduğunuz mövqenin komandanın çıxışına uyğun gəlmədiyini söyləyə bilərik? 
- Liderlər qrupunda yer alan “Sumqayıt-2”, MOİK və “Neftçi-2” komandamızı çətin mübarizədən sonra cəmi bir top fərqi ilə məğlub edə bildi. İlk “6-lıq”da olan rəqiblərdən “Zaqatala” və “Keşlə-2” komandası ilə heç-heçə oynadıq, “Qaradağ Lökbatan” üzərində parlaq qələbə qazandıq. Bu nəticələrə əsasən, deyə bilərik ki, bütün liderlərə başağrısı ola bildik. Bizimlə görüş iddialılar üçün asan alınmadı. Biz güclü komandalara qarşı belə oynaya biliriksə, niyə də yuxarı pillələrdə olmayaq? Təbii ki, ikinci dövrədə itirilən xalları geri qaytarmağa çalışacağıq. Çempionatda 13 oyun keçirmişik, komanda müəyyən qədər formalaşıb. Yaxşı olardı ki, maddi durumumuz bir qədər də düzələrdi və komandaya bir neçə futbolçu cəlb edə bilərdik. Bunun üzərində çalışırıq. 3-4 oyunçu dəvət edə bilsək, əminəm ki, Gəncə azarkeşləri ikinci dövrə daha çox qələbələr görəcəklər. Komandamızda istedadlı uşaqlar var, onlarla çox iş görmək olar. Futbolçular da əllərindən gələni etdilər ki, yaxşı nəticələr verək. Bu heyətlə bir il bir yerdə oynasaq, növbəti mövsümdə daha yaxşı çıxış edəcəyimizə inanıram. Autsayder deyil, liderlər qrupunda olarıq.

 

- Gələnlər olacaqsa, deməli, mütləq gedənlər də olmalıdır… 
- Bu, təbii prosesdir. Bəzi futbolçular var ki, çox çalışsalar da, özlərini doğrulda, göstərə, komandaya uyğunlaşa bilmədilər. Futbol belədir. İrəliləyiş yoxdursa, oyunçu da bunu görür. Ona görə yollarımızı ayıracağımız futbolçular olacaq.

 

- “Kəpəz”in çıxışına mövqelər üzrə qiymət verəsi olsaq, hansını nisbətən qənaətbəxş hesab etmək olar? 
- Turnir cədvəlinə baxsaq, görərik ki, komanda 7 qol vuraraq 14-nü buraxıb. Dərhal görünür ki, az qol vurub, az da top buraxmışıq. Bu o deməkdir ki, rəqiblərə baxanda hücumda böyük problemlərimiz var, amma müdafiə xəttində nisbətən yaxşıyıq. Böyükhesablı məğlubiyyətlərimiz “Qarabağ-2”, “Turan Tovuz” və “Zirə-2”yə oldu. Bunun müxtəlif səbəbləri var. Bu oyunlar istisna olmaqla 10 matça 4 qol buraxmışıq. Ona görə deyə bilərik ki, müəyyən oyunlarda müdafiəmiz pis çıxış etməyib. 6 görüşdə qol belə buraxmamışıq. Əsas problemlərimiz hücum mövqeyindədir. Bu problemi aradan qaldırmaq üçün Ziyabil Məmmədovu “Kəpəz”ə qaytarmışdıq və hardasa problemin həllinə nail olmuşduq. Ziyabil gec qoşulsa da, öz təcrübəsi ilə komandaya kömək etdi, lakin ciddi zədələnib sıradan çıxdı. Ümid edirik ki, tezliklə sıraya dönüb ikinci dövrədə daha çox qollar vura biləcək. Fasilədə fiziki “performans”ını daha da yaxşılaşdırıb gücünü artıracaq.

 

- Hansı mövqelər üzrə oyunçu axtarışındasız? 
- Bütün mövqelər üzrə gənc futbolçular lazımdı. Limitlə bağlı çətinliklərimiz var. Digər komandaların heyətində oyunlar zamanı dəyişikliklər üçün yetərincə oyunçular var, amma bizdə belə deyil. Müdafiəmiz niyə yaxşı çıxış edir? Çünki bu xətdə ən təcrübəli futbolçular cəmləşib. Hücumu da gücləndirmək istəyiriksə, təcrübəli yeni oyunçuları dəvət etməliyik.

 

- Qış hazırlıq planı hazırdır? 
- Bəli, hazırdır. Sadəcə, rəhbərliyin təsdiqini gözləyirik. Yanvarın 6-da məşqlərə başlamaq istəyirik. Hazırlığın ilk həftəsini Gəncədə keçirməyi nəzərdə tutmuşuq. Bilirsiz ki, regionumuzda komanda sayı azdı, ona görə növbəti mərhələni Bakıda keçirib, 3-4 yoxlama oyununa çıxmağı planlaşdırmışıq. Çalışacağıq ki, bu komandaların arasında Premyer Liqa klubu da olsun. Çünki kubok matçı da göstərdi ki, elita təmsilçisinin sürəti daha yüksəkdi və uşaqlar belə rəqiblərlə oyunlarda daha çox inkişaf edə bilərlər.

 

- Sonda azarkeşlərə sözünüz... 
- Daimi dəstəyə görə onlara minnətdarıq. Azarkeşlər böyük bir səbr göstərdilər. Əsl azarkeşlər vəziyyətimizi olduqca yaxşı başa düşürlər. Onları gənc futbolçulara dəstəyi yenə davam etdirməyə səsləyirəm. Bu gün “Kəpəz”in azarkeş dəstəyinə ehtiyacı həmişəkindən daha çoxdu.

Xəbər xətti