Vüqar Nadirov: "Belə çıxır ki, Azərbaycan futbolu üçün heç bir şey etməmişik?" MÜSAHİBƏ

15:12 - 25 Dekabr 2018

“Qarabağ”ın sabiq futbolçusu, hazırda Regional Liqasında oynayan “Baku City” klubunda kapitanlıq sarğısı daşıyan Vüqar Nadirov komanda.az saytına müsahibə verib.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Vüqar Nadirov nəyə görə böyük futboldan, peşəkar liqadan uzaq düşüb?

- Demək olmaz ki, Vüqar Nadirov böyük futboldan uzaqlaşıb. Futbol mənim damarımda, qanımda var. Hansı liqada oynamağıma baxmayaraq, daim futbol oynamağı çox istəyirəm, üstəlik oynadığım yerlərdə də cavanlara örnək olmağa çalışmışam.

 

- Bəs yaxşı, səncə, Premyer Liqada mübarizə aparan 8 komandanın heç biri nəyə görə sənə ehtiyac duymur? 

- Deyirlər ki, indi cavanlara üstünlük verirlər. Amma mən heç cavanlardan da geri qalmıram. Özümdən çox danışmağı sevmirəm. Sadəcə, bizdə elədi ki, 29-30 yaşın oldu, vəssalam, deyirlər ki, futbolu qutardı. Amma mən bu sənəti sevirəm, sənətim futboldu, başqa sənətim də yoxdu. Mən futbolsuz yaşaya bilmərəm. “Səbail”dən ayrılandan sonra dayanmadan, hər gün “dır-dır” oynayırdım. Çünki futbolsuz dayana bilmirəm. Maraqlıdı ki, əvvəl oynayırdım, hamı deyirdi ki, Vüqar var. Ancaq indi Premyer Liqada oynamıram, nə axtaran var, nə maraqlanan var. Niyə? Onda belə çıxır ki, Azərbaycan futbolu üçün heç bir şey etməmişik?

 

- Premyer Liqada son dəfə “Səbail”də oynamısan. Ordan ayrılandan sonra Premyer Liqanın heç bir klubundan təklif almamışdın? 

- Xeyr, konkret olaraq heç bir təklifim yox idi. Mən heç vaxt özümü tərifləməmişəm. Millidə də, klublarda oynayanda da gözləmişəm ki, qoy kənardan baxan mütəxəssislər mənə qiymət versin. Özümü tərifləyən oyunçu olmamışam. Premyer Liqada 8 komandadı. Çempionatda bu qədər komanda olanda bir çox futbolçu da kənarda qalır. Bu mövsüm isə daha çox futbolçu kənarda qaldı.

 

- Bəlkə kimlərsə sənin Premyer Liqada oynamağını istəmir? 

- İstər jurnalistlər, istər futbolçular, istərsə də məşqçilərlə münasibətim hər zaman yaxşı olub. Ancaq siz dediyiniz kimi, kimsə mənə qarşı mən bilmədən nəsə edibsə, Allah bilir və onu Allaha buraxıram. Mənim heç kimlə işim yoxdu.

 

- Bugünkü gündə “Qarabağ”ın qapısı sənin üçün açıqdı? 

- Nə bilim, vallah. Onu Allah bilir. Bu barədə bir söz deyə bilmərəm. Neçə illər “Qarabağ”ın şərəfini qorumuşam. Hər zaman ürəyim bu komanda ilə döyünüb. Atam Qarabağ uğrunda şəhid olub. Mən özüm də hər zaman ağdamlı kimi “Qarabağ” üçün bütün gücümü meydanda qoymuşam. Bilirsiz, mən “Qarabağ”ın heyətində oyunlara necə çıxırdım? Vallah, nə pulu düşünürdüm, nə də başqa bir şey. Bilirdim ki, mən ağdamlıyam və bu komanda üçün bütün gücümü meydanda qoymalıyam. Başa düşürdüm ki, bu komandada elə oynamalıyam ki, ordakılar mənə baxıb ibrət götürsün. Oyunlara hər zaman yüksək motivasiya ilə çıxmışam, müharibəyə çıxır kimi çıxırdım. “Qarabağ”ın “Arsenal”la Londondakı oyununa baxdım. İndi fikirləşirəm, yaxşı ki, həmin oyunda olmamışam. Oyunda olsaydım, qondarma bayraqla meydana çıxan ermənini yüz faiz vuracaqdım. Həmin erməni o bayraqla mənim yanımdan keçə bilərdi? Onu birtəhər edərdim.

