Əli Hüseynov: "Stuxlik məni uzaqlaşdırmayıb, əslində, inspektor getmək istəmədim"

18:04 - 21 Yanvar 2019

Hakim-inspektorlar Komitəsinin keçmiş sədri Əli Hüseynov Sportal.az saytına açıqlama verib.

 

Hakimlər Komitəsi (HK) ilə Hakim-İnspektorlar Komitəsi (HİK) birləşdirilməsindən sonra Hüseynov işini itirdi. Yeni yaranan komitəyə isə avstriyalı Frits Stuxlik rəhbər təyin olundu. Əli Hüseynov açıqlamasında bu qərarın əvvəlcədən gözlənilən olduğunu deyib:

 

"Bu, UEFA-nın qərarı idi. Digər ölkələrdə də bu yöndə addım atılır, Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdirilir. Bu qərar da gözlənilən idi. Əlbəttə, yeni yaranan komitədə rəhbər yerli də ola bilərdi. Ancaq federasiya əcnəbiyə üstünlük verdi".

 

Yeni yaranan komitədə Əli Hüseynov yer almadı. Frits Stuxlikin Əli Hüseynovla Xaqani Məmmədovu keçmişdəki səhvlərinə görə komitədən uzaqlaşdırdığı bildirilir. Hüseynov isə bu barədə ona heç bir xəbərdarlıq edilmədiyini və oyunlara hakim-inspektor kimi getmək istəmədiyini bildirib:

 

"Əslində, belə bir şey olmayıb. Bu hal yaşsansaydı, məni xəbərdar edərdilər. Ya mesaj yazardılar, ya da e-maillə məlumatnadırardılar. Stuxliklə ilk söhbətimdə oyunlara inspektor kimi getmək istəmədiyimi dedim. Mənə təcrübəli olduğumu bildirdi və fikrimi dəyişdirmək istəsə də, razılaşmadım. Qəti şəkildə getməyəcəyimi dedim. Hansı işlərdə səhvlərimin olduğunu özü açıqlasa, daha yaxşı olardı. Çünki mənə xəbərdarlıq mesajı gəlməyib. Stuxlik bura gələndə ilk söhbətimizdə ona demişəm ki, inspektor kimi oyunlara getməyəcəm. O, fikrimi dəyişmək üçün çox israr etdi".

 

Stuxlikin gəlişindən sonra bir sıra hakim-inspektor uzaqlaşdırıldı. Avstriyalı mütəxəssis sabiq FIFA referilərinin oyunlara hakim-inspektor kimi getməyinin tərəfdarıdır. Hüseynov buna da münasibət bildirib:

 

"Stuxlikin yəqin ki, iş üslübü belədir. Ola bilər ki, UEFA da belə tələb edir. Ancaq müəyyən yerdə boşluq yaranarsa, laynsmanlar da oyunlara hakim-inspektor kimi gedə bilərlər. Əgər boşluq yoxdursa, bütün oyunlara təyinat varsa, yəqin laynsmanların başqa işə yönləndirilməsi olacaq. Hamının kənara atılması düzgün olmaz. Yəqin ki, həmin laynsmanlar da işlə təmin oluanacaqlar".

 

Mehman ƏŞRƏFOV

Xəbər xətti