"Keşlə"dən Orxan Sadıqlı ilə bağlı son qərar - "Klub tapmasan, əvəzedicilərdə oynayacaqsan"

17:09 - 26 Dekabr 2018

Cari mövsümün ilk yarısını icarə əsasında çıxış etdiyi "Sumqayıt"da uğursuz şəkildə keçirən Orxan Sadıqlının başı üzərindən qara buludlar çəkilmək bilmir.

 

İcarə müqaviləsi başa çatan 25 yaşlı qolkiper "Keşlə"yə qayıdıb. Baş məşqçi Tərlan Əhmədov Sadıqlıya onun gələcək planlarına daxil olmadığını bildirib. Təcrübəli mütəxəssis qolkiperə yeni klub tapmasını tapşırıb.

 

Sportal.az saytına açıqlama verən Orxan məsələ ilə bağlı bunları söyləyib:

 

"Bu gün baş məşqçiylə görüşdüm. Mənə bildirdi ki, gələcək planlarıma daxil deyilsən, özünə yeni klub tap. Məni "Sumqayıt"a özləri göndərmişdi, ordan da əlim üzüldü. Qayıtdım komandaya və belə halla üzləşdim. Bildirdim ki, əgər klub tapmasam, komandaya qayıdacam. Geri dönəcəyim halda isə əvəzedici komandada oynayacağımı dedilər. Bu da mənim üçün problem deyil, oynayaram. Sadəcə, mənə dəqiq səbəb demirlər. Uşaq deyilik, hər şeyi görürük. Hazırda heç bir klubla danışıq aparmıram. Yanvarın əvvələrində dəqiq nəsə bilinəcək".

 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın yetirməsinin "Keşlə" ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Xəbər xətti