 

- Heç bir oyunçu yox, Rəşad Sadıqov həmin erməniyə tərəf qaçdı. Ona təzyiq göstərməyə çalışdı...

- Rəşad Sadıqovun “Arsenal”la oyunda həmin erməniyə qarşı etdiyi hərəkət xoşuma gəldi. Rəşadı buraxsaydılar, orda ermənini öldürəcəkdi. Erməninin üstünə necə şığıdığını hamımız gördük. Hələ orada kiməsə deyirdi ki, “yanından keçir, vur da onu”. Belə baxanda düz deyir. Həmin hərəkətinə görə Rəşada halaldı.

 

- Rəşad Sadıqovun hərəkəti nə qədər bəyənildisə, Araz Abdullayevin həmin hadisə zamanı sakit qalması, erməniyə heç bir reaksiya verməməsi tənqidlə qarşılandı. Səncə, o, düzgün davrandı və ya nə etməli idi həmin epizodda?

- Araz cavandı, bəlkə də peşəkar kimi davrandı. Bəlkə də qorxub ki, intizamsızlıq kimi görünər, UEFA cəza filan verər, uzaqlaşdırarlar onu. Ancaq həmin vəziyyətdə mən olsaydım, ermənini qanına bulamışdım. Onun başqa variantı yox idi.

 

- Nə vaxtsa belə hadisə ilə qarşılaşmısan?

- “Qarabağ”ın heyətində Fransaya yollanmışdıq, “Sent-Etyen”lə oyuna görə. Orda ermənilər çox idi. Ancaq bu cür meydana çıxan olmamışdı. Azarkeşlərimiz 1-2 saat stadionda qalmışdı, çıxa bilmirdilər. Hələ ermənilər bizim avtobusu da daşlamışdılar. Ermənilər orda çox idi.

 

- Son vaxtlarda Qurban Qurbanov və ya Rəşad Sadıqovla rastlaşmısan heç?

- Yox, belə rastlaşmamışıq, görməmişəm. Amma münasibətimiz hər zaman yaxşıdı.

 

- Bir müddət əvvəl “Qarabağ” Reynaldonu yenidən komandaya cəlb etdi. Səncə, Ağdam klubu braziliyalını qaytarmaqla düzgün etdi? O, “Qarabağ”a xeyir verə bilər?

- Qurban Qurbanovda belə bir xasiyyət var ki, sabiq oyunçusunu qaytararaq, özünü sübut etməsi üçün yenidən şans verir. Reynaldo istedadlı futbolçudu. Məncə, ona şans versələr, hər şey yaxşı olacaq.

 

- Bəs 10 il bu komandada oynamış Vüqar Nadirova səncə, niyə şans verilmir?

- Bu barədə nəsə deyə bilmərəm.

 

- Yəqin ki, bu şansın verilməsini istəyərsən?

