Ozobiç: "Məni Azərbaycan millisinə çağırsalar, qəbul edərəm"

11:36 - 2 Yanvar 2019

"Çempionlar Liqasında və Avropa Liqasında kifayət qədər oyunlar keçirdik. Bir neçə cəbhədə mübarizə apardığımız üçün baş məşqçimiz heyətdə tez-tez rotasiyalar edirdik. Hələ çempionatın ilk hissəsi arxada qalıb. Ümid edirəm ki, sonda titula sahib olacağıq. Çempionatın lideri olan "Neftçi"dən 3 xal geridəyik".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Filip Ozobiç ölkəsinin mətbuatına açıqlamasında deyib. Xorvatiyalı yarımmüdafiəçi "Qəbələ"dən ayrıldığı üçün keçmiş klubundan üzrxahlıq istəyib: "Onları qoyub getdiyim üçün üzr istəyirəm. Amma bu, futboldur. Ayrılıq qərarı bir qədər üzücü oldu. "Qəbələ" rəsmiləri zarafatca məndən soruşurdular ki, nəyin çatmırdı?. Amma indi "Qarabağ"ın futbolçusuyam".

 

Futbolçu Azərbaycan yığması barədə fikirlərini bildirib: “Hazırda millinin işləri yaxşı getmir. Komandanın Millətlər Liqasının D liqasında qalması məyusluq yaradıb. Robert Prosineçkinin millinin baş məşqçisi olduğu vaxt yığma yaxşı nəticələr göstərirdi. İndi isə Kosovoya 0:4 hesabı ilə uduzdular. Azərbaycan millisinin potensialı var. Lakin Kosovoya bu məğlubiyyət onları üzdü”.

 

Ozobiç "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Azərbaycan millisindən gedişinin səbəbini bilmədiyini söyləyib: "Nəyin baş verdiyini bilmirəm. Qurban Qurbanovun "Qarabağ"dakı uğurları göz önündədir. Öz komandasını sevən, topla oyunu və matça nəzarət etməyi xoşlayan çalışdırıcıdır". 

 

27 yaşlı futbolçu Azərbaycan millisində oynamaq perspektivinə də toxunub: “Qarabağ”la müqaviləm 2+1 il müddətinədir. Əgər məni Azərbaycan millisinə çağırsalar, bu təklifi sevinclə qəbul edərəm”. 

 

Qeyd edək ki, Ozobiç Xorvatiya millisinin heyətində rəsmi oyun keçirməyib.

Xəbər xətti