“Voluntari” ilə 2-ci sınaq

12:30 - 18 Yanvar 2019

Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” Bakı vaxtı ilə bu gün saat 17:00-da ilk yoxlama oyununu keçirəcək. Yanvarın 15-də baş tutmalı olan Qazaxıstanın “Taraz” klubu ilə görüş əlverişsiz hava şəraiti üzündən ləğv edildiyi üçün “Voluntari” ilə qarşılaşma ilk xarakteri daşıyacaq.

 

Sportal.az xəbər verur ki, bu gün oynanılacaq görüş rəqiblər arasında 2-ci matç olacaq. Belə ki, 1 il əvvəl – 2018-ci il yanvarın 27-də də "qartallar" “Voluntari”ni sınağa çəkib. Həmin vaxt Bakıətrafı qəsəbə klubu 2 cavabsız qolla qələbə qazanıb. Rəqib qapısına Elşən Abdullayevlə Vüsal İsgəndərli yol tapıb.

 

Sabahkı matç “Zirə”nin Rumıniya klubları ilə ümumilikdə 6-cı, yoxlama oyunlarında 4-cü sınağı olacaq. İndiyədək “Zirə” bu ölkədən olan komandalarla 2 avrokubok və 3 hazırlıq matçı keçirib. 

 

2017/18 mövsümündə UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Astra” ilə görüşən klub bu iki rəsmi qarşılaşmadan sonra mübarizəni dayandırıb – 1:3, 0:0. Rumıniyalılarla səfərdəki ilk görüşdə "Zirə"dən Rəşad Sadiqov fərqlənib.

 

Rumıniyalılarla ilk yoxlama görüşü isə 2016-cı il yanvarın 22-də baş tutub. “Zirə” “Tırqu Mureş”i 1:0 hesabı ilə məğlub edib. Yeganə qola Luis Alberto Dies (Tato) imza atıb. 

 

2017-ci il iyunun 20-də isə rəqib “Vitorul” olub. Bu dəfə 1 qol “Zirə”yə kifayət etməyib. Orxan Əliyevin qol vurduğu matçda rumıniyalılar 2:1 hesabı ilə qalib gəlib. 

 

Xatırladaq, “Voluntari” ilə matç “Zirə”nin ümumilikdə Türkiyədəki toplanışlar çərçivəsindəki 20-ci yoxlama oyunu olacaq. Azərbaycan təmsilçisi “İnter”lə (indiki “Keşlə”) matçı saymasaq, 18 beynəlxalaq yoxlama görüşündə 7 qələbə qazanan “qartallar” eyni sayda məğlubiyyət alıb və 4 heç-heçə edib. 23 qol vuran zirəlilər 18 top buraxıb.

Xəbər xətti