- Əlbəttə ki, canla-başla hazıram. Birdən kimsə elə başa düşər ki, mən sizin vasitənizlə deyirəm ki, kimsə məni “Qarabağ”a götürsün e, xeyr. Sadəcə deyirəm ki, bu komanda mənə doğmadı, əzizdi. Özüm də ağdamlıyam, hər zaman “Qarabağ” üçün mübarizə aparmağa, oynamağa hazıram. Kimsə elə bilir ki, mənim gücüm tükənib. Əsla belə deyil, mənim gücüm tükənməyib. Mən özüm də mətbuatdan qaçıram. Amma “Qarabağ”da oynayanda telefonum susmurdu, nə qədər zənglər gəlirdi. Mən həminki Vüqaram da... İndi isə axtaran da yoxdu. Söhbət maliyyədən getmir. Sadəcə, mən futboldan uzaqlaşmaq istəmirəm, bu mənim işimdi, həyatımdı. Həvəsim ölməyib.

 

- Reynaldodan sonra, Riçard Almeydanın da “Qarabağ”a qayıdacağı söz-söhbətləri gəzir. Hazırda Ağdam klubunun ona ehtiyacı var?

- Onun komandaya köməyi çox dəyər. O vaxtı komandadan pula görə, ya nəyə görə getdiyini bilmirəm. Demək olar ki, komandanın 4-5 oyunçusu da Almeydaya görə getdi. O, çox qaçırdı, çox effekt verirdi, hara baxırdın, Riçard orda idi. Düzdü, qayıdası olsa, hazırkı “Qarabağ”a adaptasiyası çətin olacaq. İstənilən halda, Riçard “Qarabağ”a lazımdı. Amma hələ bilinmir də, gələcək, ya gəlməyəcək.

 

- Karyeranda eniş yaşandı. Nəyə görə belə oldu?

- Eniş, səhv hamıda olur, səhvsiz insan olmur. Mənim də səhvlərim olub, demirəm səhvlərim yoxdu. Həmişə çalışmışam ki, səhvimi düzəldəm.

 

- “Qarabağ”dan gedişini səhv addım kimi adlandırmaq olar?

- Əlbəttə ki, səhv addım idi. Sadəcə, insanıq da, elə alındı ki, ayrıldım “Qarabağ”dan.

 

- Qışdan sonra Premyer Liqaya qayıdışın mümkündü? Şans varmı?

- Belə bir şans var. Əlbəttə, özüm də istəyirəm Premyer Liqaya qayıdım. Premyer Liqa səviyyəsi tam başqadı. Ancaq mən durub kiməsə zəng edəsi, xahiş edəsi, ya ağız açası deyiləm ki, məni komandaya götür. Mən belə insan deyiləm. Məni tanıyan onsuz da tanıyır. Amma sizi inandırım ki, üzdə olsaydım, reklamlarım çox olsaydı, mən də indi bir komandada oynayırdım. Reklamım yoxdu, yəqin ona görə belədi.

 

- Hazırda Regional Liqada oynayırsan. Bu liqa Premyer Liqadan çox geri qalır?

- Regional Liqada oynamaq çox çətindi. Bilirsiz niyə? Top səndədisə, üstünə 10 nəfər birdən gəlir. Orda oynamaq çox çətindi. Zədə almaq ehtimalı yüksəkdi. Bu çempionatda iki dəfə əzələmi cırmışam. Ancaq müalicəmi etdirmişəm. Klub rəhbərliyi sağ olsun, daim yanımızdadı, diqqətini göstərir.

 

- “Baku City”nin perspektivli klub olduğunu düşünmək olar? Qarşınızda olan məqsəd nədi?

- Bizdə Premyer Liqa görmüş futbolçular var. Məqsədimiz də Regional Liqada çempion olub daha yüksəklərə çıxmaqdı. Komandamızı yaxın illərdə Premyer Liqada görmək də mümkündü. Klubun rəhbəri Cavidan müəllim də bunun üçün çox çalışır. Həm özü futbol həvəskarıdı, həm komandanı çox sevir, həm də istəyir ki, Azərbaycan futbolunun inkişafında onun da köməyi olsun. Belə insanları futboldan küsdürməməli, uzaqlaşdırmamalıyıq.

