Şahin Diniyev: "Millimizin Avropa çempionatına vəsiqə qazanması real deyil"

16:48 - 21 Yanvar 2019

"Komitə üzvləri olaraq, hansısa namizədlərin müzakirələrində iştirak edirik. Peşəkar kayerasına, iş yerlərinə, uğurlarına, xarakterinə fikir veririk və bizim mentalitetə uyğun olub-olmayacağına baxırıq. Daha çox bunlara fikir veririk".

 

Sportal.az saytına açıqlamasında bu sözləri Məşqçilər Komitəsinin üzvü Şahin Diniyev söyləyib. Təcrübəli mütəxəssis komitəyə federasiya tərəfdən milliyə namizədlərin təqdim edilmədiyini bildirib:

 

"U-21 millisi üçün 8 namizədə baxmışdıq və Milan Obradoviçin üzərində qalmışdıq. Yığmada baş məşqçi təyinatının gecikməsinə cavab kimi komitə üzvü olaraq, nəsə deyə bilmərəm. Bizə namizədlər verilməlidir və bunu müzakirə etməliyik. Bizə də namizədlər təqdim edilməyib. Buna görə də danışmaq düzgün olmaz".

 

Federasiya ilə danışıqlar aparan bir çox mütəxəssislər təklifi geri çevirirlər. AÇ-2020-nin final mərhələsinə vəsiqə qazanmağı şərt qoyan AFFA baş məşqçilərdən "yox" cavabını alır. Azərbaycan millisində uğur qazanmaq potensialı görməyən çalışdırıcılar yığmamızı çalışdırmaqdan imtina edirlər. Yığma komandamızın keçmiş baş məşqçisi AÇ-2020-yə vəsiqə qazanmağın reallıqdan uzaq olduğunu və danışıqların buna görə yubanmasını düşünmədiyini deyib:

 

"Mən bilmirəm ki, məşqçinin qarşısına hansı şərtlər irəli sürülür. Ancaq indi məşqçi təyinatı reallaşmayıbsa, deməli, məqsəd, şərt də yoxdur. Hansısa məşqçi olsa, təbii ki, şərtsiz olmaz. Millimizi Avropa çempionatının final mərhələsinə daşımaq çox çətin məsələdir, real görünmür. Bunu siz də, biz də, federasiya da, azarkeşlər də anlayır. Danışıqların buna görə yubandığını söyləməzdim. Hazırda namizədlər yoxdur ki, onları müzakirə edək".

 

52 yaşlı mütəxəssis təyinatın gecikməsiylə bağlı bunları söyləyib:

 

"Artıq yanvarın sonudur. Fevral da qısa aydır. Seçmə mərhələyə isə çox az müddət qalıb. Martda Xorvatiya kimi komandanın qarşısına hazırlıqlı çıxmaq üçün fevralda 3-4 günlük təlim-məşq toplanışı keçmək olar, amma bu da çox az vaxtdır. Bu məsələdə tamamilə razıyam. Zamana çox az qalıb, ancaq bu məsələ bizə bağlı deyil".

 

Ölkə kənarında futbolçu və məşqçi karyerası yaşayan Şahin Diniyevin Rusiya və digər ölkələrdə yaxından tanıdığı, dostluq etdiyi futbol adamları var. Ancaq maraqlıdır ki, mütəxəssis iki övladı futbolçu olsa da, onların xarici çempionatlarda çıxış etməsi üçün cəhd etməyib. Təcrübəli mütəxəssis qış transfer pəncərəsində "Qarabağ"dan "Sabah"a keçən Coşqun Diniyevin transferi barədə də fikirlərini bölüşüb. O bildirib ki, gələcəkdə Coşqunun xaricə yollanma məsələsi olsa, bunun üçün düşünəcəklər:

 

"Coşqunun məsələsi iki saata həll edildi. Ya "Qarabağ"da ehtiyatda oturmağa davam edəcəkdi, ya da az hallarda meydanda olacaqdı. Vacib qərar verməli idi. Futbolçunun istəyi mənə vacibdir. Oynamaq istədi, "Sabah"da çıxış etməyi arzuladı. Düşünürəm ki, gələcəkdə sizin qeyd etdiyiniz yolu mütləq sınamaq lazımdır. Ancaq futbolçunu kiməsə təqdim edəndə statistikanı da verməlisən. "Qarabağ"da meydana az-az hallarda çıxmışdı. Coşqun daha çox oynamaq üçün bu gün peşəkar bir addım atmış oldu. Yanvar ayında klub tapmaqda da çətin olur. Gələcəkdə belə bir şey planda olsa, düşünməyə dəyər".

 

Mehman ƏŞRƏFOV

Xəbər xətti