Tərlan Əhmədov: "Onu mövsümün ikinci yarısı üçün heyətdə görmürəm" MÜSAHİBƏ

12:20 - 19 Yanvar 2019

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədovun matç.az saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis Antalya toplanışından və transferlərdən danışıb.

 

- Antalya toplanışı necə gedir?

- Toplanış proqram üzrə davam edir. Yalnız bir günün məşqində axsama oldu. Bu da hava şəraiti ilə əlaqədar idi. Yanvarın 14-də güclü külək və yağış var idi. Xahiş elədilər ki, fitness zalda məşq keçək. Qalan bütün məşqlərimiz meydançada olub və işimiz proqram üzrə gedir. Zədəlilərimiz yoxdu. Azər Salahlı da kollektivlə məşqlərə başlayıb. Formadan uzaq olsa da, komanda ilə birgə çalışır.

 

- Artıq xeyli sayda əcnəbi futbolçu ilə yollarınızı ayırıb, hələlik cəmi 1 legioner almısınız. Başqa gedən olacaqmı?

- Biz kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk. Hansı mövqedə çatışmazlığımız varsa, oranı gücləndirməyə çalışırıq. Gedənlərin hər birinə uğurlar arzulamışam. Burda qalıb uzun müddət ehtiyatda oturmaqdansa, başqa kluba keçməklə oynamaq şansı qazanacaqlar. O ki qaldı transfer məsələsinə, bu barədə danışıqlarımız olub. İki əcnəbi və iki yerli futbolçu ilə güclənməyi planlaşdırırdıq. Artıq iki yerli və bir əcnəbi ilə anlaşmışıq. Bildiyiniz kimi, Con Kamara ilə müqavilə bağlamışıq. Bir əcnəbi ilə bağlı da axtarışlarımız davam edir. "Panionios"un oyunçusu Merqim Brahimi hazırda bizdə baxışdadı. Buna baxmayaraq, çalışırıq ki, şərtlərimizə uyğun daha yaxşı futbolçu gətirək.

 

- Vaqif Cavadov və Diallo Quideleye ilə bağlı durum nə yerdədi?

- Diallo hazırda komandadadı, onunla bağlı heç bir problem yoxdu. Fərdi söhbətlərimiz olub, danışmışıq. Özünü yavaş-yavaş formaya salır. Onu heç yerə buraxmaq fikrimiz yoxdu. O ki qaldı Vaqifə, bayaq da dediyim kimi, bəzi futbolçuların ehtiyatda oturması mənim üçün ağır olur. Çünki burda oynamaq şansları minimumdu. Vaqif üçün də bir şansdı ki, özünü yoxlasın. Bəlkə hansısa klubda mütəmadi əsas heyət oyunçusu olacaq. Onun burda oynamaq ehtimalı sıfıra bərabərdi. Bu məsələyə bir daha qayıtmaq istəmirəm. Vaqifə də uğurlar arzulamışıq. Antalya toplanışında 22 futbolçumuz var. İki zədəlimiz Fuad Bayramlı və Murad Qayalı hazırda Bakıdadı. Onlar hazırda bərpa prosesi keçirlər. Vətənə döndükdən sonra bizə qoşulacaqlar. Vaqifi mövsümün ikinci yarısı üçün heyətdə görmürəm.

 

- Yayda alınan futbolçuların çoxu ümidləri doğrultmadı və bir neçəsini yola saldınız. Sizcə, bu qədər uğursuz transferlər nədən qaynaqlanır?

- Hər məşqçinin öz strategiyası var. O dövrdə olmadığım üçün nədən qaynaqlandığını bilmirəm. Həmin vaxt baş məşqçi başqa mütəxəssis olub. Niyə belə addım atdığını yalnız özü bilər. Məncə, bu suala o, cavab versə daha yaxşı olar. Ancaq yayda edilən transferlərin çoxu ilə işimizi davam etdirməliyik. Komandaya dəvət olunublarsa, deməli, onlara ümid bəslənilib. Biz də qalanlardan səmərəli istifadə etməyə çalışırıq. Deməzdim ki, uğursuz transferlərdi. Sadəcə, futbolçularda inamsızlıq var idi. Artıq gözəl kollektivimiz formalaşıb, daxili ab-hava əladı. Futbolçular onlardan nə tələb olunduğunu çox yaxşı dərk edirlər. Qarşıdakı 4 aylıq ağır marafonda bizi nələrin gözlədiyini başa düşürlər. Sadəcə, futbolçulara inam aşılamaq, dəstək vermək lazım idi. Biz də bu prosesi yavaş-yavaş həyata keçiririk.

 

- Merqim Brahimidən başqa yenə baxışa gələn olacaqmı?

- Başqa bir neçə oyunçunu da izləyirik. Görək təkliflərimizlə razılaşacaqlarmı və tələbləri bizi qane edəcəkmi? Danışıqlar gedir. Brahimi haqda bir qərar verdikdən sonra baxacağıq, görək, kimi dəvət edə bilirik. Bir oyunçuya görə tələsmək istəmirəm. Çalışırıq komandaya daha uyğun olanını dəvət edək.

 

- Hələlik yalnız Vüsal İsgəndərli, Con Kamara və Emin Mehtiyevlə anlaşmısız. Düşünmürsünüz ki, gecikirsiniz?

- Xeyr, gecikdiyimizi düşünmürəm. Bu işdə tələsmək olmaz. 3 transfer həyata keçirmişik. Bundan sonra alacağımız cəmi 1 oyunçu qalıb, onun üçün də vaxtımız var.

 

- "Keşlə" ilk qələbəni 8-ci turda qazanıb və sizin gəlişinizdən sonra sonuncu pillədən qurtulub. İkinci dövrədəki hədəf nədi?

- Mən gələnə qədər komandanın aktivində bir qələbə var idi. Çalışdıq komandanı düşdüyü durumdan, "qara zolaq"dan çıxaraq. Hədəfimiz bacardığımız qədər yuxarı pillələrə yüksəlməkdi. Bizim Avropa Liqasına vəsiqə qazanmaq, hətta mükafatçılar sırasına düşmək şansımız da var. Bundan səmərəli istifadə etməyə çalışacağıq. Bütün diqqətimizi buna yönəltmişik. Futbolçularımız da bundan xəbərdardı. Bu yolda bizi nələrin gözlədiyini hamımız bilirik. Bir daha deyirəm, hədəfimiz mükafatçılar sırasına düşməkdi. Hər halda, həyatda mümkünsüz heç nə yoxdu. Buna da nail olmağa çalışacağıq.

 

- Mükafatçılar sırasına düşməyi hədəflədiyinizi dediniz. Ancaq 3-cü yerdəki "Səbail"dən 9 xal geridəsiniz. "Keşlə"nin bu hədəfə çatması reallıq, yoxsa möcüzə olar?

- Bu, möcüzə də ola bilər, reallıq da. Düzdü, turnir cədvəlinə nəzər yetirəndə vəziyyətin o qədər də ürəkaçan olmadığını görərik. Ön pillələrdəki komandalar da mövqelərini qorumağa çalışacaqlar. Bunu bacarmağımız həm möcüzə, həm də reallıq olar. İkisini bir-birinə bağlamaq lazımdı. Bizi çox ağır iş gözləyir. Digərləri də mükafatçılar sırasına düşməyə can atacaqlar. Onlar kimi, bizim də hədəfimiz budu. Məqsədimiz çempionatda qalmaq yox, mükafatçılar sırasına düşməkdi. Bunun da öhdəsindən gəlməyə çalışacağıq.

Xəbər xətti