 

- Bəlkə elə bu komanda ilə Premyer Liqada oynamağın sənin üçün daha yaxşı olar? Hər halda, bu komanda da sənin üçün doğma sayılacaq...

- Bilirsiz, əvvəllər “Qarabağ”da olanda da belə hadisələr olurdu. Ruslan-93-də qalırdıq, məşq etməyə meydanımız yox idi, orda-burda məşq edirdik. “Qarabağ” birdən-birə “Qarabağ” olmayıb ki, hər şey pillə-pillə, yavaş-yavaş olub. “Baku City” klubunda da hər şeyin ən yaxşısını etməyə çalışacağıq. Cavidan müəllimə də demişəm ki, yanındayam, əl-ələ verib işləyəcəyik. Ümidvaram ki, hər şey daha yaxşı olacaq.

 

- “Qarabağ”ın heyətində çox qol vurmusan. Ancaq səni daha çox “Sent-Etyen”ə Fransada vurduğun qolla xatırlayırlar. Həmin qol, oyun sənin yaddaşında necə qalıb?

- Ona qədər çox qol vurmuşdum. Ancaq demək olar ki, daha çox həmin qolla tanındım. “Qarabağ” həmin vaxtlarda qruplara düşürdü və komandanı daha çox adam tanımağa başladı. “Sent-Etyen”lə oyundan əvvəl Reynaldo zədələnmişdi. Mən də sağ cinah yarımmüdafiəçisi idim. Zədəlilərimiz çox idi, başqa hücumçumuz da qalmamışdı. Qurban Qurbanov məni hücumda oynatmaq qərarı verdi. Sizə bir şeyi də deyim ki, oyundan əvvəl məşqdə, “Sent-Etyen”ə vurduğum qolun eynisini İbrahim Şehiçə vurmuşdum. O da mənə zarafatla deyirdi ki, sabah qol vurmasan, sənə göstərəcəm. Mən də dedim yaxşı olacaq. Çıxdım və qolumu vurdum. Üstəlik, vurduğum qol Avropa Liqasında turun qolu seçilmişdi.

 

- “Qarabağ” bu mövsüm Avropa Liqasının qrup mərhələsində uğursuz çıxış etdi. Səncə, bu uğursuzluğun səbəbi nə idi? Üstəlik komanda ölkə çempionatında da ikinci pillədədi. Səncə, liderliyi ələ ala biləcək “Qarabağ”?

- Qurban Qurbanov milli komandaya önəm vermək istəyirdi. Paralel olaraq iki yerdə işləmək isə çox çətindi. Ona görə, Qurban Qurbanovu da qınamaq olmur. Çempionatda oyun gedə-gedə Qurban müəllim bilmirdi öz komandasına baxsın, yoxsa hansı futbolçunu milliyə götürmək olar fikri ilə rəqib oyunçulara baxsın. Ona görə də, bir az çətin idi. Fasilədən sonra “Qarabağ”ın əvvəlki formasına qayıdacağını düşünürəm. Qurban Qurbanovun da fikri sırf “Qarabağ”da olacaq. Mənə elə gəlir ki, komanda düzələcək.

 

- Karyeranın ən yaxşı dövründə belə, legioner həyatı yaşamaq üçün xaricə yollanmadın. Nəyə görə yollanmadın? İndi peşmansanmı?

- Təklifim yox idi. İnanın ki, xaricdən təklifim olsaydı, çıxıb gedərdim. Bu günə kimi mənim menecerim olmayıb. Ola bilər ki, ona görə xaricə çıxa bilmədim. Düzdü, eşidirdim ki, deyirlər, ordan təklif var, burdan təklif var, ancaq heç nə yox idi. Yəni hamısı söz-söhbət idi. Mənim işim onsuz da həmişə əziyyətlidi. Heç vaxt işim asan olmayıb. İşlərim hər zaman əziyyətli olub, bugünkü günümüzə də şükür.

Xəbər xətti