Vaqif Cavadovu istəyən erməni Ayaz Quliyevi təriflədi

13:55 - 10 Yanvar 2019

Rusiyanın “Sport-Express” nəşri "Rostov"dan "Spartak"a 1 milyon avroya keçən Azərbaycan əsilli futbolçu Ayaz Quliyev barədə mütəxəssislərin fikrini öyrənib.

 

Sportal.az xəbər verir ki, "Anji"nin sabiq baş məşqçisi Aleksandr Qriqoryan da 22 yaşlı yarımmüdafiəçidən danışıb. Erməni mütəxəssis 2017-ci ildə Mahaçqala klubunda rəhbərliyi altında oynamış futbolçunu tərifləyib: "Ayaza inanmaq lazımdır, o intizamlıdır. Hərdən emosionallığı intizamsızlığa gətirir. Ancaq bu gün "Spartak"da Ayaz Quliyev kimi sürətli oyunçu varmı? Quliyev unikal futbolçudur. Müdafiədə və hücumlarda fəal iştirak edir. 4-3-3 taktikiki sxemindən danışsaq, Ayazı cinah yarımmüdafiəçisi kimi görürəm. O, özündə hücum və müdafiə keyfiyyətlərini cəmləşdirib. Ayazı ilk dəfə görəndə topla rəftarı, sürəti, driblinqi, ani qərar verməsi və komanda yoldaşlarını tez anlaması diqqətimi çəkmişdi. Mərkəz yarımmüdafiəçilərində belə keyfiyyətlərə nadir hallarda rast gəlinir. Fikrimcə, Ayazdan yaxşı istifadə edilsə, gələcəkdə Rusiya yığma komandasının üzvü olacaq".

 

AFFA-nın diqqətində olan Ayaz Quliyev 2017-ci ildə "Anji"də Aleksandr Qriqoryanın rəhbərliyi altında top qovub. Mahaçqala klubunda fəaliyyəti az olan erməni mütəxəssis 2017-ci ildə "Sumqayıt"dan ayrılan Vaqif Cavadovun transferini istəmişdi. Cavadov həmin ilin yanvarında Premyer Liqa klubundan ciddi təkli alsa da, komandanın baş məşqçisi erməni olduğu üçün təklifi rədd edərək, AZAL-a keçmişdi.

Xəbər xətti