Adil Nağıyev: "Ayrılıq qərarı çətin oldu" MÜSAHİBƏ

12:31 - 28 Dekabr 2018

"Sumqayıt"ın yeni transferi Adil Nağıyev Sportal.az saytına müsahibə verib. 23 yaşlı müdafiəçi transferiylə yanaşı, digər suallara cavab verib.

 

- Zirə yarananda klubda çıxış edirdin. Klubda ən çox oyun keçirmiş futbolçu kimi ayrılmaq qərarı çətin olmadı?

- Sevinirəm ki, klubda ən çox oyun keçirən futbolçulardanam. "Zirə" yarandığı gündən klubda idim. Əlbəttə, qərar çətin oldu. Ancaq inanıram ki, düzgün qərar vermişəm.

 

- Bir çoxları transferini geri addım kimi dəyərləndirir. Çünki "Sumqayıt"da yalnız yerli oyunçular cəmləşib, əcnəbi futbolçular yoxdur.

- "Sumqayıt" futbol şəhəridir. Burada yaxşı yerli oyunçular cəmləşib. Legioner futbolçular "Zirə"də də var idi, amma klub sonuncu yerdədir. Legioner futbolçu bəhanə olmamalıdır.

 

- Yəqin ki, "Sumqayıt"a transferində Ayxan Abbasov amili böyükdür.

- Əlbəttə. Ayxan Abbasov yaxşı məşqçi olmaqla yanaşı, gözəl insandır. "Zirə" yaranandan birgə işləmişik. O, mənə çox dəstək olub. Ayxan müəllimdən çox şey öyrənmişəm.

 

- Klubdakı perspektivini necə görürsən. "Sumqayıt"dan milli komandaya yüksəlmək alınacaq?

- Çalışacam özümü ən yaxşı tərəfdən göstərim. İstəyirəm ki, yaxşı nəticələr qazanaq. İnanıram ki, milliyə də dəvət alaram.

 

- Belə söz-söhbət də gəzir ki, Samir Abasovun sərt xarakteri futbolçuları bezdirib. Onunla işləmək çətindir?

- Xeyr, bunlar boş söz-söhbətlərdir. Belə şey olmayıb. Samir müəllim də tələbkar məşqçidir. İstəyir ki, komandası yaxşı nəticələrə imza atsın. Onunla münasibətlərimiz qaydasında idi.

 

via GIPHY

 

 

- "Zirə" azarkeşlərinə sözün nədir?

- Onlara minnətdaram. "Zirə" azarkeşləri hər şeyin ən yaxşısına layiqdir. "Sumqayıt" da böyük futbol şəhəridir. Böyük azarkeş ordusu var. Onların dəstəyinə ehtiyacımız var. İki cəbhədə mübarizə aparırıq. İstəyirik ki, avrokuboklarda iştirak edək. Ona görə də azarkeşlərin dəstəyi lazımdır.

 

- Sən "Sumqayıt"a, Bəxtiyar Həsənalızadə isə "Zirə"yə keçdi. Bu transferdə hansı komanda qabağa düşdü: "Zirə", yoxsa "Sumqayıt"?

- Bunu zamanla görəcəyik. İndidən nəsə deməyim düz çıxmaz.

Xəbər xətti