Rekordçudan ilk dubl

16:54 - 21 Dekabr 2018

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə cavab oyunu (3:2) “Zirə”nin futbolçusu Adil Nağıyev üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, klub tarixində ən çox oyun keçirən futbolçu adının sahibi olan müdafiəçi sonradan meydana daxil olduğu qarşılaşmada 2 qola imza atıb. Bu, Adilin “Zirə”də ilk dubludur. 

 

Ümumilikdə isə “Qartallar”ın tarixində 19-cu dəfə bir oyunçu matçda 2 qol vurub. Azərbaycan kubokunda isə Nağıyevə qədər iki dubl qeydə alınmışdı. Nelson Bonilya 2015/16 mövsümündə AZAL, Vüsal İsgəndərli isə 2017/18 mövsümündə “Xəzər”in qapısından 2 top keçirib.

 

Adil “Zirə”nin tarixinə meydana sonradan daxil olub 2 qol vuran 5-ci futbolçudur. Ona qədər Sərxan Ağayev I divizionda, Luiz Alberto Dies (Tato), Vüsal İsgəndərli və Mirsahib Abbasov Premyer Liqada bunu bacarmışdısa, müdafiəçi kubok matçında ilk belə oyunçu olub.


Nağıyev “Zirə”nin tarixində ən çox qol vuran futbolçular siyahısında 5-ci olan Vüsal İsgəndərliyə çatıb. Hərəyə 8 qol vuran bu cütlük Nelson Bonilla (17), Riçard Qadze (12), Aslan Hüseynov (10) və Milan Duriçdən (9) geri qalır.


Qeyd edək ki, “Səbail”lə matç Adilin “Zirə”də 103-cü oyunu olub. 

 

Xəbər xətti